Sizin reklam burada

AÇ-nin final mərhələsində BOS-da 1200 könüllü olacaq

Title
Yusif Vəliyev: “Epidemioloji durum düzəlsə, komandalar ölkə kuboku uğrunda mübarizə aparacaqlar”
Pandemiya səbəbindən AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qrupu üzrə liqaların təxirə salındığından xəbəriniz var. Artıq bir ildən çoxdu ki, Azərbaycanda uşaq futbolu pat vəziyyətindədi. Düzdü, akademiyalarda, müxtəlif adlar altında fəaliyyət göstərən futbol məktəblərində uşaqlar məşqlərini davam etdirirlər. Ancaq yarışların keçirilməməsi uşaq və yeniyetmələri də həvəsdən salır, onlar artıq eyni hazırlıq prosesindən beziblər. Çox maraqlıdı ki, AFFA yarışların keçirilməsi yönündə hələ bir qərara gəlməsə də, aşağı yaş qrupları üzrə komandalar bir-biri ilə yoxlama matçlarında üz-üzə gəlir, qüvvələrini sınayırlar. Bu yerdə ortaya sual çıxır. Pandemiyaya görə assosiasiya rəsmiləri liqaların keçirilməsində tərəddüd edirsə, yoxlama görüşləri necə baş tutur? Necə olur ki, uşaq və yeniyetmələr, demək olar, hər həftə yoldaşlıq görüşləri çərçivəsində meydana çıxa bilir, ancaq rəsmi turnirlərin təşkilinə icazə verilmir? Belə çıxır ki, COVID-19 virusu yalnız rəsmi görüşlərdə uşaqlara yoluxa bilər. Çindən bütün dünyaya yayılan zəhrimar yoxlama oyunlarında stadionlara yaxın getmir. Ən təəccüblüsü isə odu ki, ölkədə futbolun inkişafına cavabdehlik daşıyan assosiasiya bu məsələdə məsuliyyəti öz üzərinə götürməkdən çəkinir. Belə ki, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsi heç bir akademiyaya məşqlərin keçirilməsinə qadağa qoymayıb. Yusif Vəliyevin rəhbəri olduğu şöbə hər akademiyaya duruma uyğun addım atmağı məsləhət görüb. Yəni məşqləri davam etdirib-etdirməmək akademyaların öhdəsinə buraxılıb.
Xatırlayırsızsa, ötən saylarımızın birində AFFA-ya yaxın mənbəyə istinadla iyunda U-17 və U-19 liqasında çıxış edən komandalar arasında ölkə kubokunun təşkil olunacağını xəbər vermişdik. Onu da bildirmişdik ki, turnir olimpiya sistemi, yəni “uduzan çıxır” prinsipi ilə keçiriləcək və qısa müddətdə yekunlaşacaq. Həmin ərəfədə məsələ ilə bağlı Yusif bəyin fikirlərini öyrənmək istəsək də, şöbə rəisi UEFA-nın onlayn seminarına qatıldığını, suallarımza cavab verməyə vaxtının olmadığını söyləmişdi.
Dünən yenidən Yusif Vəliyevlə əlaqə saxlayıb söylənilənlərə aydınlıq gətirməsini istədik. AFFA rəsmisi yenə ənənəsinə sadiq qalaraq konkret fikir bildirməkdən çəkindi: “Bəli, belə bir planımız var. U-17 və U-19 liqalarında çıxış edən komandalar arasında ölkə kubokunu təşkil etmək istəyirik. Ancaq turnirin keçirilib-keçirilməyəcəyini indidən əminliklə söyləmək mümkün deyil. Biz bilmirik axı iyunda ölkə əraizisində pandemiya ilə bağlı durum necə olacaq? Hər şey yaxşı olsa, epidemioloji durum düzəlsə, komandalar ölkə kuboku uğrunda mübarizə aparacaqlar. Turnirdə neçə komandanın iştirak edəcəyi hələ müəyyənləşmədiyindən say barədə dəqiq heç nə deyə bilmərəm. Biz klublara mesaj göndərmişik. Hazırda yarışa qatılmaq istəyən komandaların rəhbərləri, akademiyaların əlaqələndiriciləri ilə müzakirələr aparırıq. Yəqin onlarla müzakirələrdən sonra yarışın hansı formatda keçiriləcəyi ilə bağlı ortaq məxrəcə gələcəyik. Bizim hazırladığımız layihə var, ancaq onu da məsləhətləşmək istəyirik. Gələn həftənin bazar ertəsi bu məsələ ilə bağlı sizə daha dolğun məlumat verə bilərəm”.
Onu da xatırladaq ki, Yusif bəy eyni zamanda Region Liqası üzrə İşçi Qrupun üzvüdü. Fürsətdən istifadə edib onunla söhbətdə başqa yaş qrupları arasında və Region Liqasında çempionatın keçirilib-keçirilməyəcəyinə də aydınlıq gətirməyə çalışdıq: “Hələ ki digər yaş qrupları və Region Liqası ilə bağlı heç nə planlaşdırlmayıb. Böyük ehtimalla yaxın vaxtlarda digər yaş qrupları, eləcə də Region Liqasında yarışlar başlamayacaq”.
Yuxarıda qeyd etdiyimiz kimi, bugünlərdə Vəliyevin başı qarışıqdı. O iyunda Bakıda keçiriləcək AÇ-2020-nin final mərhələsinin oyunlarında könüllülərlə iş üzrə menecerdi və bu üzdən UEFA-nın seminarlarına qatılır. Həmsöhbətimiz bu yöndə görülən və final mərhələsində könüllülərin görəcəyi işlər barədə də məlumat verdi: “Final mərhələsi üçün 2020 könüllü seçilib. İndi onlarla ümumi təlimlərə start verilib. Mayın 1-də isə onlarla onlayn formatda açılış tədbirimiz olacaq. Könüllülər ümumilikdə 24 şöbədə fəaliyyət göstərəcəklər. Müsabiqədən keçən 2020 könüllüdən 1200-ü Bakı Olimpiya Stadionunda çalışacaq. 256 nəfər şəhər əməliyyatlarında iştirak edəcək. Qalanları isə ehtiyat qüvvə kimi əvəzedici funksiyasını yerinə yetirəcək. Bildiyiniz kimi, Avropa Liqasının finalı zamanı Bakıya yaxın ölkələrdən də könüllülər gəlmişdilər. Ancaq indi pandemiya səbəbindən yalnız yerli kadrların köməyindən yararlanacağıq”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.