Sizin reklam burada

Qleyzer üzr istədi, amma azarkeş onu bağışlayacaqmı?

Title
Artıq bildiyiniz kimi, Superliqa ideyasının iflasa uğramasında premyer-liqa klublarının çərşənbə axşamı hamılıqla bu layihədən kənara çəkilməsi önəmli rol oynadı. Yerli futbol qurumunun, ictimaiyyətin və fanatların qəzəbi ilə üzləşən “Arsenal” üzrxahlıq məktubu yaydı, “Liverpul”un sahibi Con Henri üzr istədi. “Mançester Yunayed” isə klubun həmsahiblərindən Coel Qleyzerin bəyanatını yaydı: “Son günlərdə hamımız futbolun necə güclü ehtiras doğurduğunu, azarkeşlərimizin bu böyük kluba necə sadiq olduğunu gördük. Avropa Superliqasını qəbul etmədiyinizi çox aydın göstərdiz və biz sizi eşitdik. Səhv etmişik və hər şeyi düzəltməyə qadir olduğumuzu göstərmək istəyirik. Yara hələ qaysaq bağlamasa da, şəxsən mən fanatlarla etibarlı münasibətləri bərpa etmək və yaşananlardan dərs almaq üçün bütün gücümü qoyacam. Biz hələ də ona inanırıq ki, Avropa futbolunun piramidası möhkəm dayanıqlılığa malik olmalıdı, ancaq tam razıyıq ki, Superliqa bu məqsədlər üçün yaramır. Futbol üçün daha möhkəm fundament tapmağa can atarkən kök salmış ənənələrə, klubların səviyyəcə qalxma-enmə sisteminə yetərincə hörmətlə yanaşmadıq və buna görə üzrxahlığımızı çatdırırıq. MY dünyanın nəhəng klubudu və biz son günlərin narahatlığına görə üzr istəyirik. Hər şeyi düzəltmək bizim üçün vacibdi. Azarkeşlərlə yaxşı ünsiyyət saxlamalı olduğumuzu anlayırıq, çünki siz həmişə klubun ürəyi olacaqsız. Və siz əmin ola bilərsiz ki, futbolun üzləşdiyi uzunmüddətli problemlərin birgə həlli üçün başqa maraqlı tərəflərlə bütün lazımi tədbiləri görəcəyik. Məhz sizin dəstəyiniz bu klubu belə nəhəng edir. Buna görə sizə minnətdarıq”.
Qleyzerin incə ruhlu məktununa baxmayaraq, İngiltərə mediası Superliqa ideyasının alınmamasına görə bu ailənin MY-ni satmaq üzərində düşündüyünü iddia edir. Fanatlar isə mümkün satış qərarından məmmundu. Bəs mançesterli fanatlar niyə Qleyzerləri sevmir?
Birincisi, azarkeşlər, sadəcə, əcnəbi investorların MY-ni ələ keçirməsini bəyənmir. Onlar belə hesab edir ki, hazırda MY-ni bu böyük klubun dəyərlərəini bölüşməyən, ümumiyyətlə, futbolla ciddi maraqlanmayan adamlar idarə edir. İkinci məqam maliyyə ilə bağlıdı. Ailənin başçısı Malkolm Qleyzer 2005-də MY-ni alandan sonra klubu publik şirkətdən özəl şirkətə çevirib. Səhmlərin alınması üçün 800 milyon tələb olunurdu ki, Qleyzerin bu qədər pulu yox idi. Bu üzdən kredit götürməli oldu və həmin pul klubun üzərinə yükləndi. 2010-cu ildə təmiz borcu 609 milyona çatan MY çıxış yolunu Ronaldonu “Real”a satmaqda gördü. Təbii ki, bu qərar fanatları dəlilik həddinə çatdırdı. Qleyzerlərin klubu borca salması azmış kimi, onların hərəkətləri üzündən transfer büdcəsini də önəmli şəkildə azaltmaq lazım gəldi – bahalı oyunçuları almaq üçün pul yox idi.
Zamanla maliyyə vəziyyəti sabitləşsə də, Qleyzerlər hələ də MY fanatlarının gözünə düşmən kimi görünür. Fanatlar müntəzəm etiraz edir, vaxtilə özlərinin “Yunayted of Mançester” adlanan klubunu yaradıblar, günü bu gün də amerikalıların işi tapşırdığı Ed Vudvordu bacarıqsızlıqda və yarıtmaz transfer siyasətində suçlamaqla düşmənçilik edirlər. 2022-də artıq Vudvord klubda olmayacaq – bunu fanatların kiçik qələbəsi saymaq olar. MY azarkeşləri üçün daha bir sevindirici xəbər budu ki, klub rəhbərliyi 1986-2013 aralığında komandanı çalışdıran Aleks Ferqyusonun səlahiyyətlərini genişləndirməyi düşünür. Mançester təmsilçisi şotlandiyalı mütəxəssisin transfer məsələlərində daha yaxından iştirak etməsini istəyir. Rəhbərlik icraçı direktor Ed Vudvordun istefasından sonra bu fikrə düşüb. Vudvord Superliqa layihəsinin uğursuzluğa düçar olması səbəbindən vəzifəsindən ayrılıb. Yeri gəlmişkən, bu məqamla bağlı da ziddiyyətlər var. “The Telegraph” təcili istefadan xəbər verirsə, başqa qaynaqlar Vudvordun ilin sonuna qədər işləyəcəyini bildirir.
Superliqa ideyası, daha doğrusu, onun fəsadları ilə bağlı İngiltərədən başqa xəbərlər də gəlməkdədi. Premyer-liqanın rəhbərliyi “böyük altılıq” klublarının rəhbərlərinin İngiltərə futbolunun idarəçiliyindəki iştirakını məhdudlaşdırmaq niyyətindədi. “The Athletic” xəbər verir ki, premyer-liqanın baş direktoru Riçard Masters MY, MS, “Liverpul”, “Çelsi” və “Arsenal” klublarının menecerlərinə müraciət edərək, müxtəlik komitələrin tərkibindən çıxmalarını istəyib. “Qiyamçı” “6-lığ”a daxil olan “Tottenhem”in komitələrdə təmsilçisi yoxdu. Premyer-liqa rəhbərliyi həmçinin Tom Vernerlə (Liverpul) Ed Vudvordun (MY) teleyayın məsələləri ilə məşğul olan qrupun tərkibindən çıxmasını istəyir. Ümumiyyətlə, “qiyamçılar” üçün nəzərdə tutulan sanksiyalarla bağlı İngiltərədə fərqli fikirlər var. Premyer-liqa klubları qalan 14 komandadan xəbərsiz Superliqa layihəsinə qoşulmağı onlara bağışlaya bilmirsə, bəziləri də “6-lığ”ın daha sərt cəzalandırılmasının tərəfdarıdı. Yeri gəlmişkən, eyni mövqeni qitənin bəzi aparıcı klubları da bölüşürlər, yəni UEFA-nın bu 12 komandanı sərt sanksiyala məruz qoymasını istəyirlər. UEFA-nın adının açıqlanmasını istəməyən vitse-prezidentlərindən biri insayder Mohamed Buhafsiyə maraqlı fikir söyləyib: “Mümkün əlavə sanksiyaları müzakirə edəcəyik. Ancaq onların ən böyük cəzası bu biabırçılaqla yaşamalarıdı”.
Bu arada “Bavariya” və “Liverpul”un sabiq müdafiəçisi Markus Babbel də məsələyə orijinal münasibət bildirib: “UEFA gülməkdən ölür. Ancaq Çempionlar Liqasının yeni formatı da zibildi və yalnız şərti 10 klubun hakimiyyətini möhkəmlədir. Fikrimcə, biabırçı islahatdı, ancaq klubların, heç olmasa, bu turnirə idman prinsipi əsasında düşməsi mümkün olacaq”.
ORXAN
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.