Sizin reklam burada

Anatoli Nuriyev forma dəyişməyi sevmir

Title
“Əlbəttə, 15 qolluq həddi aşmaq istəyirəm”
Anatoli Nuriyev Ukraynanın “komanda1” saytına müsahibə verib. “Minay”ın 24 yaşlı kapitanı milli komandamıza üstünlük verməsindən danışıb. O, Ukrayna yığmasında ciddi rəqabət olduğundan yığmamızı seçdiyini etiraf edib. Həmkarımız yarımmüdafiəçinin birmənalı olaraq mövsümünün əsas tapıntısı adlandırıb ki, bu da səbəbsiz deyil. Belə ki, Anatoli 10 qolla mövsümün bombardirlərinin siyahısında yer alıb.
- Vurduğum qolların sayı çox ola bilərdi. Axı mən real epizodların dəyərləndirilməsi məsələsində günahsız deyiləm. Xüsusilə birinci dövrənin “Desna”ya qarşı oyununda 11 metrlik nöqtədən tiri nişan aldım. Bizdə çox şey alınırdı, rəqibdən heç nədə geri qalmırdıq. Penaltini dəqiq yerinə yertirsəydim, əminəm ki, uduzmazdıq.
- Bir bombardir kimi mövsümün əvvəlində qarşına hansı hədəfi qoymuşdun?
- 10 qol vurmağı. “Desna” ilə 22-ci turun qarşılaşmasında dubl etməklə bu hədəfin öhdəsindən gəldim. İndi əldə olunanla kifayətlənməmək lazımdı. Mənim qollarım elitada qalmaq uğrunda mübarizə aparan “Minay” üçün çox vacibdi.
- Hücumda oynamadığını nəzərə alsaq, ciddi hədəfin öhdəsindən gəldiyini düşünmək mümkündü...
- Ədalət naminə qeyd edək ki, 6 qolu penaltidən vurmuşam. Amma gizlətmirəm, komanda yoldaşlarımın zəhmətini dəqiq zərbələrlə tamamlamaq daha çox xoşuma gəlir (gülür). Necə ki, “Desna” ilə son oyunda məhz belə oldu. Rüstəm Əhmədzadə dabanı ilə mənə əla ötürmə verdi. Meydandakı mövqeyimə gəlincə, yarımmüdafiənin istənilən bölgəsində oynaya vilərəm. Halbuki hücumçuların arxasında yer almaq daha çox xoşuma gəlir.
- Yeri gəlmişkən, “Minay”ın çempionatın yaz bölümündə qeyri-sabit çıxış etməsini və çətinliklə qol vurmasını necə izah edə bilərsən?
- Qış fasiləsində heyətdə çox dəyişiklik baş verdi. Yenilərin uyğunlaşması üçün isə zaman lazım idi.
- “Minay”ın ən məşhur transferi Artyom Milevski haqda nə deyə bilərsən?
- Artyom hələ ki məhsuldar oyunu ilə diqqəti çəkməsə də, “Minay” üçün vacib oyunçudu. Həmişə lazım olan məqamda faydalı məsləhət verir, məşqlərdə tam gücü ilə çalışır. Bunu da qiymətləndirmək lazımdı.
- Mövsümün bahar hissəsi həmçinin Azərbaycan milli komandasında debütünlə əlamətdar oldu…
- Açığı, özümü beynəlxalq arenada sınamağı çox istəyirdim. İlk dəfə bir il əvvəl Azərbaycan millisində oynamaq fürsətimin olduğunu öyrəndim. Ata tərəfdən Azərbaycan köklərim var. Karpat futbolunun yetirməsi kimi həmişə Ukrayna yığmasında oynamaq istəyirdim. Ancaq mən həmişə realist olmuşam və başa düşmüşəm ki, Andrey Şevçenkonun komandasında ən gərgin rəqabət yarımmüdafiəçilər arasındadı. Azərbaycan millisini seçməmişdən əvvəl komandanın baş məşqçisi Canni de Byazi ilə iki dəfə görüşdüm və mənə etibar etdiyini söylədi. İtalyan mütəxəssisin məhz bu etimadı mənim üçün kifayət etdi. Martdakı fasilə zamanı Azərbaycan millisində üç oyun keçirdim. Əvvəlcə dünya çempionatının seçmə mərhələsində Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliya, daha sonra Qətərlə yoldaşlıq görüşündə və nəhayət, Serbiya ilə oyunda. Balkanlarla matçda 1 xal qazanmağa yaxın idik, amma bəxtimiz gətirmədi. Yenə də ümid edirəm ki, qazandığım beynəlxalq təcrübə bu yaxınlarda müqaviləmin müddətini 1 il uzatdığım “Minay”da mənim üçün faydalı olacaq.
- Bəs Portuqaliya və Serbiyaya qarşı oyunlardan sonra ulduz futbolçularla forma dəyişmək imkanın olmadı?
- Bununla maraqlanmıram. Üstəlik, mənim idman muzeyim yoxdu (gülür).
- Ukrayna premyer-liqasının ən yaxşı bombardiri olmaq şansını necə qiymətləndirirsən?
- Əlbəttə, 15 qolluq həddi aşmaq istəyirəm. Amma bunu bacarmasam, qorxulu heç nə baş verməyəcək. Əsas olan elitada yerimizi qorumaqdı. Qarşıda “Minay”ı 5 final gözləyir.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.