Sizin reklam burada

Stadnik və Bədəlov

Title
Ötən yazımda “Neftçi”in yaponiyalı futbolçusu Keysuke Hondanın “Bakcell Arena”nın VİP tribunasına qonaq dəvət etməsi barədə yazmışdım. Faktın özü xeyli acıdı. Adının qarşısına peşəkar sözünü yazan klub da, futbolçu da, Azərbaycan premyer-liqasının təşkilinə cavabdeh olan qurum da bu yazıdan sonra hərəkətə keçməli, problemin harda olmasını axtarmağa başlamalı idi. Mən iddia etmirəm ki, onlar hamısı səhvdi. Bəli, bütün normal insanlar kimi, mən də səhv edə bilərəm. Bəlkə PFL-in Azərbaycan premyer-liqasının Əsasnaməsinə etdiyi əlavələrdə hansısa nüansı, vacib bir açıqlamanı qaçırmışam. Yaxın dostlarım bilir, mən futboldan yazmaqla yanaşı, başqa fəaliyyət növləri ilə də məşğul oluram. Allahın mənə verdiyi güc və enerjinin sayəsində özümə, ailəmə halal çörək qazanmaqla başqalarına möhtac olmamağa çalışıram. Buna görə də ola bilər ki, bəzi məqamlarda hansısa məqamları qaçıra bilərəm. Amma bu halın özü belə, nə “Neftçi”ni, nə onun yaponiyalı ulduzu Keysuke Hondanı və ən əsası Azərbaycan premyer-liqasının təşkilinə məsul olan PFL-i məsuliyyətdən xilas edir. Mən sadə bir azarkeş və ya futbol yazarı kimi hələ də başa düşə bilmirəm ki, nə üçün “Neftçi” – “Zirə” qarşılaşmasında Keysuke Honda VİP tribunada qonaqlarını qarşılaya bilir, amma klublarımızın sadiq azarkeşləri Sevinc Məmmədova, Vüqar İsayev, Sübhan və ya Zamin Əliyev öz komandasının oyununu tribunadan izləyə bilmir? Bu müəmmanın səbəbi mənə izah olunana qədər nə fani dünyamızda, nə də Azərbaycan çempionatında haqq və ədalətin var olduğuna inana bilmərəm.
Yazımın bu yerində güləşçi Mariya Stadnikin 8-ci dəfə Avropa çempionu adını qazanması haqda xəbərləri oxuyuram. Əslən Ukraynadan olan, ikiqat dünya və yeddiqat Avropa çempionu qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb. Sevindirici haldı ki, Azərbaycanı təmsil edən Mariya final qarşılaşmasında qalib olub və ölkəmizə Avropa çempionatından qızıl medal gətirib. Təbii ki, bu qızıl medal Azərbaycanın hansısa ucqar kəndində oturan istedadlı bir qızın güləşlə məşğul olmasına, gələcəkdə qitə və dünya çempionatlarında iştirak etməsinə səbəb olmayacaq. Azərbaycan xalqının özünəməxsus aləmi, milli mentallığı var. Bu gedişlə illər sonra da qadın güləşində bizi ukraynalı, gürcüstanlı, dağıstanlı xanımlar təmsil edəcək. Kişilərlə bağlı problemimiz xirtdəyə qədərdi. O ki qala qadınlarla bağlı ola. Mən də bu yazımı azərbaycanlıların mentallıqla bağlı çəkdiyi əziyyətlərə, uşaqların üzləşdiyi qadağalara çəkmək fikrinə deyiləm. Acı faktlar qarşımızdadı. Diqqətimi cəlb edən məsələnin digər tərəfidi. İllərdi idman dövləti adını qazanmağa, daha doğrusu, o adı doğrultamağa xeyli vəsait sərf edən ölkəmizdə hələ də qadınları idmanın müxtəlif növlərinə cəlb etmək, kütləvilik yaratmaq mümkün olmayıb. Koronavirus pandemiyasının gətirdiyi qadağalar da bu yolda bəhanəyə çevrilib, idman zallarının, üzgüçülük hovuzlarının bağlanması minlərlə ailə üçün problem yaradıb. Bu problemin fəsadlarını illərlə hiss edəcəyik. İndiyə qədər bu mövzuda qələmə aldığım yazılarda da problemin dərinliyinə diqqəti çəkməyə çalışmışam.
Amma bugünkü yazımda sözümün canı başqadı. Mariya Stadnik 8-ci dəfə Avropa çempionu oldu. Onun finalda yendiyi bolqarıstanlı Miqlena Selişka da yetərincə tanınmış pəhləvandı. Heç kim şübhə etməz ki, Stadniklə Selişkanın indiyə qədər idmandan qazandığı maddı qazanc böyük olub. Halal xoşları olsun. Hər ikisi yetərincə zəhmət çəkib və o zəhmətin qarşılığında maddi qazanc da əldə ediblər. Sözsüz ki, nəticələr təkcə zəhmətin yox, tanrının onlara verdiyi istedadın sayəsində qazanılıb. Lakin bir nlıq təsəvvür edək ki, onlar birinci, yaxud da ikinci çempionluqlarından sonra qazandıqları mükafatlarla, maddiyyatla kifayətlənərdilər və qərar verərdilər ki, idman rejimindən əl çəkirlər. Bunun nə ilə nəticələnəcəyi məlum məsələdi. Məşqləri saxlayan, rejimə əməl etməyən idmançının nə titul, nə də pul qazanmaq şansı var. Bir halda ki, Stadniklə Selişka dəfələrlə mötəbər turnirlərdə uğurla çıxış ediblər, deməli, bu xanımlar idmançı kimi öz peşələrinə, prinsiplərinə xəyanət etməyiblər. Sözün qısası, daim yüksəklikdə olmaq uğrundə öz canlarına əziyyət veriblər.
El dili ilə desək, sağ əlləri bizim kişi cinsindən olan futbolçularımızın başına. Elvin Bədəlovu hamımız tanıyırıq. Tanımayanlar da millimizi Serbiya ilə qarşılaşmasından sonra yaxşı tanıdılar. Onun hansı keyfiyyətlərinə görə yığmaya çağrılması onsuz da mübahisə mövzusu idi. İddia olunurdu ki, Bədəlovun dəvət almasında əsas səbəb onun hansısa fərdi keyfiyyətləri yox, “Sumqayıt”da çıxış etməsidi. İndi həmin Bədəlov deyir ki, bizim futbolçuları sındırdıqlarına görə biz də başqalarını sındıra bilərik. Şəxsən mən indiyə qədər “Qarabağ”ın futbolçularının kimisə qəsdən zədələdiyini eşitməmişəm. Heç Bədəlovun da belə hünər sahibi olduğunu bilmirdim. Bundan sonra bilərəm. Amma arzum odu ki, Serbiya ilə oyunda futbolçu kimi “səviyyəsini” ortaya qoyan Elvin gələcəkdə bizi uğurları ilə sevindirsin.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.