Sizin reklam burada

Dənizləri, reysləri səhv salan həmkarımız

Title
Ruslan Mikayıllı: “Təkcə Belçika istehsalı olan şampanın bir dənəsi 400 avro imiş”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salır, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı azərisport.az saytının baş redaktoru Ruslan Mikayıllıdı. Hazırda müvəqqəti olaraq Moskvada yaşayan Ruslan bəy ötən illər ərzində başına gələn ən maraqlı hadisələri bizimlə bölüşdü.
“Məndə bu qədər pul yoxdu, nə istəyirlər, etsinlər”
2008-ci ildə futzal çempionumuz “Araz”la Çempionlar Liqası çərçivəsində Xorvatiyanın paytaxtı Zaqrebə yollanmışdım. Biz məskunlaşdığöımız oteldə ukraynalı tenor da qalırdı. Onlar da Xorvatiyaya qastrola gəlmişdilər. Elə alındı ki, onunla tanış olduq. Opera müğənnilərinin özünəməxsus qəribə xasiyyətlərinin olduğunu hər kəs bilir. Bir-iki gün ukraynalı opera müğənnisi ilə oturub-durduq, müəyyən mövzular haqda söhbət etdik, mədəniyyətdən, siyasətdən danışdıq, dünya idmanında başverənləri müzakirə etdik. Üçüncü gün axşam yeni dostum “gəl, bu axşam bir yerdə şam edək” deyib, məni Zaqrebin ən dəbdəbəli restoranlarından birinə dəvət etdi. Təbii ki, onun dəvətini qəbul edib, axşamtərəfi vədələşdiyimiz yerdə görüşüb yollandıq restorana. Onu da qeyd edim ki, tenor yeməyə tək gəlməmişdi. Özü ilə bir neçə qız dostunu da gətirmişdi. Həmin vaxt spirtli içki içməsəm də, yeni dostlarım içkilərin qiymətləri ilə maraqlanmadan birucdan içki sifariş edir, boş butılkaları yan-yana düzürdülər. Məclisimiz uzun çəkdi, xeyli danışıb-güldük, rəqs etdik. Məqam yetişdi, ofisiantdan hesabı gətirməsini istədik. Qəbzi görəndə gözlərim kəlləmə çıxdı. Yemək-içməyimiz 2000 avro etmişdi. Təkcə Belçika istehsalı olan şampanın bir dənəsi 400 avro imiş. Bunlar da 4 şampan içmişdilər. Tenor dostum hesabla tanış olanda bir qədər duruxdu və üzünü ofisianta tutaraq “siz burda müştəriləri soyursuz, bizdə bu məbləğə 50 nəfər ürəyin istəyən kimi yeyib-içib dincələr” kimi sözlər deyib, qışqır-bağır salmağa başladı. Biranlıq öz azərbaycanlılarımız yadıma düşdü. Adətən, bizdə də hansısa restoranda hesab gözləniləndən artıq olanda, bizimkilər də eyni fikirləri səsləndirirlər. Nə isə, ukraynalı tenorun haray-həşirinə görə restoranın mühafizəçisi yaxınlaşdı və bildirdi ki, istənilən halda hesab ödənilməlidi. Onu da əlavə etdi ki, əks halda siz bunun əziyyətini çəkəcəksiz. Dostum və yanındakı qızlar kefli, mən ayıq. Onlar bəlkə də döyülməyi göz önünə gətirmirlər, mən yazıq isə artıq hər şeyi “ölçüb-biçmişəm”, necə deyərlər, gözümün altının qaraldığını düşünürəm, dəyən yumuruqları gözümün önünə gətirirəm. Mühafizəçiyə də baxanda adamı vahimə bürüyürdü. O vaxta kimi mən belə nəhəng adam görməmişdim. Yumruğu az qala başım boyda idi. Gördüm bu işin axırı yaxşı qutarmayacaq, başladım yeni dostumu sakitləşdirməyə. O isə “məndə bu qədər pul yoxdu, nə istəyirlər, etsinlər” deyib, hesabı ödəməyəcəyini bildirirdi. Birtəhər ikimizin üstündəki pulu toplayıb restoranın hesabını ödədik və oranı tərk etdik. İndi yolboyu mənə “sən mənim qardaşımsan” söyləyir, boynumu qacaqlayır, könlümü almağa çalışırdı. Mən isə ürəyimdə “nə qardaş, belə qardaşlıq olar? Məni restorana dəvət edir, hesabın yarısını da mənə ödətdirir. Olmaz belə qardaşlıqdan” düşünürdüm. Ertəsi onu uzaqdan görəndə oteldə yolumu dəyişirdim ki, çaşıb axşam məni yenə harasa dəvət edər.
“Ölü dəniz hara, bura hara?”
Bir dəfə milli ilə İsrailə yollanmışdım. Səfərə məndən başqa da media nümayəndələri getmişdi. Qaldığımız otel dəniz kənarında yerləşirdi. Bilirdim ki, Ölü dənizin dalğaları İsrail sahillərini yuyur, onu da bilirim ki, bu dənizdə üzməyi bilməyən adam belə rahat çimə bilər. Çünki su o qədər duzludu ki, orda batmaq qeyri-mümkündü. Ora çatdığımız günün ertəsi dənizə getməyə qərar verdim. Özlüyümdə “dostlar arasında söhbət düşəndə “mən də Ölü dənizdə çimmişəm” deyə bilərəm düşüncəsi ilə üz tutdum çimərliyə. Suya girəndən bir müddət sonra gördüm su məni aparır. Üzməyi bacarsam da, artıq boğulmaq təhlükəsi ilə üz-üzə idim. Yaxşı ki, yanımda bizimlə səfərə yollanan ANS-in Azər adlı əməkdaşı var idi. O gördü ki, artıq suyun altına gedirəm, cəld tərpənib mənə yardım etdi və böyük çətinliklə bir yerdə sahilə çıxa bildik. Həyatımda ilk dəfə real ölümlə üz-üzə gəldim. Hava isti olsa da, həyəcandan əsirdim. Birtəhər otelə gəlib başıma gələnləri uşaqlara danışdım və onu da dedim ki, “bəs deyirdilər Ölü dənizdə adam boğulmur”. Yanımdakılar əvvəlcə nə demək istədiyimi başa düşmədilər. Birdən aralarından kimsə “nə Ölü dəniz? Ölü dəniz hara, bura hara?” dedi. Mən də “necə yəni nə Ölü dəniz, bəs mən çimdiyim yer hansı dənizdi” sualını verdim. Həmin yoldaş “Ölü dəniz İsrailin başqa tərəfindədi, bura Qırmızı dənizdi” söyləmişdi ki, utandığımdan qıpqırmızı oldum. Dənizləri səhv salmağım az qala həyatım bahasına başa gələcəkdi.
“Lobbidə çantamı ortaya qoyub başına pərvanə kimi dolanırdılar”
Yığma komanda Millətlər Liqasının oyunu üçün Kosovoya yollanmışdı ki, onlarla bir yerdə bir qrup jurnalist də səfərə çıxmışdı. Matç başa çatandan sonra mətbuat konfransı üçün konfrans salonuna düşdük. Çantanı stulların birinin üstünə qoyub, tualetə getdim. Geri qayıdanda gördüm çanta yoxdu. Onun da içində kompüterdən başqa cüzdanım, xarici pasportum və başqa şəxsi ləvazımatlar var idi. Ora-bura vurnuxsam da, çantanı tapa bilmədim. Sanki yağlı əppək olub yoxa çıxmışdı. Məsələnin belə olduğunu görüb yerli polisə şikayət etdim. Ancaq onlar yalandan mənə “taparıq” desələr də, gördüm heç bir axtarış tədbiri görmürlər. Olaydan xəbərdar olan AFFA rəsmiləri, başda Elxan Məmmədov olmaqla, yerli federasiyanın əməkdaşlarına çantanın oğurlandığını bildirdilər və məsələnin həll olunmasını istədilər. Məhz onların müdaxiləsindən sonra kameralara baxış keçirildi və orda göründü ki, kimsə zala daxil olur, çantanı götürərək aradan çıxır. Üstündən bir saatdan artıq vaxt keçmişdi ki, məni otelə dəvət etdilər və bildirdilər ki, çantan tapılıb. Otelə çatanda Kosovo Futbol Federasiyasının, demək olar, bütün əməkdaşlarının orda olduğunu gördüm. Maraqlıdı ki, lobbidə çantamı ortaya qoyub başına pərvanə kimi dolanırdılar. Məni görüncə, “bu da sizin çantanız” deyib, içindəkilərin yerində olub-olmadığını yoxlmağımı xahiş etdilər. Ancaq onu kimin götürdüyünü, yəni oğrunun kim olduğunu demədilər. Qısa təftişdən sonra “hər şey burdadı” deyib, təşəkkür etdim. Ordan məni hava limanına gətirdilər və məlum oldu ki, həmkarlarımla yanaşı, yığmanın üzvləri də iki saatdan çox təyyarənin salonunda məni gözləyiblər.
“O qədər həyəcanlı idim ki, ikisinin şəklini azı 20 dəfə çəkdim”
Telekanalların birinin əməkdaşı ilə millinin Avstriyadakı təlim-məşq toplanışından qayıdırdıq. Əvvəlcə Vyanadan İstanbula gəldik və orda bir neçə saat gözləyəndən sonra Bakıya uçmalıydıq. Bakı reysinə xeyli vaxt qaldığından həmkarımızla hava limanında gəzməyi lazım bildik. Bir qədər dolaşandan sonra birdən Türkiyə futbolunun tanınmış simalarından biri olan Hakan Ünsalla qarşılaşdıq. Hakan da mənim Türkiyənin “qızıl nəsli”nin futbolçuları arasında ən çox bəyəndiyim oyunçu idi. Ona xüsusi simpatiyam var idi. Həmkarım təklif etdi ki, onunla şəkil çəkdirək. Məni tanıyanlar bilir ki, kimliyindən asılı olmayaraq, şəkil çəkdirməklə heç aram yoxdu. Ancaq Ünsala rəğbətim olduğundan, təklifi məmnuniyyətlə qəbul etdim. Onunla görüşüb tanışlıq verdik. Bir neçə dəqiqə ayaqüstü söhbətdən sonra şəkil çəkdirmək istədiyimizi bildirdik və o da razılaşdı. Öncə telekanaldan olan həmkarım onunla yanaşı durdu və onları telefonun yaddaşına köçürdüm. O qədər həyəcanlıydım ki, ikisinin şəklini azı 20 dəfə çəkdim. Fotosessiya qurtardı və Ünsal bizimlə sağollaşıb uzaqlaşdı. Bir-iki addım atmışdım, birdən yadıma düşdü ki, mən Hakanla şəkil çəkdirmədim. Geri dönəndə gördük o artıq həmin yerdə yoxdu. O qədər həyəcanlanmışam ki, şəkil çəkdirməyi belə unutmuşam. Bu günə kimi yeganə simpatiya bəslədiyim futbolçu ilə şəkil çəkdirmədiyimə görə heyifsilənirəm.
“Divarda gördüyüm yazı məni biranlıq çaşdırdı”
Yığma yoldaşlıq görüşü üçün Qazaxıstana yollanmışdı. Səhv etmirəmsə, Qurban Qurbanovun millinin baş məşqçisi kimi debüt qarşılaşması idi. AFFA Qazaxıstana jurnalist aparmadığından Astanaya redaksiyanın hesabına yollanmaq qərarı verdik və elə məsləhət oldu ki, mən gedim. Onlayn qaydada bilet sifariş etdik və gedib-qayıtma tarixlərini bildirdik. Çox keçmədən elektron ünvana bilet gəldi. Deyilən tarixdə hava limanına yollanıb reysi gözləyirdim ki, gördüm məlumat bürosunda Qazaxıstan yazıldı və mən heç nəyə fikir vermədən təyyarədə yerimi tutdum. Uçuş zamanı heç bir problemlə üzləşmədim, hər şey qaydasındadı. Təyyarə eniş edib hava limanına yaxınlaşanda divarda gördüyüm yazı məni biranlıq çaşdırdı. Hava limanının üzərində Astana əvəzinə Almatı yazılmışdı. Gözlərimə inamadım və yanımda oturandan ora nə yazıldığını soruşdum. O da elə bildi ki, oxumağı bacarmıram, bu üzdən soruşuram. Qayıtdı ki, Almatı. Sən demə, bilet aldığımız şirkət şəhərləri səhv salıb və mən də biletə fikir vermədən təyyarəyə oturmuşam. Təyyarədən düşüb gözləmə zalına keçdik. İndi məni tər basıb ki, bunun axırı necə olacaq? Oyun Astanada, mən də Qazaxıstanın köhnə paytaxtında. Redaksiya ilə əlaqə saxlayıb durumu izah edəndə dedilər ki, ordan da Astanaya uç, başqa yolu yoxdu. Yaxşı ki, iki saatdan sonra Astanaya reys var idi. Yoxsa oyuna çata bilməyəcəkdim və biletə verdiyimiz pul da havayı gedəcəkdi. Geri qayıdanda da yenidən bilet alıb birbaşa Astanadan Bakıya uçdum.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.