Zlatan İbrahimoviçin məsələsinə aydınlıq gəlib. Təcrübəli futbolçu “Milan”la müqaviləsini yeniləyib.
Bu barədə italiyalı jurnalist Fabritsio Romano şəxsi “tvitter” səhifəsində yazıb. O, oktyabrın 3-də 40 yaşı tamam olacaq isveçli hücumçu ilə yeni - birillik müqavilə imzalandığı və onun illik qazancının 7 milyon avro olacağını qeyd edib. Daha əvvəl “Milan”da 2010-12-ci illərdə çıxış edən Zlatan İtaliya klubuna 2020-ci ilin yanvarında qayıtmışdı. O, bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 24 oyunda 17 qol vurub.
***
Aquero “Barselona”da Messi ilə birgə oynamaq istəyir
Serxio Aqueronun “Barselona” ilə danışıq apardığını xəbər vermişdik. Bir neçə həftə əvvəl mövsümün sonunda “Mançester Siti”dən ayrılcağı açıqlanan argentinalı futbolçu İspaniya klubu razılığa gəlib.
“As” nəşri tərəflərin ikiillik müqavilə ilə bağlı razılığa gəldiklərini xəbər verib. Ancaq Aquero qarşı tərəfə bir şərt irəli sürüb. O, Kataloniya klubu ilə həmyerlisi Lionel Messi komandada qalacağı halda müqavilə bağlayacağını bildirib. Argentina millisində komanda yoldaşı olan futbolçuların uzunmüddətli dostluq münasibətləri var. Bu səbəbdən Serxio Messi “Barselona”dan ayrılacağı halda bu kluba keçmək istəmir. Bilindiyi kimi, Lionelin “Barselona” ilə müqaviləsinin müddəti mövsümün sonuna qədərdi və hələlik tərəflər yeni anlaşma ilə bağlı razılıq əldə etməyiblər.
Yeri gəlmişkən, İspaniya klubu ilə komandanın kapitanı arasında yeni müqavilə üzrə danışıqların mövsüm sona çatandan sonra başlayacağı gözlənilir. Bu haqda “Cadena COPE” radiostansiyası xəbər yayıb. 33 yaşlı hücumçunun atası və meneceri Xorxe Messi ondan sözləşmənin yenilənməsi üçün mövsümün sonunadək danışıqlara başlamamağı istəyib. Xorxenin hazırda Kataloniyanın paytaxtında olduğu bildirilir.
Ulduz futbolçu özü isə indi bütün diqqətini komandanın mübarizə apardığı yarışlara yönəldib. “Barselona” ilə İspaniya kubokunun qalibi olan Messi La Liqanın da çempionu adını qazanmaqla 2020/21 mövsümünü “qızıl dubl”la başa vurmaq istəyir. Onun klubun prezidenti Xuan Laporta ilə yaxşı münasibəti var. İddiaya görə, onlar bir müddət əvvəl yeni müqavilə ilə bağlı qeyri-rəsmi danışıq aparıblar. Ancaq Messi indiki məqamda yalnız komandaya çempionluq yolunda yaxından kömək etmək haqda düşünür.