Sizin reklam burada

Anyelli Superliqanı qanuni layihə sayır

Title
“15-24 yaş aralığında olan kişilərin 40 faizi futbolla maraqlanmır”
Son günlər onun başı yaman ağrıyır. Avropa Superliqası layihəsinin qurucularından olan Andrea Anyelli futbol ictimaiyyətində ən çox tənqid olunan funksionerlər sırasındadı. Yeni turnirin bəyan edilməsindən iki gün sonra fəaliyyətini dayandırması bir sıra həmkarları kimi, onun da imicinə böyük zərbə vurub. Bəzi mənbələr Anyellinin “Yuventus”un prezidenti vəzifəsindən getmək qərarına gəldiyini iddia edirdi. 45 yaşlı funksioner “Corriere dello Sport” və “La Repubblica” qəzetlərinə açıqlamalarına məhz bu iddianı təkzib etməklə başlayıb.
* Klubu tərk etmirəm. Kim bunun əksini iddia edirsə, mənə uğur gətirir.
* Avropa Superliqası layihəsi qanunidi. Biz Avropa İttifaqı ərazisində qazandığımız azadlıqdan istifadə edirik. Müasir futbol böyük böhran yaşayır, bu vəziyyət isə yeni nəslə mənfi təsir edir. Stadionların artıq bir ildi azarkeşlərin üzünə bağlı olması da təsir edir. Hazırda 15-24 yaş aralığında olan kişilərin 40 faizi futbolla maraqlanmır. Bütün dünyada azarkeşlərin 1/3-i azı iki klubun oyunlarını izləyir və bu klublar əksər hallarda Superliqanın təsisçiləri sırasından olur. Dünya əhalisinin 10 faizi yalnız bir futbolçunun oyununu izləyir və onları klublar maraqlandırmır. Əhalinin 2/3-si futbola, sadəcə, hadisələrdən xəbərdar olmaq və başqalarından kənarda qalmamaq üçün tamaşa edir.
* Superliqa layihəsi İngiltərənin 6 klubunun geri çəkilməsindən sonra reallaşa bilərdi? Düzünü desəm, yox. Bu turnir ingilislərsiz mümkün ola bilməz.
* Mən bu layihənin gözəlliyinə əvvəlki kimi əminəm. Futbol sisteminə bəxş edə biləcəyi dəyərini çox yaxşı anlayıram. Superliqa dünyanın ən yaxşı turniri ola bilərdi. Amma alınmadı. Bu layihənin indi işlədiyini düşünmürəm. 6 komandadan ibarət turnir - bu mümkün deyil...
* Son 24 saatda mənimlə turnirə qoşulmaq perspektivi ilə maraqlanan neçə klubun təmas qurduğunu deməyəcəyəm. Ola bilsin, yalan danaşıblar, amma mənə müraciət edən müəyyən sayda klub olub. Onların rəhbərləri Superliqaya qatılmaq üçün nə etməli olduqlarını və nələrin tələb olunduğunu soruşublar. İş hətta o yerə çatmışdı ki, İngiltərənin 6 klubunu cəzalandırmaq lazım gələcəyi halda yaranacaq vəziyyətin premyer-liqa üçün böyük təhlükə olacağı deyilirdi. Belə halda isə siyasətçilər Breksitə və onların siyasətinə hücumun şahidi olacaqdılar.
* Klubların Superliqaya daxilolma metoduna görə təəssüflənirəm? Mənə təşkilatların belə layihələr zamanı üstünlük verdikləri digər metodlar haqda danışsanız... Bu məsələdə kiminsə razılığını almağa başlasaydız, fikrimcə, belə turnirin təşkili mümkün ola bilməzdi. Tərəflər arasında əlaqələr mövcuddu. Münasibətlərin müəyyən vaxt keçdikcə necə dəyişdiyini görmüşəm. Bəzi adamların bir-biri ilə münasibət qurmağa açıq olacağına qəti əminəm. Ümumiyyətlə, bizim sənayedə kiməsə etibar etməyin mümkün olduğunu düşünmürəm. Çünki bu sahədəki münasibətlər səmimi və ümidverici deyil.
* UEFA və FİFA bizim hüquqlarımızla işləyir, onları satır, gəlirin necə bölünəcəyinə qərar verir və bizi idarə edir. Onlar bizim rəqiblərimizdi. FIFA və UEFA futbolçularımızdan böyük gəlir əldə edir. Lakin bu təşkilatlar pandemiyanın yaratdığı böhran zamanı bizə kömək etmədilər. Belə olan surətdə iki yoldan birini seçməlidilər: onlar ya bizi idarə etməli, ya da kommersiya təbliğatçıları kimi qalmalıdılar.
* FİFA, UEFA və dövlət orqanları ilə açıq dialoqu dəstəkləyirik. Niyyətimizin həyata keçməsi üçün etdiklərimiz qanunidi. Almaniyada “Bavariya” ardıcıl 8 dəfə çempion olub. Fransada hegemoniya, İspaniyada duopoliya vəziyyətidi. İtaliyada isə “Yuventus”, “Milan” və “İnter” son 100 ildə ümumilikdə 80 dəfə skudetto qazanab. Kiçik klubların ambisiyaları aydın məsələdi, axı statistika da var.
* Gənc nəsil əhəmiyyətli hadisələri izləməyi xoşlayır. Bu nəslin nümayəndələri əvvəlki və mənim də daxil olduğum nəsil kimi daxili yarışlara çox da bağlı deyillər. Superliqa gəncləri cəlb edən FİFA, “Fortnite” və “Call of Duty” üzrə yarışların rəqəmsal platformalarının təqlididi.
* Kriştiano Ronaldonu “Yuventus”a gətirdiyim üçün heç vaxt peşman olmamışam. Keçmişə qayıda bilsəydim, bu transferi yenidən həyata keçirərdim. Andrea Pirlonun baş məşqçi vəzifəsinə təyinatına görə də peşman deyiləm.
RAMİL YUSİFOV hazırladı
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.