Sizin reklam burada

“Zirə” əzmkar qələbə ilə finala bir addım yaxınlaşdı

Title
Ölkə kuboku, yarımfinal, ilk oyun
10. Keşlə - Zirə 1:2 (1:0)

85. Kamal Bayramov
19. Azər Salahlı
3. Tərlan Quliyev (k)
4. Şəhriyar Əliyev
99. Rafael Məhərrəmli
25. Con Kamara
(29. Yevgeni Koçuk, 40/
11. Silvio Rodriges, 81)
7. Rəhman Hacıyev
(17. Vüsal İsgəndərli, 62)
91. Sadio Tounkara
8. Tural Axundov
10. Sezar Meza Kolli
9. Anatole Abanq
Ehtiyat oyunçular
36. Süleyman Süleymanov
18. Ruslan Əmircanov
2. İlkin Qırtımov
20. Rail Məlikov
23. Nicat Qurbanov
22. Elçin Mustafayev
14. Turan Vəlizadə
79. Bahadur Həziyev
64. Kənan Cəfərov
Baş məşqçi: Sənan Qurbanov

1. Mateus Albino
32. Qismət Alıyev
44. Dmitrios Çantakias
26. Nemanya Andelkoviç
(12. Lazar Corceviç, 74)
2. Sərtan Taşkın
30. Riçard Almeyda
(4. Elvin Camalov, 78)
10. Ağabala Ramazanov (k)
21. Hacıağa Hacılı
11. Klesio Bauk
(8. İlkin Muradov, 66)
17. Rodriqo Bonqonqui
9. Davit Volkov
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
91. Ruslan Qurbanov
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
14. Fakundo Melivilo
7. Tural Bayramlı
29. Musa Qurbanlı
77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov
Qollar: S.Tounkara, 45+2 (1:0). R.Bonqonqui, 57 (1:1, A.Ramazanov). N.Andelkoviç, 62 (1:2, A.Ramazanov).
Vərəqələr: A.Ramazanov, 17 (qeyri-idman hərəkəti). C.Kamara, 33 (qeyri-idman hərəkəti). R.Hacıyev, 45 (hakimin qərarına etiraz). R.Almeyda, 72 (qeyri-idman hərəkəti). İ.Muradov, 90+1 (hakimin qərarına etiraz). Ş.Əliyev, 90+4 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: KAMAL UMUDLU, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
21 aprel. Bakı. ASK Arena. Tamaşaçısız.
Birinci hissəyə 3, ikinciyə hissəyə 5 dəqiqə əlavə olunub.
Yarımfinal mərhələsi iki oyundan ibarətdi deyə, kimsə komandaların ehtiyatlı oyun nümayiş etdirəcəyini düşünsə də, heç də belə olmadı. Derbiyə “Zirə” daha istəkli başladı. Premyer-liqanın son turunda “Neftçi”yə 0:4 hesabıyla məğlub olan “qartallar” meydana ideal “11-lik” ilə çıxmışdı. Rəşad Sadıqov ənənəsinə sadiq qalaraq, 4-4-2 taktiki düzülüşündən istifadə etmişdi. Qapıda həmişəki kimi Albino dayanmışdı. Müdafiədə Qismət, Nemanya, Çantakias və Sərtan çıxış edirdi. Sadıqov dayaq yarımmüdafiəçisi mövqeyində hücum qurmağı bacaran Riçarda şans vermişdi. Ağabala və Klesio cinahlarda, Hacıağa isə oyun qurucusu mövqeyində çıxış edirdi. Hücumun sivri ucunda Volkovla Bonqonqui tandem təşkil edirdi.
“Keşlə” də ənənəvi taktiki düzülüşüylə meydana çıxmışdı. Sənan Qurbanov 4-5-1 sxemindən istifadə edirdi. Qapıda 41 yaşlı mütəxəssisin gəlişindən sonra daha çox oynayan Kamal dayanmışdı. Müdafiədə Azər, Tərlan, Şəhriyar, Rafael “dördlüy”ü çıxış edirdi. Kamara dayaq yarımmüdafiəçisi kimi mübarizə aparırdı. Tounkara və Tural cinahlardan hücumlar təşkil etməyə çalışırdılar. Oyun qurucusu kimi isə Rəhman və Meza Kolli çıxış edirdi. “Keşlə” qol vurmaq ümidlərini Abanqa bağlamışdı.
Oyun başlayan kimi “Zirə” hesabı açmaq üçün irəli atıldı. Lakin “Keşlə” futbolçuları müdafiədə daha etibarlı oyun sərgiləyərək qolun qarşısını alırdı. “Qırmızılar” isə rəqibi əks-hücumlarda tutub, cəzalandırmağa çalışırdılar. Tounkara ilə Rəhman tez-tez mövqe dəyişikliyi hesabına “Keşlə”nin sol cinahda daha fəal olmasına cəhd göstərirdilər. Lakin “Zirə”nin müdafiəçiləri onların qarşısını rahat almağı bacarırdılar. “Qartallar” ilk hissədə 4 qol vəziyyətindən yararlana bilməsə də, “Keşlə” əlinə düşən ilk fürsəti qola çevirdi. İlk yarıya ələvə olunan 2-ci dəqiqədə Meza Kollinin zərbəsindən sonra top müdafiəçiyə dəyib, Tounkaranın qarşısına düşdü. Sonuncu dəqiq oynamaqla hesabı açdı.
İkinci hissədə də, demək olar ki, eyni ssenarini izlədik. “Zirə” daha çox hücum edir, “Keşlə” isə artıq müdafiə oluna bilmirdi. Düzdü, hissənin əvvəllərində Albinonun səhvindən Meza Kollinin yararlanana bilməməsi oyunun axarına təsir etdi. Ağabalanın baxımlı oyunu sayəsində “Zirə” qarşılaşmada geridönüş edə bildi. Əvvəlcə Ramazanovun zərbəyəbənzər asmasına qarşılaşmanın ən yaxşılarından olan Bonqonqui cüzi toxunuş edərək hesabı bərabərləşdirdi. Qoldan sonra “Keşlə” müdafiəsində çaxnaşma yaşandı. Xətlər arasında əlaqəni itirən komandanı rəqib 5 dəqiqə sonra cəzalandırdı. Ramazanovun künc zərbəsindən ötürməsini Nemanya qola çevirdi. Düzdü, Kamal topu çıxarsa da, hakim xətti keçdiyini bildirib, mərkəzi göstərdi.
Qoldan dərhal sonra Sənan Qurbanov Vüsalı meydana buraxdı. Lakin cinah yarımmüdafiəçisi də özünü yaxşı tərəfdən göstərə bilmədi. “Keşlə” futbolçularının ikinci hissədə, ümumiyyətlə, nə etmək istədikləri anlaşılmırdı. “Zirə” isə fərqi artırmağa çalışırdı. Qarşılaşmanın ən yaxşısı olan Ağabala iki epizodda qola yaxın oldu. Onun 67-ci dəqiqədəki zərbəsi qapının üstündən keçdi. “Zirə”nin kapitanı 78-ci dəqiqədə qapıçı ilə təkbətək qaldığı epizodda topu dirəyə vurdu. 79-cü dəqiqədə isə “Zirə” istəyinə çatdı. Ramazanovun cərimə zərbəsindən ötürməsini Çantakias başla qapıdan keçirdi. Lakin yan xətt hakimi oyundankənar vəziyyət mülahizəsi ilə qolu ləğv etdi. Epizodun təkrarına baxdıqda laysmanın səhvə yol verdiyi, qolun qaydalar çərçivəsində vurulduğu aşkar görünür. 86-cı dəqiqədə “Zirə” yenidən qol vurmaq şansı qazandı. Camalovun ötürməsini Volkov sinəsi ilə saxlayıb, zərbə endirsə də, top qapıdan aralı keçdi. Oyuna əlavə olunan ikinci dəqiqədə “Keşlə” hesabı bərabərləşdirə bilərdi. Abanq “Zirə”nin futbolçularını keçərək qapıya zərbə endirsə də, dəqiqlik çatmadı. Beləliklə, gərgin mübarizə şəraitində keçən oyunda “qartallar” səfərdə “Keşlə”ni 2:1 hesabıyla məğlub edib, finala vəsiqə qazanmaq şansını artırdı. Amma bu cütdə mübarizənin taleyinin həll olunduğunu düşünmək artıqdı. Cavab görüşündə hər cür nəticə gözləmək olar.
İLKİN SULTANLI

Maraqlıdı...
* Rəsmi protokolda “Keşlə”nin ehtiyat oyunçular skamyasında 12 futbolçunun olduğu göstərilsə də, tribunada meydan sahibi üçün ayrılan yerdə o qədər oyunçu əyləşməmişdi.
* İlk yarı bitən kimi Rəşad Sadıqov 4-cü hakim Vüqar Həsənliyə yaxınlaşıb, “o görmür, sənə nə olub?”, - deyə etiraz etdi.
* Hakimin ofsayd olaraq qeydə almadığı qol epizodundan 3-4 dəqiqə sonra Rəşad Sadıqov əsəbi halda Vüqar Həsənliyə “ala, yarım metr arxadan çıxıb, qol vurmuşuq, qeydə almadız. O laysman nəyə bayraq qaldırıb? Adı nədi onun? Kamal, qolumuzu niyə qeydə almadız?”, - deyə üsyan etdi.
* Uzatma dəqiqələrində Bonqonqui yerdə qaldı. Bu zaman Şəhriyar Əliyev onu yerdə təpiklədi. Lakin referi epizoda reaksiya vermədi. Bu zaman əsəbləşən İlkin Muradov “Keşlə”nin futbolçularının üstünə qışqırdı. Rəşad Sadıqov futbolçusuna “sən sakit dur”, - deyə acıqlandı. Bundan sonra kapitan Ağabala Ramazanov İlkinin yanına gedərək “qışqırma, danışma” deyərək səsini yüksəltdi.
* Oyun bitən kimi Rəşad Sadıqov referiyə baxaraq, “Kamal, daha sənə sözüm yoxdu, vallah”, - deyə-deyə Sənan Qurbanovla görüşüb, paltardəyişmə otağına yollandı.
* İlkin Muradov Vüqar Həsənliyə yaxınlaşıb, “yoldaş hakim, Allah haqqı yerdə təpikləyirdi, amma referi görmədi”, - deyə etiraz etdi.

Belə dedilər…
Rəşad Sadıqov: "Maraqlı oyun oldu. Yarımfinala layiq matç alındı. İkinci hissədə sürət artdı. Birinci hissədə diqqətsizlikdən qol buraxdıq. İkinci hissədə tempi qaldırdıq və vacib qələbə qazandıq. Hələ ilk 45 dəqiqəni oynamışıq. Belə matçlar 90 dəqiqəlik oyun kimidi. Rəqibin heyətində nəticəni dəyişə bilən futbolçular var. Böyük üstünlük əldə etməmişik. Hər şey ikinci görüşdə həll olunacaq. Nemanya Ancelkoviçin rəqib oyunçu ilə toqquşmadan sonra çiynindən zədə aldı. Ağrıya dözmədiyi üçün əvəzləndi. Sabah müayinədən keçəcək. Biz daim ehtiyat oyunçular skamyasında oyunun canlı yayınına baxırıq. Epizodun təkrarını izlədik və təmiz qol olduğuna əmin olduq. Ondan sonra isə etiraz etməyə başladıq. Yenidən baxacağam. Təmiz qol olsa belə, onun məyusluğu ilə yaşaya bilmərik".
Sənan Qurbanov: "Oyundan gözləntim çox idi. Amma əksini gördüm. Bərbad oynamağımız mənə təsir etdi. Hələ heç nə bitməyib. Rəqib meydanında qələbə qazana bilərik. Komanda 180 dərəcə dəyişməlidi. Bu qarşılaşma bizi düşünməyə vadar edir. Artıq çempionatda "Səbail"lə matça hazırlaşacağıq. Rəqibin sayılmayan qolu ilə bağlı mübahisə etmək olar. 1:2 məğlub olmuşuq, səfərdə rəqibi bu hesabla üstələyə bilərik. Ən qısa zamanda komandaya müdaxilə etməliyəm. Yaxşı hücumçular var, qol vurmalıdılar. Sabahdan işə növbəti matçın hazırlığına başlamalıyıq. Əlimizi aşağı salıb dayanmamalıyıq. Çempionatda da qalib gələ bilmirik. Oyunçular tərəfindən özümə qarşı hər hansı kampaniya olduğunu düşünmürəm. Görünən odu ki, futbolçular çempionat oyunundan sonra bərpa oluna bilmədilər".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.