Sizin reklam burada

“Bu gün Zubiri 5 dəfə vurdular, ancaq hakim fit çalmadı”

Title
Qurban Qurbanov çarpıcı açıqlamalar verdi
Oyunsonrası mətbuat konfransı oyunla müqayisədə daha gərgin keçdi. Əvvəlcə ənənəyə uyğun olaraq jurnalistlər qarşısına qonaqların çalışdırıcısı Qurban Qurbanov çıxdı. Media çoxdan onu belə əsəbi görmürdü. Qurban bəyin oyunla bağlı fikirləri:
- Qalib gəlmək istəyirdik, alınmadı. Futbolçular əziyyət çəkirlər. Oyunlarımız çox olduğundan istədiyimiz kimi köklənə bilmirik. Hücumda problemlərimiz var. Rəqib qol vurmağı bacaran komandadı. Cavab görüşündə daha diqqətli olmalıyıq.
- Meydana ikinci hissədə çıxan Zubirin sonradan əvəzlənməsi nə ilə bağlı idi? Oyunundan narazı qaldız, yoxsa onu zədədən qorumaq üçün bu addımı atdız?
- Oyun başlayandan Zubirin müdafiəçilərin ardıcıl zərbələrinə məruz qalmasına özüm də hirsləndim. Nə mən, nə də futbolçularım indiyədək rəqibə qarşı hörmətsizlik etmişik! Son vaxtlar bəzi futbolçularıma qarşı aqressivlik var. Xüsusən də Zubirə qarşı. Çox oyun olub ki, özümü saxlayıram, səbirli oluram. Amma futbolçunun da karyerası var, ailəsini bizdə oynaya-oynaya dolandırır. Hər birinin xətrini çox istəyirəm. Bəzi komandalar sırf ona qarşı aqressiv oynayırlar. Bu gün də 5 dəfə ayağından vurdular. Ötən oyunda iki futbolçumuz zədələndi. Qərəzli deməzdim, amma elə epizodlar var ki... Boş-boşuna Zubiri meydandan çıxarmaram. Sadəcə, tövsiyə edirəm ki, rəqibə hörmətlə yanaşsınlar. Bizə qarşı belə oynamaq olmaz. Yenə bütün rəqiblərə hörmətlə yanaşacağıq. Amma bu dərəcədə olmaz. Hakimlərə də demişik ki, ilk belə ciddi təmasda xəbərdarlıq etsinlər. Bu gün Zubiri 5 dəfə vurdular, ancaq hakim fit çalmadı. Hamımız bir-birimizi tanıyırıq. Boş-boşuna Zubiri çıxarmaram, boş-boşuna Ozobiç zədələnməz, Şahruddin sıradan çıxmaz. Hamımız bir-birimizi tanıyırıq, görüşəndə qucaqlaşırıq. Mən öz futbolçularıma dəfələrlə tapşırıram ki, ehtiyatlı olsunlar. Mahiri bir neçə dəfə bilərəkdən zədələyiblər, Filipi də eynilə. Həmişə rəqiblərimizə hörmətlə yanaşacağıq, sadəcə, bu dərəcə aqressiv olmamalıdılar.
- İlk oyunda qeydə alınan nəticəni qənaətbəxş sayırsız?
- Məğlub olmadıq. Mərhələ keçmək istəyiriksə, cavab görüşündə qələbə qazanmalıyıq. “Sumqayıt” qol vurmağı bacaran komandadı. Daha diqqətli olmalıyıq. Bir-birimizi yaxşı tanıyan komandayıq.
- Bu məsələdə baş məşqçilərin də günahı var?
- Yox, belə deməzdim. Biz meydanda çox şey görürük. Heç kimə irad bildirmək istəmirəm. Hamı qələbə qazanmaq istəyir. Ancaq bir futbolçuya bu qədər antipatiya hardan gəlir, bilmirəm. Bir oyunu itirə bilərik, amma bir futbolçunu 3-4 aylığa itirmək istəmirik.
- Düşünmürsüz ki, “Qarabağ”ı belə dayandırmaq istəyirlər?
- Xeyr, deməzdim. Həmişə düşünmüşəm ki, mənə bir xoş üz göstərənə mən iki xoş üz göstərim. Futbolçumuzu qoruyub saxlamalıyıq. Həddən artıq epizod göstərə bilərəm. Hakimlərlə danışırıq. Bir var sərt oynayasan, bir də var başqa cür…
- Zubiri yenidən müdafiəçiylə əvəzləməyiniz nə ilə bağlı idi?
- Ehtiyat oyunçular skamyasında, sadəcə, iki təcrübəli futbolçu var idi. Bu üzdən Rahili meydana buraxmaq məcburiyyətində qaldım. Bu gün istəmədiyim və xoşlamadığım əvəzləmələr etməli oldum.
- Həm ölkə kubokunda, həm də premyer-liqada mübarizə apara biləcəksiz? Seçim şansınız olsa, hansını seçərdiz?
- İki turnirdə də sona qədər mübarizə aparacağıq. Həm kuboku, həm də çempionluğu qazanmaq istəyərdim. Sadəcə, komanda həddən artıq yorulub.
- Andrade ilə Romeronun durumu nə yerdədi?
- “Səbail”lə oyundan sonra Andradenin əzələsində dartılma oldu. “Qəbələ” ilə matça hazır olub-olmayacağını bilmirik. Romero və Mahirin də durumuna sabah baxacağıq. Əsas məqam zədədən qayıdan futbolçunun formasını bərpa edə bilməsidi. Hələ ki problem budu. Zədəlilər sağalsa da, tam formaya düşmələri üçün vaxt lazımdı. Ancaq sağlam olsalar, bilərsən ki, heç olmasa, 15-20 dəqiqə oynayacaqlar. Əlimdəki futbolçuların hamısına güvənirəm və sona qədər mübarizə aparacağıq. Bəzi şeylər var ki, sizlərə bildirməliyəm. Dediklərim xoş olmaya bilər, bəlkə də məndən ilk dəfə belə şey eşidirsiz. Lakin futbolçularımızı qorumalıyıq.
Qurban bəy “ürəyini boşaldandan” sonra konfrans salonuna “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov daxil oldu. O da həmkarı kimi ilginc açıqlamalarla yadda qaldı.
- Kubok oyunu başqa ab-havadı. Həm çempionatda, həm də kubokda mübarizə aparmalıyıq. Bu gün heyətdə çoxlu dəyişiklik etmişdim. Bütün futbolçularıma inanıram. Onlara təşəkkür edirəm, bu gün yaxşı mübarizə apardılar. Sıx qrafik var, çalışacağıq sona qədər mübarizə aparaq.
- Qurban Qurbanov bu gün çox qəzəbli idi. Zubirə qarşı sərt oyundan narazılıq etdi, bilərəkdən sərt müdaxilələrə görə onu əvəzlədiyini dedi…
- Başqa komandanın əvəzetməsinə münasibət bildirmək istəmirəm. Hər komandanın öz daxili işi var. Bu futboldu. Qurban müəllim mənə görə Azərbaycanın ən yaxşı baş məşqçisidi. Ondan çox şey öyrənmişik. “Qarabağ”ın gərgin olduğunu bilirdik. Zədəliləri var. Lakin biz heç vaxt bilərəkdən kimisə zədələməyi düşünməmişik. Ötən oyunda Əli Qurbaniyə sərt müdaxilə olmuşdu. “Qarabağ”la oynayırsan, “Qarabağ” küsür, “Neftçi” ilə oynayırıq, onlar küsür. “Neftçi”ni uduruq, onlara qarşı aqressiv oynadığımızı deyirlər. “Qarabağ”la heç-heçə edirik, narazı qalırlar. Bəs biz nə edək? Bəlkə onlar öz aralarında oynasın? Zubirə bilə-bilə müdaxilədən söz gedə bilməz. Biz heç baxt bu fikirdə olmamışıq.
- Cavab görüşündə də müdafiə futbolu oynayacaqsız?
- 8 futbolçunu dəyişmişdik. Bu, rəqibə qarşı hazırlanmış bir taktika idi. Əsas məqsədimiz qol buraxmamaq idi. İndi cavab oyununu fikirləşmirəm. Qarşıda “Zirə” ilə çempionat oyunu var. “Qarabağ”a çempionatda məğlub olsaq da, yaxşı oynamışdıq. Lakin hakim səhvlərinə görə fərq böyük oldu.
- Cari mövsümdə evdə “Qarabağ”la 3 dəfə heç-heçə etsəz də, səfərdə böyükhesablı məğlubiyyətlə üzləşirsiz. Bu nə ilə bağlıdı?
- “Qarabağ”a qarşı hər oyunda çətinlik çəkirik. Belə sindromlar ola bilər.
- Qurban Qurhanovun dediklərindən belə çıxır ki, komandalar onlara qarşı bilərəkdən sərt oynayır. Bunu öz ünvanınıza ittiham kimi qəbul edirsiz?
- Qurban müəllim qəzəbli olub, başa düşmək olar. Heç kim mənə bu haqda heç nə deyə bilməz. Heç kimin məni ittiham etməyə cürəti çatmaz. Kim bizə nəyi sifariş edə bilər? Bizim də zədəlilərimiz olub. Bir müddət komandada koronavirusa yoluxma çoxaldı. Onda heç kim bizə dəstək olmadı, heç kim çıxıb demədi ki, “Sumqayıt”a dəstək olaq, onların oyunu təxirə salınsın. İndi Qurban müəllimin qərəzli şəkildə nəsə dediyini düşünmürəm, ona böyük hörmətim var. Sadəcə, qəzəbli olub.
RƏŞAD

Maraqlıdı...
* İkinci hissənin gedişində Zubirə qarşı növbəti kobudluq zamanı “Sumqayıt”ın mühafizəçisi Elnur İbişovla “Qarabağ”ın qapısıçı, oyunu tribunadan izləyən Şahruddin Məhəmmədəliyev arasında söz dueli yaşandı. Bir-birini çoxdan tanıyan tərəflər söhbəti böyütmədilər və tez də barışdılar.
* Sumqayıtlıların Zubirə qarşı daim kobud oynaması Qurban Qurbanovu əsəbləşdirmişdi. Yarımmüdafiəçi növbəti dəfə yerdə qalanda Qurban bəy əsəblərini cilovlaya bilmədi və hirsini əlini ehtiyat oyunçular skamyasının üstünə vurmaqla soyutmağa çalışdı.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.