Sizin reklam burada

“Qarabağ”ın çətin günləri

Title
Uşaq vaxtı düşdüyümüz davalarda da belə idi. Kimsə digərini əzişdirərdi, döyərdi. Döyülən uşaq da rəqibinə gücünün çatmadığını anlayan kimi əlinə keçəni götürüb, onu döyənin üstünə hücum çəkərdi. “Soyuq silah” qismində istifadə olunan həmin əşya daş, ağac qırığı, yaxud da taxta parçası olurdu. “Səbail” – “Qarabağ” qarşılaşmasını izləyə-izləyə ötən günləri xatırlayırdım. Məlum məsələdi ki, meydandakı rəqiblərin qüvvələr nisbəti qeyri-bərabər idi. “Qarabağ” uzun illərin təcrübəsi və səviyyə fərqi sayəsində “Səbail”lə görüşün favoriti sayılırdı. Ağdam təmsilçisi həm yerli futbolçuların, həm də legionerlərinin səviyyəsinə görə premyer-liqadakı rəqiblərini qabaqlayır. Üstəlik, son vaxtlar “Səbail” heç də yaxşı günlərini yaşamır. Onsuz da qəsəbə təmsilçisinin heyəti zəifləyib, maddi imkanları azalıb. Son iki ayda maaşların verilməsində də problem yaranıb. Artıq rəsmən də təsdiqlənib ki, “Səbail”in futbolçularına azı iki aydı maaş verilmir. Bunu komandanın baş məşqçisi Aftandil Hacıyev də mətbuat konfransında təsdiqləyib. Məlum məsələdi ki, belə məqamlarda futbolçulara motivasiya vermək, onları oyunlara kökləmək xeyli çətindi. Bu mənada “Qarabağ”a qarşı “Səbail”in işinin asan olmayacağı gözlənilən idi. Təəccüblüsü odu ki, meydan sahibləri bütün çətinliklərin əvəzini sərt, bir qədər də kobud oyunla “sığortalamağa” çalışdı. Bu davranış da bizim uşaq vaxtı saldığımız davalarda zəif olanın etdiklərini xatırladırdı. Sanki “Səbail”in futbolçuları belə sərt oyunla özlərindən güclü olan rəqibin gözünü qorxutmağa çalışırdı. Bununla da yaxşı nəticəyə ümid edir, kimlərinsə gözündə özlərini isbatlamağı hədəfləyirdilər.
Belə sərtliyə rəğmən, ilk dəqiqələrdən oyunun axarı ondan xəbər verirdi ki, “köhlən atlar” gec-tez hesabı açacaq, turu xal itkisi olmadan başa vuracaq. Mən belə söz-söhbətlərə həvəs göstərməyi xoşlamıram. Meydana çıxan istənilən futbolçu 90 dəqiqənin sonunda yaxşı nəticəyə sevinməyə çalışır. “Səbail”də iki aydı maaşın verilməməsi də futbolçular üçün digər bir yandan motivasiya yaradırdı. Maaşa həsrət qalan futbolçular mövsümün sonunda daha yaxşı şərtlərlə başqa klubda oynamaq üçün ikiqat əzmlə mübarizə aparır, bəzi epizodlarda rəqibə qarşı amansız davranır. Bir tərəfdən də neçə mövsümdü ki, “Səbail”in “Qarabağ”a bilərəkdən uduzması haqda söz-söhbətlər ortaya atılıb. Belə iddialar futbolçuların da qulağına çatır, onların qüruruna toxunur. Ola bilsin, “Səbail”in “Qarabağ”a qarşı kobud oynamasında bütün bu məqamların təsiri var idi. Futbolçular həm özlərini isbatlamağa çalışır, həm də indiyə qədər “Qarabağ”ı məğlub edə bilməmələrinin arxasında başqa məna olmadığını göstərirdilər.
Amma bütün bunlardan xəbərsiz olan Filip Ozobiç öz işində idi, xorvatiyalı rəqib futbolçuların başnı döndürür, topla əla rəftarıyla “Qarabağ”a necə faydalı olduğunu isbatlayırdı. Amma bütün bunlar cəmi 13 dəqiqə davam etdi. Məhz həmin dəqiqədə Ozobiçin oyuna davam edə bilməyəcəyi məlum oldu. Qurban Qurbanov xəsarət alan futbolçusunu Uroş Matiçlə əvəzləməyə qərar verdi. Bilənlər bilir ki, erkən əvəzetmə hər bir məşqçi üçün necə böyük problemlər yaradır. Çünki hər turdan əvvəl rəqibi incələyirsən, güclü və zəif tərəflərini müəyyənləşdirirsən. Yalnız ondan sonra həmin rəqibə uyğun heyət seçib, taktikanı müəyyənləşdirirsən. Heç şübhə etmirəm ki, “Səbail”in sərt, hətta kobud oyunu da Qurban Qurbanov üçün gözlənilməz deyildi. Lakin heç kim hadisələrin məhz belə kəskin ssenariylə inkişaf edəcəyini, cəmi yarımsaat ərzində “Qarabağ”ın iki əsas heyət üzüvünün sıradan çıxacağını gözləmirdi. Ozobiçin əvəzinə meydana çıxan Matiç “Qarabağ”ın cavab qolunu vurdu, hesabı bərabərləşdirdi. Əvəzində Şahruddin Məhəmmədilyevdən “çərçivə”ni təhvil alan Emil Balayev rəqibin penalti qoluna əngəl ola bilmədi. Bu iki futbolçunun meydanda olmasının nəticəyə necə təsir göstərəcəyini demək çətindi. Bu səbəbdən də “Qarabağ”ın xal itirməsini konkret Məhəmmədəliyevlə Ozobiçin meydanda olmamasıyla əlaqələndirmək istəmirəm. Amma unutmaq lazım deyil ki, futbolçular da insandı. Qısa müddətdə komanda yoldaşlarının ayağının sınmasını, başının yarılmasını, sifətinin qanamasını görən futbolçu istər-istəməz özünü rəqibin kobudluğundan qorumağa çalışır, ehtiyatlı davranır. Məhz bu amil “Qarabağ”ın “Səbail”ə qarşı oyununa təsir göstərdi.
Atalarımız keçənə güzəşt deyiblər. “Səbail”lə oyun tarixdə qaldı. “Qarabağ” hələ də turnir cədvəlinin birinci pilləsindədi, əsas rəqibi “Neftçi”ni 1 xal qabaqlayır. Lakin çətin günlər bundan sonra başlayacaq. Ozobiçlə Məhəmmədəliyev uzun müddətə sıradan çıxıb və onların yerini doldurmaq xeyli çətin olacaq. Xüsusən də oyun təcrübəsi az olan Balayevin “çərçivə”də özünü necə hiss edəcəyi, “Qarabağ”ın xilaskarına çevrilib-çevrilməyəcəyi sual doğurur. Daha bir vacib məqam isə bu həftə ölkə kubokunun yarımfinal qarşılaşmalarının start götürməsidi. “Qarabağ” əsas rəqibi “Neftçi”dən fərqli iki cəbhədə mübarizə aparmalıdı. Ya “Qarabağ” bu sınaqdan üzüağ, itkisiz çıxmaq üçün ikiqat əzmlə mübarizə aparmalı, ya da hədəflərindən biri ilə vidalaşmağa hazır olmalıdı. Çətin seçimdi. Qurban Qurbanov dəfələrlə belə çətin günlərdən keçib. Ümid edək ki, bu dəfə də bacaracaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.