Sizin reklam burada

“Qarabağ” iki ulduzunu və iki xal itirdi

Title
89. Səbail – Qarabağ (Ağdam) 1:1 (1:1)
96. Nikolas Hagen – 5,5
3. Turan Manafov – 5,5
55. Adil Nağıyev – 5,0
4. Ali Sisey – 5,0
34. Urfan Abbasov – 5,5
77. Ədilxan Qarəhmədov – 5,5
(7. Mirsayib Abbasov, 80) – qiymətsiz
14. Rahid Əmirquliyev (k) – 5,5
17. Elçin Rəhimli – 5,0
9. Florian Kadriu – 5,5
(22. Əfran İsmayılov, 84) – qiymətsiz
19. Luka İmnadze – 5,5
29. Amil Yunanov – 6,0
(11. Rauf Əliyev, 65) – 5,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
12. Şahin Zəkiyev
26. Kamal Qurbanov
27. Hendrik Ekşteyn
20. Ruslan Hacıyev
44. Şamil Cəfərov
38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Amil Yunanov

1. Şahruddin Məhəmmədəliyev – 5,5
(12. Emil Balayev, 30) – 5,5
44. Elvin Cəfərquliyev – 6,0
4. Rahil Məmmədov – 5,5
81. Kevin Medina – 5,0
5. Maksim Medvedev (k) – 5,5
10. Abdulla Zubir – 5,5
6. Patrik Andrade – 5,5
18. İsmayıl İbrahimli – 5,5
19. Filip Ozobiç – qiymətsiz
(8. Uroş Matiç, 13) – 5,5
27. Toral Bayramov – 5,5
(2. Qara Qarayev, 78) – qiymətsiz
7. Kvabena Ovusu – 5,5
Ehtiyat oyunçular
94. Ayhan Arazlı
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
9. Xayme Romero
66. Cavid Bayramov
21. Rauf Hüseynli
99. Hüseyn Hüseynzadə
29. Zamiq Əliyev
83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Elvin Cəfərquliyev
Qollar: A.Yunanov, 38-p. (1:0). U.Matiç, 42 (1:1, E.Cəfərquliyev).
Vərəqələr: A.Yunanov, 27 (qeyri-idmn hərəkəti). P.Andrade, 45+2 (qeyri-idman hərəkəti). E.Cəfərquliyev, 90+3 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
16 aprel. Bakı. “ASCO Arena”. Tamaşaçısız.
Birinci hissəyə 4, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Rəqibin meydanın mərkəzini keçməsinə imkan verməyən komanda artıq ilk yarımsaatda iki məcburi dəyişikliyə əl atırsa, deməli, bu ya hansısa ilahi mesajdı, ya da xal itirməyin mümkünlüyünə dair əlamət. Artıq 6-cı dəqiqədə Elçinin yerə sərdiyi Ozobiç ağrılar içində qıvrıla-qıvrıla 4 dəqiqə də oynayıb, əvəzlənməsini istədi. “Hər işdə bir xeyir var” məsəli yəqin belə hadisələrdə yerinə düşmür. Amma məhz Ozobiçi əvəz edən Matiç 42-ci dəqiqədə komandasını ümidləndirən qolu vurdu. Buna qədər “dənizçilər”in cərimə meydançası önündə top fırlamaqla məşğul olan ağdamlılar artıq hesabda geri düşmüş, oyunda az qala faciə ilə nəticələnəcək daha bir toqquşma yaşanmışdı. Elçin 26-cı dəqiqədə uzun ötürmə ilə Amili Şahruddinlə duelə göndərdi. Cərimə meydançasını tərk edən qapıçı hücumçu ilə toqquşmadan sonra hissiyyatsız şəkildə yerə çırpıldı. Təbii ki, hər kəs Şahın köməyinə tələsdi. Bu proses 3 dəqiqə çəkdi və oyun yenidən canlandı. Gözləmək olardı ki, bu zədə ağdamlıları daha da qıcıqlandıracaq, onların mübarizə əzmini artıracaq. Amma oyun yenə təhlükəli vəziyyətlər baxımından kasad idi. “Səbail”in qolu da oyunun axarına qətiyyən uyğun deyildi. Sadəcə, 37-ci dəqiqədə Medina heç bir ehtiyac olmadan Urfana qarşı kobud oynadığından Əliyar Ağayev nöqtəni göstərdi. Meydan sahiblərinin qol sevinci uzun sürmədi. “Qarabağ”ın çoxgedişli kombinasiyasını Siseylə Adlin gözündən yayınan Matiç tək toxunuşla bitirdi. İlk yarının yekunu kimi onu deyə bilərəm ki, ağdamlıların fəallığı dalğavari xarakter daşıyırdı, yəni gah tempi artırırdılar, gah da qələbə qazanmalı olduqlarını unudurdular.
“Qarabağ” 2-ci hissəyə də hücumlarla başladı. 49-cu dəqiqədə İsmayıl, 1 dəqiqə sonra Elvin, 6 dəqiqə sonra Toral təhlükəli zərbə endirdi. 63-cü və 67-ci dəqiqələrdə isə dirək “Səbail”in köməyinə çatdı. İlk zərbəni Elvin, ikincini Zubir endirmişdi. 79-cu dəqiqədə Zubir daha bir təhlükəli zərbə ilə yadda qaldı. Ağdamlıların sonuncu təzyiq dalğası uzatma dəqiqələrinə təsadüf etdi. Maksimin zərbəsindən sonra top üzü qapıya tərəf olan İmnadzenin əlinə dəysə də, hakim haqlı olaraq, penalti təyin etmədi. Bununla da “Qarabağ”ın cümə günü iki aparıcı oyunçu ilə yanaşı, iki xal itirdiyi də aydın oldu.
HUŞƏNG

Reaksiyalar
Qurban Qurbanov: “Oyunun əvvəlində iki gözlənilməz zədə ilə üzləşdik. İstənilən halda, düşünürəm ki, 1 xal qazandıq. Məğlub da ola bilərdik. Sanki hər şey əleyhimizə idi. Aftandil Hacıyevi təbrik etmək istəyirəm. Hər oyuna istəkli komanda çıxarır, xüsusən də bizə qarşı. Futbolçularımı da təbrik edirəm, sona kimi öz oyunumuzdan əl çəkmədik. Bu gün də xeyli qol imkanımız oldu, iki topumuz dirəkdən döndü. Şahruddini klinikaya apardılar, yəqin tikiş qoyacaqlar (sonradan 25 tikiş qoyulduğu açıqlandı – red.). Ozobiçin də durumu yaxşı deyil. Hazırda belə bir söhbət yoxdu ki, çempion olsaq, büdcəmiz çox, olmasaq, az olacaq. Klub rəhbərliyi illər boyunca sabit büdcəni qoruyub. Rəhbərlik futbolu, bu adı yaşatmağı sevir. Rəhbərlik də gözəl başa düşür ki, idmanda hər dəfə istədiyin nəticəni əldə edə bilmirsən. Dediyim kimi, əsas məqsəd bu klubu, komandanı layiqincə yaşatmaqdı. “Neftçi”nin şəxsində kimsə bizlə gərgin mübarizə aparırsa, bu bir tərəfdən bizim üçün motivasiyadı, bizi daha məsuliyyətli edir. Amma digər tərəfdən, istər-istəməz həyəcan olur. Futbolçuları nə qədər hazırlasaq da, onları daha səbirli, təmkinli olmağa səsləsək də, öz aralarında belə söhbətlər edirlər”.
Aftandil Hacıyev: “Bu gün bizi ağır oyun gözlədiyini bilirdik. Bəlkə də aramızda xal qazanacağımıza inananların sayı az idi. “Qarabağ” daim topa sahib olan, pressinq edən komandadı. Hesabda önə keçsək də, qələbəni qoruya bilmədik. Uşaqların sona qədər mübarizə aparmasını kənardan izləmək xoş idi. Hər xal bizim üçün önəmlidi. Futbolçularım bu gün bir yox, iki 90 dəqiqənin gücünü sərf etdi. Qazanılan xala görə onları təbrik edirəm. Çempionatı layiqincə başa vurandan sonra rəhbərliklə geniş söhbətimiz olacaq. Pandemiya bütün klublara, ancaq hamıdan da çox “Səbail”ə təsir edib. Bəlkə də premyer-liqa tarixində bu büdcə ilə çıxış edən komanda olmayıb. “Səbail”in yaşayacağına inanırıq. Belə bir komanda qurmaq üçün uzun müddət, böyük zəhmət tələb olunur. Futbolçulara nə qədər motivasiya versən də, cibiboş mübarizə aparmaq çətindi”.

Gözdən qaçmadı
* Maksimdən, Toraldan və legionerlərdən başqa “Qarabağ”ın bütün oyunçuları oruc tutmuşdular və 2-ci hissədə iftar açdılar. Yeri gəlmişkən, legionerlərdən Zubir də oruclu idi.
* Maksim Şahruddinin əvəzlənməli olduğunu bildirəndə Qurban Qurbanov özünü ehtiyat oyunçular skamyasını yumruqlamaqdan saxlaya bilmədi. “Qarabağ”ın çalışdırıcısı uzatma dəqiqələrində top İmnadzenin əlinə dəyəndə də “belə olmaz da, olmaz da belə” deməklə kifayətləndi.
* Şahruddin meydanı tərk edəndə qəzəbini gizlətmədi. Su qabını yerə çırpan qapıçı sanki Amillə də haqq-hesab çəkmək istəyirdi.
* Elçin Ozobiçin əvəzlənməsinə səbəbkar olmaqla kifayətlənməyib, irəliləyən dəqiqələrdə də bir neçə dəfə kobud oynadı. Belədə Andradenin ilk yarının uzatma dəqiqələrində ona qarşı heç nədən kobud oynaması gözünü qorxutmaq niyyəti daşıyırdı.

Maraqlıdı...
“Qarabağ”ın səfərdəki məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatdı. Ağdamlılar 1:1 hesablı heç-heçəyə qədər rəqib meydanında keçirdiyi son 14 görüşdə də xal qazanıb. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2019-cu il noyabrın 22-də səfərdə məğlubiyyətlə üzləşib. Ötən mövsümə təsadüf edən həmin görüşdə “Sumqayıt” 2:1 hesablı qələbə qazanıb. “Qarabağ” 15 görüşdə 7 qələbə qazanıb və 8 heç-heçə edib. Məğlubiyyətsizlik seriyasının 4 oyunu ötən, 11-i cari mövsümdə gerçəkləşib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.