Sizin reklam burada

“Neftçi” sindroma darmadağınla son qoydu

Title
91. Neftçi (Bakı) – Zirə 4:0 (1:0)
30. Aqil Məmmədov – 5,5
5. Anton Krivotsyuk – 5,5
3. Mamadu Mboc – 6,0
6. Voislav Stankoviç – 6,0
36. Mamadu Kane – 6,0
8. Emin Mahmudov (k) – 6,0
4. Keysuke Honda – 5,5
(26. Ömər Buludov, 81) – qiymətsiz
29. Sabir Buqrin – 6,0
24. Yusuf Laval – 6,0
7. Namik Ələskərov – 6,5
(80. İsmayıl Zülfüqarlı, 86) – qiymətsiz
22. Mirabdulla Abbasov – 6,0
(28. Stiven Jozef-Monroz, 83) – qiymətsiz
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
19. Fəhmin Muradbəyli
17. Bruno Teluşi
9. Əhməd Əhmədov
49. Rener Alves
20. Mərt Çəlik
70. Asim Əlizadə
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Namik Ələskərov
1. Mateus Albino – 4,5
2. Sərtan Taşkın – 4,0
44. Dmitrios Çantakias – 4,0
26. Nemanya Andelkoviç – 4,0
12. Lazar Corceviç – 4,0
(14. Fakundo Melivilo, 67) – 4,0
32. Qismət Alıyev – 4,5
(30. Riçard Almeyda, 46) – 4,5
21. Hacıağa Hacılı – 4,5
4. Elvin Camalov (k) – 4,5
8. İlkin Muradov – 4,5
11. Klesio Bauk – 5,0
17. Rodriqo Bonqonqui – 4,5
(9. Davit Volkov, 46) – 4,5
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
91. Ruslan Qurbanov
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
7. Tural Bayramlı
29. Musa Qurbanlı
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Klesio Bauk
Qollar: N.Ələskərov, 47 (1:0). M.Abbasov, 74 (2:0). N.Ələskərov, 77 (3:0). S.Jozef-Monroz, 90+2 (4:0, S.Buqrin).
Vərəqələr: Y.Laval, 31 (qeyri-idman hərəkəti). K.Honda, 71 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
17 aprel. Bakı. Bakcell Arena. Tamaşaçısız
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
…28.11.2020. Yağış, külək, qandonduran soyuq və “Bakcell Arena”nın yaşıl meydanında var-gəl edən, 90 dəqiqənin başa çatmasını gözləyən futbolçular. Bu komandaların 11-ci tura təsadüfən edən, qolsuz bitən sönük oyununun qısa icmalı belədi. Bu dəfə isə tam əksinə şahid olduq.
Futbol adına hər şey var idi. Amansız mübarizə, kobudluğa keçməyən aqressivlik, baxımlı həmlələr, zövqləri oxşayan qollar mülayim yaz axşamında bir növ adrenalin effekti verdi. Düzdü, bu sözləri nominal qonaqlar haqda deyə bilməyəcəyik. Çünki “Zirə” daha çox müdafiə olundu və nadir, amma o qədər də təhlükəli olmayan hücumlarla diqqəti çəkdi. Bunun səbəbini də Rəşad Sadıqov mətbuat konfransında detallı şəkildə izah etdi.
Amma istənilən halda, bütün bunlar “Neftçi”nin baxımlı oyunla qazandığı parlaq qələbəyə kölgə sala bilməz. “Qarabağ”ın bir gün öncə Bayılda büdrəməsi “ağ-qaralar”ın motivasiyasını birəbeş artırmışdı. Düzdü, Abasovun komandası ilk yarıda bunun bəhrəsini görə bilmədi. Hərçənd “ağ-qaralar” bir neçə dəfə hesabı açmağa yaxın oldu. Qapanan rəqibin müdafiəsini yarmaqda çətinlik çəkməyən meydan sahibləri, sadəcə, son nöqtəni qoya bilmirdi. Bir neçə dəfə Namiklə Mirabdulla, bir epizodda isə Honda ekran qarşısında əyləşən “Neftçi” azarkeşlərinə “saç-baş yoldurdu”. “Zirə”də isə faydalı iş əmsalı baxımından Bauku fərqləndirə bilərik. Fərdi keyfiyyətlərini işə salan futbolçu bir neçə dəfə sürətli reydlə rəqib müdafiəçilərə və Aqilə həyəcan yaşatdı.
Hesab gözlənilmədən açıldı. Lazarın geriyə ötürməsi qısa düşüncə, Namik araya girib, 90 dəqiqə ərzində yetərincə inamlı təsir bağışlayan Albinonu da aldadaraq toru silkələdi. “Neftçi” bundan sonra da dayanmadı. Albino uyğun ardıcıllıqla Ələskərov, Laval, Stankoviç və Mbocun əlverişli mövqedən fərqlənməsinə imkan vermədi. Kanenin qüvvətli zarbəsi zamanı isə dirək qapıçının köməyinə çatdı. Amma 74-cü dəqiqədə Mateus da aciz qaldı. Kanenin sağ cinahdan ötürməsindən sonra top Çantakiasın başından səkib Mirabdullanın önünə düşdü ki, hücumçu bir toxunuşla fərqi artırdı. “Zirə”nin müdafiəsində sözün əsl mənasında xaos yaşanırdı. Sadıqovun əvəzetmələrlə vəziyyəti dəyişmək, yetirmələrini silkələmək cəhdləri əks effekt vermişdi. Bunun məntiqi nəticəsi kimi də oyuna tam nəzarət edən “Neftçi” qalan dəqiqələrdə rəqibini daha iki dəfə meydanın mərkəzinə dəvət etdi. Hondanın da yaxından iştirak etdiyi hücum zamanı Mirabdulla Mateusu məğlub edə bilməsə də, qapıçıdan qayıdan topu Namik tamamladı. Son nöqtəni isə uzatma dəqiqəsində Jozef-Monroz qoydu.
Beləliklə, “Neftçi” “Zirə” sindomuna parlaq qələbəylə son qoydu. Flaqman “Qarabağ”la xal fərqini minimuma endirdi, Namik isə bombardirlər yarışında əsas rəqibi Mahir Emrelidən bir qədər də uzaqlaşdı.
KƏNAN

Reaksiyalar
Rəşad Sadıqov: “Gözlədiyimiz kimi, çətin və ağır oyun oldu. Bilirdik ki, rəqib ilk dəqiqələrdən köklənəcək, qələbə qazanmaq üçün yüklənəcək. Əsas rəqibi "Qarabağ"ın xal itirməsi də "Neftçi" üçün əlavə motivasiya idi. İlk hissədə bəzi təhlükəli zərbələr oldu, amma bunlar yüzfaizlik epizodlar deyildi. İkinci hissənin əvvəlində buraxdığımız qoldan sonra məcbur olduq sistemdə dəyişiklik edək. Daha böyük qüvvə ilə hücum etmək istədik. Düşündüyümüz alınmadı. Əksinə, rəqib müdafiədəki boşluqlardan istifadə etdi və oyun böyük hesabla bitdi. Ümumiyyətlə, "Zirə"də ilk oyunum idi ki, sona qədər mübarizə aparmadan uduzduq. Mövsüm ərzində futbolçular hər oyunu yüksək səviyyədə keçirmirlər. Bunu da həmin qarşılaşmalardan biri sayaq. Onları da başa düşməyə çalışıram. Bəlkə də yeganə görüş idi ki, futbolçuların mübarizəsindən razı qalmadım. Ən uğursuz oyunumuzdu... Bəlkə də matçı yenidən izləsəm, hansısa müsbət detal taparam. Klesionu qeyd edə bilərəm. Yaxşı oyunu ilə məni sevindirdi. Qələbə qazandığımız və uğurlu olduğumuz oyunlarda 4-4-2 sxemindən istifadə etmişik. Bu gün bundan yararlanmadım. Buna getsəydim, qaşıdakı görüşlərdə ciddi çətinliklə üzləşəcəkdik, komanda dirənəcəkdi, dayanacaqdı. Mənim də yetərincə səhvim var, amma buna məcbur idim... Düşünürəm ki, həm meydanda sərgilənən oyun, həm də qeydə alınan nəticə növbəti qarşılaşmalarda komandaya müsbət təsir edəcək. Ümumiyyətlə, oyundan öncə planlaşdırmışdıq ki, bəzi futbolçuları çox yükləməyək, 45 dəqiqə meydanda olsunlar. Bir çox problemlər yaşamışıq və bunun da komandaya təsiri var. Bunu heyət və taktika seçərkən nəzərə almalı oluram. Almeyda ilə Volkov son oyunda 90 dəqiqə çıxış etmişdi. Amma bunu planlaşdırmamışdım. Biri koronavirusdan yeni sağalmışdı, digərinin çiyin əməliyyatından sonra ilk oyunu idi. Amma qarşılaşmanın axarına uyğun ikisini də 90 dəqiqə meydanda saxlamaq məcburiyyətində qaldım. Nəzərə alanda ki, 3 gün sonra “Keşlə” ilə vacib kubok görüşümüz var, rotasiyaya əl atdıq, risk etdik. Çünki qarşıda bizi çox çətin marafon, vacib oyunlar gözləyir. Proqrama baxsaz, görərsiz ki, 4-5 gündən bir oyuna çıxmalıyıq. Bəzən nəyisə qurban verməyə məcburuq. Bu gün sırf "Neftçi" ilə matçı düşünmürdük. Qarşıda bizi “Keşlə”, bundan 4 gün sonra “Sumqayıt”la çox vacib oyun gözləyir. Sonra “Keşlə” ilə cavab görüşü, “Qarabağ”la çempionat oyunu... Bütün bunları nəzərə alıb, bəzi dəyişikliklər etdik. Əslində ilk yarıda hesab açılmamışdı, hücumu gücləndirməyi, rəqibi əks-hücumlarda yaxalamağı düşündük. "Neftçi", “Qarabağ” kimi komandalarla görüşdə xal qazanmaq istəyirsənsə, belə ucuz qollar buraxmamalısan. Amma futboldu, hamı səhv edir. İlk qol psixoloji cəhətdən də komandaya çox pis təsir etdi, oyun ritmindən qopduq. Və “Neftçi” meydanda dominantlıq etməyə başladı... Hər iki cəbhədə mübarizə aparmağa məcburuq. Çünki "Zirə" yarandığı gündən heç vaxt kubokun finalında oynamayıb. Həmçinin finala çıxsaq, Avroliqaya vəsiqəni təmin edə bilərik. "Sumqayıt"la çempionat matçı da bu yöndə ən vacib və həlledici olacaq. Ona görə də ikisindən birini qurban vermək düzgün olmaz. İstər rəhbərlik, istərsə də azarkeşlər hər iki cəbhədə uğur gözləyir. Sona qədər mübarizə aparacağıq. Nəticəyə görə məsuliyyət daşıyırıq. Problemlərdən çox danışmağı sevmirəm. Amma birdən-birə 11 nəfərin koronavirusa yoluxması bizə problem yaratdı. Bəzilərinin adı mətbuatda yazıldı, bəzilərinin yox. Demək olar ki, hər oyunçu bir müddət məşqlərdən kənarda qaldı. Mən hələ zədəliləri saymıram. Onların bərpa prosesi də vaxt aparır. Hər şeyə rəğmən, komandanı oyunlara ən yaxşı formada hazırlamağa çalışırıq. “Neftçi”ni təbrik edirəm, layiqli qələbə qazandı. Bizi qarşıda son illərin ən maraqlı sonluğu gözləyir. Hər iki komanda çempionluğa layiqdi. Fikrimcə, sona qədər gərgin mübarizə gedəcək”.
Samir Abasov: “Çox danışmaq istəmirəm. Komandamızı təbrik edirəm. Uzun sözün qısası, qələbə qazandıq və yolumuza davam edirik. “Neftçi TV”də azarkeşlərimiz mənə irad tutdu ki, əvvəlki komandalarda daha aqressiv idiz, burda niyə sakitsiz? İndi çıxış yolu tapmalı, ya sizi, ya da azarkeşləri razı salmalıyam. "Zirə"dən danışmaq istərdim. Doğrudan da yaxşı komandadı. Baş məşqçisi qısa müddətdə böyük işlər görüb. Bizi oyun ərəfəsində çox fikirləşməyə vadar edən komandadı. Bu hesab "Zirə"nin gücünü göstərmir. Emosional, aqressiv olmağım da rəqibin gücündən irəli gələn məsələdi. Əsas odu ki, arxayınlaşmayaq. Ramazan ayıdı, oruc tutan futbolçularımız çoxdu. Hər şeyə fikir verməliyik. Nəticə bizi razı salır, azarkeşlərimizi sevindirir. "Zirə" ilə əvvəlki 3 qarşılaşmanı götürsək, elə də pis oynamamışdıq. Sadəcə, qol epizodları yaxalaya bilməmişdik. Bu da mənim komandada yeni olmağımla bağlı ola bilər. Bu gün isə daha səbirli, ehtiyatlı çıxış etdik. Matçın açar hissəsi də bu oldu. Bəlkə də ən yaxşı oyunlardan birini yox, birincisini keçirdik. “Qəbələ"yə qarşı da çox yaxşı təsir bağışlamışdıq. Sadəcə, orda tələsirdik və çoxsaylı epizodları qaçırdıq. Məşqlərdə etdiyin meydanda alınanda bundan zövq alırsan. Bu gün futbolçular tam olaraq "Zirə" ilə görüşə köklənmişdilər. Meydanda sanki mexanizm işləyirdi. Bu da bəhrə verdi".

Gözdən qaçmadı
* 3-cü dəqiqədə “Zirə”nin cərimə medançasında top Baukun əlinə dəysə də, hakim davam işarəsi verdi. Futbolçular meydanda, Samir Abasov və ehtiyat oyunçular skamyasında əyləşənlər isə kənarda hay-küy saldılar. Dördüncü hakim çılğına dönən mütəxəssisi birtəhər sakitləşdirdi. Ümumiyyətlə, yetərincə sakit olan Rəşad Sadıqovdan fərqli Abasov 90 dəqiqə ərzində bir yerdə dayanmadı.
* Rauf Cabbarov bir epizodda Sərtan Taşkını sərt şəkildə xəbərdarlıq etməklə sakitləşdirdi: “Son dəfə deyirəm, sakit ol, yoxsa sarı vərəqə verəcəm”.
* Oyun zamanı Hondaya ünvanlanan maraqlı sözlərin şahidi olduq. Aqil Məmmədov yaponu “bravo, Honda”, Samir Abasov “haydı, Keysuke” deyərək həvəsləndirirdi.
* Yaponiya səfirliyinin üç əməkdaşı Hondanı izləmək üçün stadiona gəlmişdi. Onlar arxalarını meydana çevirib şəkil də çəkdirdilər.
* 3-cü qoldan sonra Mirabdulla Abbasov sevincini qapının ətrafındakı stulu göyə fırlatmaqla büruzə verdi.

Maraqlıdı...
* “Neftçi” Azərbaycan çempionatları tarixində 1400-cü qolunu vurdu. “Zirə” ilə görüşdə vurulan 3-cü qol yubiley xarakteri daşıdı. Buna qədər 1397 dəfə fərqlənən bakılılar 1401-ə çatdı. Yubiley qoluna Namik Ələskərov imza atıb. 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində ən çox qol vuran komanda olan “Neftçi” 1400-ə 820-ci oyunda çatdı. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,71-ə bərabərdi. “Ağ-qaralar” evdə 812, səfərdə 569, neytral meydanda 20 qola imza atıb.
* “Zirə” ilə oyun Ələskərov üçün ikiqat yubileylə əlamətdar oldu. Yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 100-cü çempionat matçında 25-ci, ardınca 26-cı qoluna imza atdı. Paytaxt təmsilçisinin heyətində 2016/17 mövsümündə debüt edən Ələskərov həmin çempionatda 11 qarşılaşmada (2 qol) şans qazanıb. 2017/18-də 27 (5 qol), 2018/19-da 23 (3 qol), ötən çempionatda 18 dəfə meydana çıxan Namik cari turnirdə 21-ci görüşündə 16-cı dəfə rəqib qapısına yol tapdı. O, “Neftçi”nin tarixinə Azərbaycan çempionatında 100 və ya daha çox oyun keçirən 26-cı futbolçu kimi düşdü. Paytaxt təmsilçisinin rekordçusu İqor Getmandı (182). Namik klub tarixində Azərbaycan çempionatında 25 və daha çox qol vuran 15-ci futbolçudu. Qol sayını 26-ya çatdıran yarımmüdafiəçi Fərrux İsmayılov (25), Zaur Tağızadə və İlham Məmmədovu (hər ikisi 24) keçərək 14-cü sıraya qalxdı. Rekord isə Samir Ələkbərova məxsusdu – 99 qol.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.