12 klub isə Avropa Superliqasını yaratdı!
Avropa futbolunda çoxdan gözlənilən və ya ehtimal olunan hadisə baş verib. Koronavirus pandemiyası dövründə böyük məbləğdə qazanclarından məhrum olan 12 nəhəng klub Avropa Superliqasının yaradıldığını bəyan edib. Başqa sözlə, UEFA başbilənlərini qorxudan böyük və klublar üçün daha qazanclı layihəyə aprelin 18-dən 19-na kecən gecə rəsmən start verilib!
12 kluba daha hansılar qoşulacaq?
Təsisçi klublar “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “İnter”, “Yuventus”, “Milan” (hamısı İtaliya), “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem”di (hamısı İngiltərə). Avropa Superliqasının startı avqusta planlaşdırılır. Turnirə Fransa və Almaniya təmsilçilərinin qatılmayacağı bildirilib. Lakin Fransa klubları da yeni layihədə iştirak edə bilərlər. Bu barədə “beIN Sports” məlumat yayıb. Telekanalın məlumatında PSJ-nin əvvəlcə yarışa qatılmaqdan imtina etdiyi bildirilib. Lakin hər il Fransadan azı 2 klubun bu turnirdə iştirak edəcəyinin gözlənildiyi də vurğulanıb. Ancaq həmin klubların hansı meyarlara əsasən seçiləcəyi hələlik məlum deyil. Avropa Superliqasında iştirak edəcək daha 3 komandanın adı da məlum olub. Məşhur idman jurnalisti Nikola Skira bu haqda özünün “tvitter” səhifəsində yazıb. O, Amaniyadan “Bavariya” və “Leyptsiq”, Portuqaliyadan isə “Portu”nun yarışa qoşulmaq istədiyini bildirib.
Anyellinin yerini Rummenigge tutdu
Təsisçi klubların hamısı Avropa Klublar Assosiasiyasından (AKA) çıxdıqlarını da bəyan ediblər. “Yuventus”un prezidenti Andrea Anyelli isə AKA-nın prezidenti vəzifəsi və UEFA İcraiyyə Komitəsinin üzvlüyündən istefa verib. İtaliyada çıxan “La Gazzetta dello Sport” nəşrinin yazdığına görə, Turin klubu bu məlumatı təsdiqləyib. Anyellinin Avropa Superliqasının prezidenti seçilən “Real”dan olan həmkarı Florentino Peresin müavini (vitse-prezident) olacağı da məlumdu. Digər vitse-prezident isə Coel Qleyzerdi (MY).
Artıq Anyellinin AKA-dakı xələfinin kimliyi də məlumdu. Onun yerini Karl-Haynts Rummenigge tutub. “Bavariya”nın vitse-prezidenti təmsil etdiyi klubun yeni liqanın yaradılmasında iştirak etmədiyini və bütün Avropa futbolu ailəsinin birgə çalışmalı olduğunu vurğulayıb. Onun fikrincə, qitə futbolunu yalnız bu halda daha rasional etmək mümkündü.
UEFA, FİFA və AKA-dan gözlənilən reaksiyalar
Bilindiyi kimi, UEFA həmişə belə bir turnririn yaradılmasının əleyhinə olub. Qitənin ali futbol qurumu bu klublara qarşı sanksiya da tətbiq edə bilər. Öz növbəsində təsisçi klublar da hüquqlarını bütün mümkün instansiyalarda qorumaqda qərarlıdılar. İddialara görə, klublar artıq bu mövsüm avrokuboklardan kənarlaşdırılacaqlar. Yarımfinal mərhələsi ərəfəsində turnirlərin ya ləğv ediləcəyi, ya da təxirə salınacağı iddia edilir. Məsələ ondadı ki, Çempionlar Liqasının yarımfinalının iştirakçılarından “Çelsi”, MS və “Real”, Avropa Liqasında isə “Arsenal” və MY Avropa Superliqasında iştirakını təsdiqləyib. Bu səbəbdən UEFA-da ÇL-in yarımfinal və final oyununun keçirilmədən kubokun PSJ-yə verilməsi variantının da müzakirə edildiyi söylənilir. Xatırladaq ki, ÇL-in yarımfinal oyunları aprelin 27-28-də, AL-də isə 29-da keçirilməlidi.
UEFA yeni yarışın iştirakçılarına ağır sanksiyalar tətbiq edəcək. Bu mövzuda qurumun mətbuat xidməti adından italiyalı jurnalist Nikola Skira məlumat yayılıb. Onun bildirdiyinə görə, Superliqada iştirak edəcək istənilən klub və futbolçu UEFA və FİFA-nın bayrağı altında təşkil olunan bütün beynəlxalq səviyyəli yarışlarda iştirakdan kənarlaşdırılacaq. UEFA-nın rəsmi saytındakı reaksiyanı olduğu kimi nəzərinizə çatdırırıq: “Bir neçə İngiltərə, İspaniya və İtaliya klubunun qondarma Superliqanın yaradılacağını planlaşdırdıqlarını öyrəndik. Bu, baş verərsə, təkrarlamaq istəyirik ki, biz - bütün qitələrin futbol qurumları və üzv olan assosasiylalar bu qəribə layihənin qarşısını almaq üçün səylərimizi birləşdirəcəyik. İndi həmrəyliyə həmişəkindən daha çox ehtiyac olduğu bir zamanda bir neçə klub şəxsi maraqlarına əsaslanan layihə təşkil edir. Bunun baş verməməsi üçün bütün səviyyələrdə - həm məhkəmə, həm də idman sahəsində əlimizdən gələni edəcəyik. Ədalətli rəqabət və idman dəyərləri futbolun mərkəzindədi və başqa bir yol ola da bilməz. UEFA da daxil olmaqla altı regional federasiya tərəfindən əvvəlcədən bildirildiyi kimi, bu məsələ ilə bağlı olaraq klubların milli, Avropa və ya qlobal səviyyədə digər yarışlarda iştirakı qadağan ediləcək. Başqa ölkələrdəki klublara, xüsusilə də qatılmaqdan imtina edən Fransa və Almaniya klublarına təşəkkür edirik. Bütün futbol azarkeşlərini və siyasətçiləri bu layihə ilə mübarizədə bizə qoşulmağa çağırırıq. Bir qrup şəxsin davamlı olaraq mənfəət güdməsi çox uzun sürdü. Hər şeyin bir həddi olmalıdı”.
UEFA-nın prezidenti Aleksander Çeferin isə məlum təşəbbüsü pisləyib və rəhbəri olduğu təşkilatın təbiq edəcəyi sanksiyaları açıqlayıb: “Superliqada oynayacaq futbolçuların dünya və Avropa çempionatında iştirakına qadağa qoyulacaq. Onların öz milli komandalarında oynamasına icazə verilməyəcək”.
FİFA da Avropa Superliqası ilə bağlı məlumat yayıb. Rəsmi açıqlamada yeni turnirə qatılanlara qadağaların qoyulacağı bildirilib: “Fikrimizcə, milli, regional və ya qlobal miqyasda bütün futbol təşkilatları əsasən birlik, əhatəlilik və ədalətli maliyyə bölgüsü prinsiplərinə uyğun hərəkət etmək məcburiyyətindədilər. FİFA bu üsullarla futbolun inkişafını təmin etməlidi. FİFA bu prinsiplərlə futbolun idarə edilməsinə davam etmək üçün lazım olan qanuni, idman və diplomatik metodlardan istifadə etməkdən çəkinməyəcək. “Avropadan qopanlar liqası”nı dəstəkləməyəcəyik. Bu təşkilat beynəlxalq futbolun quruluşu xaricindədi və prinsiplərimizə hörmət etmir”.
AKA-nın yaydığı bəyanatda isə belə deyilir: “Qiyamçı Liqa”nın yaradılması ilə bağlı məlumatlar fonunda 246 aparıcı klubu birləşdirən Avropa Klublar Assosiasiyası kimi UEFA ilə əməkdaşlığa sadiq qalacağımızı bəyan edirik. Biz ötən həftə İcraiyyə Komitəsinin iclasında qəbul olunan mövqeyimizə sadiqik. Təşkilatımız UEFA ilə birlikdə klub turnirlərinin yeni formatı üzərində işləmək öhdəliyinin üzərində dayanacaq”.
RAMİL YUSİFOV hazırladı
Sitat
Florentino Peres, Avropa Superliqasının prezidenti (UEFA və FİFA-nın yeni yarışda iştirakçı klublara tətbiq edəcəyi sanksiyalara reaksiyası):
“Futbola bütün səviyyələrdə kömək edəcək və onu layiq olduğu səviyyəyə qaldıracağıq. Dünyada 4 milyarddan çox futbol azarkeşi var. Bu insanların ehtiyacını qarşılamaq bizim kimi böyük klubların məsuliyyətidi. Bu turnirdə iştirak edən klubların oyunçularının dünya çempionatında oynamasına icazə verilməsə, onda biz də öz dünya çempionatımızı yaradarıq. Heç bir problem yoxdu”.
***
Yeri gəlmişkən...
UEFA Çempionlar Liqasının formatını dəyişib. Bu qərar qurumun İcraiyyə Komitəsinin dünən videokonfrans formatında keçirilən iclasında qəbul edilib. Bir sıra mənbələrə görə, 2024/25 mövsümündən ÇL-də qrup mərhələsi ləğv olunacaq, komandaların ümumi sayı isə 32-dən 36-ya qədər artırılacaq. Həmin vaxta qədər turnir indiki formatda davam edəcək. 36 komandadan 2-si yarışa “Wild Card” sistemi ilə buraxılacaq. Bu vəsiqə daxili çempionatda ÇL-ə viza ala bilməyən, amma əvvəllər turnirdə uğur əldə edən klublara veriləcək. ÇL yeni formata əsasən İsveçrə sistemi əsasında keçiriləcək. Bununla da ilkin mərhələdə hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Nəticədə turnir cədvəli formalaşacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda isə 9-24-cü yerləri tutan komandalar pley-off formatında mübarizə aparacaqlar.