“Məlum olub ki, komandaya göndərilən spirtin böyük hissəsini Yuranın qardaşı içib”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günlərini yada salır, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi həkk olunan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı fəaliyyətini dayandıran “Simurq”un sabiq mətbuat katibi, hazırda isə “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olan Rüstəm Allahverdiyevdi.
“Niderlandlını yola salın, serblə danışıqlara başlaya bilərsiz”
“Sumurq”da çalışan vaxtı komanda ilə birlikdə Avstriyada təlim-məşq toplanışında idik. Məşqçilər korpusu hücumçu mövqeyinə futbolçu axtarışına çıxmışdı. Bu axtarış günlərlə uzansa da, istədiyimiz forvardı tapa bilmirdik. Əsas problem də o idi ki, həm büdcəmiz bir qədər kasad idi, həm də baş məşqçi risk edib baxışa gəlməyən oyunçunu komandaya götürmək istəmirdi. Toplanışın son günləri idi. Bizə dedilər ki, şərtlərinizi qəbul edən iki futbolçu var. Onlardan biri Niderlanddan, digəri isə Serbiyadan idi. Menecerləri vasitəsi ilə onları baxışa gəlməyə razı saldıq. Hər iki futbolçu bir məşqə və bir yoxlama oyununa çıxmalıydı. Yalnız bundan sonra baş məşqçimiz qərarını verəcəkdi. Forvardların statistikasına baxanda görmək olardı ki, niderlandlı daha hazırdı. O həm son klubunda daim oynamışdı, həm də bizə baxışa gəlməmişdən əvvəl başqa komandada hazırlıq keçməyə imkan tapmışdı. Serb oyunçu isə əksinə, “Simurq”a gəlməmişdən öncə nə klubunda oynayıb, nə də məşq edib. Bunlar gəldilər və məşqə çıxdılar. Məşq prosesində də niderlandlı daha yaxşı təsir bağışlayırdı. Bu azmış kimi, həmin forvard yoxlama görüşündə qol vurmağı da bacardı. Bundan sonra düşərgədə yer alanların hamısı fikirləşdi ki, serb yola salınacaq, niderlandlı ilə müqavilə bağlanılacaq. Axşam yeməyindən sonra Çixradzenin “niderlandlını yola salın, serblə danışıqlara başlaya bilərsiz” deməsi hamımızı təəccübləndirdi. Çoxumuz həmin vaxt “bu nə danışır, serbi niyə? Bizim görmədiyimiz nə var ki, baş məşqçi onu sezib” düşünərək, baş məşqçinin qərarını anlamadıq. Bakıya dönəndən sonra həmin futbolçu ilə ortaq məxrəcə gəlib müqavilə bağladıq. Çempionat başlayanda artıq başa düşdük ki, baş məşqçinin seçimi düzgün olub. Söhbət qısa müddətdə Azərbaycan çempionatında adından söz etdirməyi bacaran Draqan Çerandan gedir. Bildiyiniz kimi, serb forvard hazırda da karyerasını davam etdirir və qolları sıralayır.
“Həkimlər də bilməyiblər ki, o spirti içmək üçün götürür”
“Simurq”da yeni işə başlamışdım. Komanda Zaqatalada çempionat oyunu keçirməliydi. Matç günü səhər yeməyindən sonra qaldığımız Olimpiya Kompleksinin həyətində gəzirdim. Gördüm məşqçilərimizdən biri komandanın masajçısı Rəşadın qapısının önündə dayanıb və ondan nəsə istəyir. “O orda niyə dayanıb” düşüncəsi ilə masajçının qapısına yaxınlaşanda məlum oldu ki, həmin şəxs baş məşqçi Sergey Yuranın köməkçisi, həm də qardaşıdı. Mən onlara yaxınlaşana kimi köməkçi-məşqçi əlində şüşə qab ordan uzaqlaşdı. Onun gəlişinin səbəbi ilə maraqlandım. Masajçımız “spirt dalınca gəlmişdi” söyləyib, onu da əlavə etdi ki, dəhşət içən adam olub. İndi həkimlər qadağa qoyublar. Bir qədər fikrə dalıb Rəşaddan “spirt onun nəyinə lazımdı” soruşdum. Cavabı belə oldu ki, bu məşqçi gedib-gəlir, ondan spirt götürür və su ilə qarışdırıb içir. Qardaşı ona içmək üçün pul vermədiyindən belə edirmiş. Müəyyən vaxtdan sonra başqaları kimi mən də artıq onun içməyinə öyrəşmişdim. Səhərlər vursa da, məşqdə özünü elə aparırdı ki, heç kim onun içkili olduğunu hiss etmirdi, özünü idarə etməyi bacarırdı. Ancaq yanında kibrit yandırsaydın, partlayardı. Həmin vaxt “Simurq”un ofisi Bakıda yerləşirdi. Kluba nə lazım idisə, təqdimat əsasında paytaxtdan göndərilirdi. Hər həftə həkimlərin təqdimata “bizə təcili spirt lazımdı” yazmaları artıq ofisdə oturanları da şübhələndirmişdi. Bu məsələni araşdırmağa başlayıblar və məlum olub ki, komandaya göndərilən spirtin böyük hissəsini Yuranın qardaşı içib. Yazıq həkimlər də baş məşqçinin qorxusundan səsini çıxara bilmirmiş. Sonradan məlum oldu ki, ilk vaxtlar həkimlər də bilməyiblər ki, köməkçi qardaş spirti içmək üçün götürür. Sonra hər şeyin üstü açıldı və spirtin hara sərf olunduğunu hamı bildi.
“Təyyarə artıq zolağa çıxıb, necə yəni uçmayacağıq?”
Avropa Liqası çərçivəsində Moldova klubu ilə qarşılaşmadan sonra Kişinyov-İstanbul-Bakı reysi ilə qayıdırdıq. Həmin gün Bakıda güclü külək olduğundan təyyarə hava limanına çətinliklə enmişdi ki, onda hamımız çox həyəcanlanmışdıq. Hətta deyərdim ki, bərk qorxmuşduq. Həmin vaxt PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev də bizimlə birgə idi. Bu hadisədən bir həftə sonra komanda “Arsenal”la oyun üçün Moskvaya uçurdu. Bu hadisə barədə mətbuatda da yazılmışdı. Bəribaşdan deyim ki, həmin olayı həyatım boyunca unutmaram. Deməli, qapılar bağlandı, kapitan uçuşla bağlı məlumat verdi və təyyarə uçuş zolağına tərəf irəlilədi. Aslan yenə yanımda oturmuşdu. Üzümü ona tərəf tutaraq “Aslan, nədənsə mənə elə gəlir işlər o qədər də düz getmir. Kimsə uçuş zolağında qaçaraq təyyarəyə tərəf gəlir. Deyəsən, biz uçmayacağıq” dedim. O da qayıtdı ki, “təyyarə artıq zolağa çıxıb, necə yəni uçmayacağıq?” Həmin qaçan qardaş əli ilə pilotlara nəsə başa saldıqdan sonra təyyarə geri döndü. Yenə çox həyəcanlanmışıq, nə baş verdiyini anlamağa çalışırıq. Bizi təyyarədən düşürüb gözləmə zalına yolladılar. Sonradan məlum oldu ki, təyyarənin mühərrikində problem yaranıb və biz ləngiməli olacağıq. Həmin vaxt təxminən 5 saata yaxın hava limanında gözləməli olduq. Sonradan başqa təyyarə ayrıldı və Rusiya paytaxtına onunla uçduq. İndi də həmin günü xatırlayanda birtəhər oluram. Təyyarə havaya qalxandan sonra mühərrik dayansaydı, hamımız tələf olacaqdıq.
“Orda bir daha əmin oldum ki, bu insanlar əsl “Neftçi” vurğunudular”
Avropa Liqası çərçivəsində Moldova təmsilçisi ilə qarşılaşırdıq.“Forza Neftçi” fanklubunun üzvlərindən bir neçə nəfərin mikroavtobusla uzun yol qət edib oyunun keçiriləcəyi şəhərə gəlməsini heç vaxt unutmayacam. Onlar yolda olanda daim Sübhanla əlaqə saxlayırdıq. Bir gecə Sübhan bizimlə əlaqə saxlayaraq Moldova sərhəddində onların ölkəyə girişinə qadağa qoyulduğunu söylədi. Saat 3 və ya 4 olardı. Ölkəmizin Moldovadakı səfirliyində Vüqar adlı oğlan işləyirdi. Səfərboyu bizə çox yardım etmişdi. Onu da bildirmişdi ki, özü orda olmayan müddətdə ortaya hansısa problem çıxarsa, günün istənilən vaxtı ona müraciət edə bilərik. Sübhanın zəgindən sonra Vüqarla əlaqə saxladım və durumu ona izah etdim. Sağ olsun, gecə olmasına baxmayaraq, əlaqələrini işə salıb azarkeşlərimizin Moldovaya girişini təmin etdi. Ertəsi bildik ki, uzun yol gəldiklərindən uşaqların bəzilərinin ayaqları şişib, özlərini yaxşı hiss etmirlər. Klubun meneceri Qədir və Aslan Şahgəldiyevlə birgə onlara baş çəkdik və gördüklərimiz bizi qorxutdu. Ayağı şişən uşaqlara nəinki gəzmək, heç ayaqüstə durmaq olmazdı. Həmin an uşaqların geri dönməsini fikirləşməyə başladıq. Ancaq onlar bizim təyyarə ilə qayıtmaq təklifimizi geri çevirdilər və gəldikləri maşınla da geri döndülər. İlk dəfə orda azarkeşin komandaya olan sevgisini, fanatın komandaya necə bağlı olduğunu gördüm. Orda bir daha əmin oldum ki, bu insanlar əsl “Neftçi” vurğunudular. Vəziyyətləri ağır olsa da, həmin uşaqlar heç nəyə baxmayaraq, oyun günü tribunada yerlərini tutdular və 90 dəqiqə dayanmadan “Neftçi”yə dəstək oldular.
RƏŞAD