Sizin reklam burada

Futzal yığmamızın üzvü moldovalı jurnalisti aldadıb

Title
Ötən sayımızda Moldova mətbuatına istinadla futzal yığmamızın üzvlərinə 30 min dollar mükafat veriləcəyini yazmışdıq. Həmkarlarımızın iddiası böyükdü. Düzdü, komanda AÇ-yə vəsiqə qazanıb, amma qeyd olunan məbləğ də həddən artıq çoxdu.

Məsələni dəqiqləşdirmək üçün Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovla əlaqə saxladıq. O, yayılan xəbəri təkzib etdi: “Qrup mərhələsinin oyunlarından öncə komandanın qarşısına məqsəd qoyulmuşdu ki, 1-ci pillənin sahibi kimi Avropa çempionatına vəsiqə təmin olunsun. Qrup qalibi olacağımız təqdirdə millinin üzvlərinə həvəsləndirici mükafatlar söz verilmişdi. Burda qeyri-adi nəsə yoxdu. Bütün idman növlərində qayda belədi. Amma 30 min dollar söhbəti hardan çıxıb, kim yayıb, bilmirəm. Hamısı boş söhbətdi. Komandaya nə qədər mükafat veriləcəyi heç kim tərəfindən açıqlanmayıb. Hələ ki heç kimə heç nə verilməyib. Hər futbolçuya nə qədər mükafat veriləcəyinə rəhbərlik qərar verir”.

Futzal Federasiyası rəsmən yayılan məlumatı yalanladı. Məbləğin bu qədər olacağı da inandırıcı deyil. Çünki yığmamız 2010-cü ildə keçirilən turnirdə 4-cü yeri tutarkən komandanın hər üzvünə 5 min dollar mükafat vermişdilər. Bunu redaksiyamıza adının açıqlanmasını istəməyən şəxs bildirdi. Onun sözlərinə görə, indi AÇ-yə vəsiqəyə görə 30 min dolların verilməsi absurd məsələdi. Heç futbol millisinin üzvlərinə AFFA belə söz vermir. Bəs bu xəbər necə yayılıb? Özü də Moldova mətbuatına bu informasiya hansı yolla sızıb? Məsələ ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Deməli, futzal millisi Moldovada olarkən Sergey adlı yerli jurnalist həmişə yığmanın düşərgəsində olurmuş. Hər gün komandanın bir üzvünə yaxınlaşıb söhbət edir, maraqlanırmış. Hətta futzalçılar yemək yeyərkən belə, onlarla bir masada əyləşirmiş. Sergeyin ən yaxşı işi milli komandamız haqda geniş məlumata malik olmasıymış. Həmçinin hər gün bir futzalçıdan hədiyyə istəyib, onları bezdirirmiş. Sonda yığmanın qolkiperi Rövşən Hüseynli boğaza yığılıb, ona hədiyyə əvəzinə pul verib. Mənbənin iddiasına görə, Sergey milli komandamızın üzvlərinə lazımsız suallar verirmiş. Mükafat məsələsi də onlardan biri olub. Sonda futzalçılardan biri Sergeyi başından etmək üçün hər futbolçuya 30 min dollar veriləcəyini söyləyib.

Bir sözlə, azərbaycanlı futzalçılardan biri moldovalı jurnalistlə məzələnib, o da bunu ciddi informasiya kimi paylaşıb. Hətta Slovakiya millisinin üzvü Tomaş Draxovskiyə bununla bağlı sual da ünvanlayıb.

İndi oxucular özlüyündə fikirləşə bilər ki, bəlkə bunu bizə açıqlayan mənbə yalan danışır? Nəzərinizə çatdıraq ki, bu informasiyanı bizə ötürən şəxs hadisəyə şahidlik edənlərdən biridi.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.