“Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu Çinin “Çjetszyan Qrintaun" klubundan ayrılıb.
Cənubi afrikalı hücumçu bunu ölkəsinin mətbuatına açıqlamasında deyib. 31 yaşlı futbolçu müddəti iyunun sonuna qədər olan müqaviləyə xitam verildiyini söyləyib:
“Daha Çinə qayıtmayacam. Artıq azad futbolçu statusu daşıyıram. Növbəti addımlar haqda agentim mənə məlumat verəcək”.
Xatırladaq ki, Ndlovu 2016-cı ilin avqustundan 2018-in dekabrına qədər "Qarabağ"da çıxış edib və oyunu ilə ağdamlı azarkeşlərin könlündə taxt qurub.