Sizin reklam burada

Atalar üçdən deyibsə...

Title
“Neftçi” üçün 2021-ci il əla başlamışdı. Qış fasiləsindən sonra “ağ-qaralar”ın oyunu göz oxşayır, nəticələr azarkeşlərin ürəyini açırdı. Sadiq fanatlar uzun illərdən bəri həsrətində olduğu çempionluq sevincini yaşayacaqlarına inanırdı, “Qarabağ”ın hökmranlığının bitdiyinə əminlik yaranırdı. Bu əminlik təkcə qış fasiləsindən sonrakı nəticələrə görə deyildi. Samir Abasovun “sükan arxasına” keçməsindən sonra komandanın oyunu da, nəticələri də əməlli-başlı dəyişmişdi. Abasovun özünəinamı, xarizması da bu nəticələrin gətirdiyi sevinc və ümid hisslərini ciddi mənada möhkəmləndirirdi. Özü də bütün bunlar “Neftçi”nin əsas rəqibi “Qarabağ”a 0:6 hesabıyla uduzmasından sonra yaşanırdı. Məlum məsələdi ki, çempionluq yolunda yarışdığın prinsipial rəqibə belə böyük hesabla uduzmaq ciddi gərginliyə səbəb olur. Bu məğlubiyyətdən sonra klub prezidentinin radikal qərar verməsi, günahkar axtarışına çıxması da gözlənilən idi. Çünki 0:6 hesablı məğlubiyyət “Neftçi”nin nə ad-sanına yaraşardı, nə də çempionluq iddialarına.

Elə bu səbəbdən də komandanın baş məşqçisi Füzuli Məmmədovun istefası, onun ardınca da idman direktoru Ceyhun Sultanovun klubdan getməsi gözlənilən oldu. Həmin ayrılıqlardan sonra belə qənaətə gəlmək mümkün idi ki, “Neftçi”nin acınacaqlı vəziyyətə düşməsinin səbəbkarı Məmmədovla Sultanov imiş. Samir Abasovun baş məşqçi postuna gətirilməsi isə ağ-qara rənglərə könül verən azarkeşlərin əksəriyyətinin ürəyincə oldu. Gənc mütəxəssis hələ “Sumqayıt”da çalışarkən qazandığı nəticələrlə reytinqini yüksəltmiş, adından yaxşı mənada çox söz etdirmişdi. Düzdü, Abasovun “Zirə”dəki fəaliyyəti heç də ürəkaçan olmadı. İllərdi “legionersiz komandada çalışıram, buna görə nəticə qazanmaq çətindi” deyən Samir bəy özünün də xeyli legioner dəvət etdiyi “Zirə”də uğursuzluğa düçar oldu. Qəsəbə təmsilçisi büdcəsinə, çəkdiyi xərclərə və iddiasına uyğun nəticələr qazana bilmədi. Təbii ki, “Qarabağ”la “Neftçi”nin qızıl medallar uğrunda mübarizə apardığı premyer-liqada heç kim “Zirə”nin çempion olacağını gözləmirdi. Amma büdcə və heyətdəki adlar imkan verirdi ki, “Zirə” avrokuboklara vəsiqə qazansın. Bəlkə də Samir Abasovun bəxtsizliyindən oldu ki, ötən mövsüm koronavirus pandemiyası Azərbaycan çempionatını bitirməyə imkan vermədi. Belədə Avropa Liqasında oynamaq “Sumqayıt”a qismət oldu ki, Riad Rəfiyevin komandasının bu məsul vəzifənin öhdəsindən necə gəldiyini də hamımız gördük.

“Neftçi”nin qışdan bəri keçirdiyi oyunlardan danışarkən birdən-birə Samir Abasovun “Zirə”dəki fəaliyyətinə keçid etməyim səbəbsiz deyil. Sözümün canı odu ki, çalışdırıcı özü də “Zirə”dəki qısamüddətli və o qədər də uğurlu olmayan fəaliyyətinin imicinə zərbə vurduğunun fərqində idi. Elə bu səbəbdən də gənc mütəxəssisin bu nəticələrin təsadüfi uğursuzluq və ya bəxtsizlik olduğunu isbatlaması üçün əlinə düşən növbəti fürsəti yaxşı dəyərləndirməsi qaçılmaz olacaqdı. Taleyin qismətidi ki, bu təklif də ölkənin ən köklü klubundan, yəni “Neftçi”dən gəldi. “Neftçi” hər nə qədər zəngin ənənələrə, yaxşı futbolçulara malik “xalq komandası” olsa da, orda çalışmaq özü bir hünər istəyir. Bu komandada çalışarkən özün də “böyük oyunlar”ın iştirakçısına çevrilirsən, büdrəyəcəyin halda təzyiqlərlə üzləşməyin qaçılmaz olur. “Neftçi”ni çalışdıran istənilən mütəxəssis dünən qəhrəman, bu gün isə xalq düşməni kimi sevilmək və ya söyülmək taleyini yaşamağı bacarmalıdı. Necə ki, indi oxşar proseslər Samir Abasovun başına gəlməkdədi.

Abasovun “Neftçi”dəki möhtəşəm debütü elə Qəbələdə baş tutmuşdu. “Ağ-qaralar” heç də ən yaxşı oyunlarından birini keçirməsə də, rəqibini böyük hesabla məğlub etmişdi. Razılaşın ki, 0:6 hesablı məğlubiyyətdən sonra səfərdə rəqibin qapısına 4 qol vurub, 3 xal qazanmaq əla nəticə idi. Ondan sonra da Abasovun “Neftçi”dəki işləri “yağ kimi” gedirdi. Düzdü, həmin vaxt da komanda “Zirə” əngəlinə rast gəldi və Qəbələdəki qələbənin davamı qolsuz heç-heçə oldu. Amma elə növbəti turdan sonra işlər qaydasına düşdü. “Ağ-qaralar” ilin sonuna qədər “Sabah”la “Keşlə”ni məğlub etməklə özünəinamı qaytardı, “Qarabağ”la sona qədər yarışmağa hazır olduğunu göstərdi. 2021-ci ildəki ilk oyun da “Neftçi” üçün itkisiz keçdi, “Səbail”in qapısına vurulan 3 qol vacib 3 xalı da özüylə gətirdi. “Qarabağ”ın məğlub edilməsi isə, sözsüz ki, ağ-qara rənglərə könül verən fanatların yeni ildən gözlədikləri ən xoş arzuların sırasında öncüllərdən idi. Bu qələbə sayəsində Samir bəyin gəlişindən sonra inamlı görünən “Neftçi” turnir cədvəlinin liderinə çevrildi. Növbəti iki rəqib də “xalq komandası” üçün çətin sayılanlar idi. “Qəbələ”ni Emin Mahmudovun son saniyələrdə gələn möhtəşəm qolu sayəsində məğlub etmək mümkün oldu. Amma bu qarşılaşmada “Neftçi”nin qarşılaşdığı çətinliklər həyəcan təbili çalmaq üçün ciddi əsaslar verirdi. Ölkə kubokunda “ağ-qaralar”ı mübarizədən kənarlaşdırmağı bacaran “Zirə” premyer-liqada da Abasovun qələbəsiz oyunlar seriyasına son qoydu. Sonrasını siz də bilirsiz. Milli komandaların oyunlarına görə yaranan fasiləyə qədər üç inamlı qələbə qazanan “Neftçi” ondan sonra iki oyunda qələbəyə həsrət qalıb. “Sumqayıt” və “Qəbələ” ilə qarşılaşmalarda itirilən 5 xal çempionluq yarışında qızıldan qiymətli idi. Artıq “Qarabağ” liderliyi qaytarıb, “Neftçi”ni 3 xal qabaqlayır. “Ağ-qaralar”ın növbəti rəqibi də çətin sayılanlardandı. “Zirə” ilə qarşılaşmanın çətin keçəcəyini əminliklə söyləyə bilərik. Qələbəsiz oyunların sayı üçə çatsa, qızıl medallar ümidi xülyaya çevriləcək. Görək “Neftçi” bu sınaqdan necə çıxacaq...

AMAL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.