Elnur Quliyev: “Neftçi”nin son tura kimi xal itirməməsini arzulayıram”
Sübhan Əliyev: “İnşallah, 8 ildən sonra çempionluğu qeyd edəcəyik”
Azərbaycan premyer-liqasında ötən illərə nisbətən bu mövsüm rəqabət hiss olunur. Çempionatın bitməsinə 6 tur qalsa da, hələ də konkret olaraq “Qarabağ”ın, yoxsa “Neftçi”nin qızıl medalları qazanacağını demək mümkün deyil. Düzdü, futbol ictimaiyyətinin müəyyən qismi, mütəxəssislər sonda ağdamlıların çempion olacağını mediaya açıqlayıblar. Lakin görünən budu ki, mübarizə hələ də davam edir və dəqiq nəsə demək mümkün deyil.
Bəs fanatlar necə düşünürlər, sonda çempion kim olacaq? Qızıl medallar uğrunda mübarizə son oyunlara kimi davam edəcəkmi? Hər iki komandanın azarkeşləri bu rəqabətdən razıdılarmı? Suallarımızı həm “İmarət”, həm də “Forza Neftçi” fanat qruplarının rəhbər şəxslərinə ünvanladıq.
Elnur Quliyev (“İmarət” azarkeş qrupunun idarə heyətinin üzvü):
“Həmişə istəmişəm ki, çempionatımız yetərincə rəqabətli olsun. Bir çox matçlarda güclü komandalara qarşı oynamaq “Qarabağ”ın özü üçün də inkişaf deməkdi. Futboldan anlayışı olan hər kəs bilir ki, rəqabət olan yerdə komandalar daha çox güclənər. Təbii ki, istəyirik “Qarabağ” çempion olsun. Mükafatların çox olması bizə sevinc bəxş edər. Düzdü, “Qarabağ”ın “qızıl dövrü” bizim vaxtımıza düşüb. Buna görə ayrıca sevincliyik. Bunlar gəncliyimizin möhtəşəm anlarıdı. Ümid edirəm ki, ömrümüzün axırına kimi də belə olar.
Açığı, təqvimə baxmamışam. Bilmirdim ki, son turda “Neftçi” ilə qarşılaşacağıq. Amma həqiqətən çox istəyərdim ki, son qarşılaşmaya kimi flaqmanla aramızda çempionluq mübarizəsi getsin. Bu çox maraqlı olar. 2-3 tur sonra çempionluğu elan etməyimizi istəmirəm. “Neftçi”nin son tura kimi xal itirməməsini arzulayıram. Belə hamı üçün yaxşıdı. Heç olmasa, çempionata maraq artar. Azarkeş olaraq rəng qatılar. Məşqçilər arasında dueli izləyərik. Təbii ki, sonda “Qarabağ”ın qalib olmasını istəyirəm.
Hazırda “Neftçi”ni 3 xal qabaqlayırıq. Futbolda arxayınlaşmağın sonu həmişə pis olur. Amma Qurban müəllim olan yerdə inanmıram ki, bu baş versin. Komandanın üzvləri bu səbəbdən həmişə ehtiyatlı davranıblar. Çünki Qurban Qurbanovun xarakterində arxayınlaşmaq yoxdu. O, heç bir rəqibi kiçiltmir. Baş məşqçimizin davranışlarından, açıqlamalarından bunu görə, duya bilərsiz. Bu səbəbdən də nə azarkeşlər, nə də futbolçular arxayınlaşmalıdılar. “Qarabağ”ın çempion olmasını istəyirəm. Amma Avropada daha böyük uğurlar əldə etmək üçün çempionatda rəqabətin olması vacibdi. Buna görə komandalar çox olmalıdı. “Neftçi”nin timsalında digər rəqiblər də güclü olmalıdı. Heyf ki, “Qəbələ”nin büdcəsi azaldıldı. Onlarla matçlar da həmişə maraqlı olurdu. İndiki vaxtda “Neftçi” ilə rəqabət bizim üçün xoşdu və arzulayıram ki, son tura kimi belə davam etsin”.
Sübhan Əliyev (“Forza Neftçi” fanklubunun rəhbəri):
“Çempionluq şansımız hələ də davam edir. Bizim üçün heç nə bitməyib. Ümidimiz hər zaman var. İnşallah, çempion biz olacağıq. Samir müəllim gələndən komandada irəliləyiş var. Yaxşı oyun nümayiş etdirirlər. Sadəcə, son iki qarşılaşmada “Neftçi”yə nəsə olub. Elə bil ki, futbolçularda arxayınlıq var idi. Yaxşı hücumlar təşkil olunur, məzmunlu futbol nümayiş etdirirlər. Buna görə də ümidliyik. Hər zaman komandamıza dəstək oluruq. İllərdi bunu gözləyirik. İnşallah, 8 ildən sonra çempionluğu qeyd edəcəyik. Samir müəllimin bu tarixi anları bizə yaşadacağını düşünürəm. O, komandaya yüksək motivasiya verə bilir, oyunçulara psixoloji cəhətdən dəstək olur. Ümid edirəm ki, çempion olub, “Neftçi” tarixinə adını qızıl hərflərlə yazdırar. Bu sevinci birgə yaşayarıq. İkinciliyi çox məşqçilər bacarıb. İndi çempionluq lazımdı. Onun başqa məşqçilərdən fərqi olmalıdı. Yenə deyirəm, Samir müəllim gələndən komanda gözəl oyun nümayiş etdirir, baxımlılıq var. Komandada nizam-intizam hiss olunur. Ona çox güvənirik. İstərdim ki, rəqabət son tura qalmasın. Sona 1 və ya 2 tur qalmış çempionluğu elan etmək daha yaxşı olardı. Amma bu gün üçün bu, çox çətin görünür. Məncə, çempionun adına sonda aydınlıq gələcək. Onda da qalib “Neftçi” olacaq”.
İLKİN SULTANLI