Sizin reklam burada

Velebit “Qarabağ”ı çempionluq mübarizəsində “Neftçi”dən üstün sayır

Title
Aprelin 15-də Bakıda 18 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışı başlayıb. Yığma aprelin 22-dək davam edəcək hazırlıq prosesi çərçivəsində iki yoxlama oyunu keçirəcək. Təlim-məşq toplanışın detallarını öyrənmək üçün U-18-in baş məşqçisi Miloş Velebitlə əlaqə saxladıq. Serbiyalı mütəxəssislə yığmanın durumu, hazırlıq çərçivəsində keçirəcəkləri yoldaşlıq görüşləri və ölkə futbolu barədə söhbətləşdik.

- Yığmanın təlim-məşq toplanışına 26 futbolçu dəvət etmisiz. Siyahıda legioner həyatı yaşayanlar da var. Hazırlıq prosesində əsas məqsədiniz nə olacaq?
- Bütün təlim-məşq toplanışları üçün eyni hədəfimiz olur: özümüzü inkişaf etdirmək, futbolçuların fərdi keyfiyyətlərini yüksəltmək, rəqiblərə qarşı fərqli oyun planlarına sahib olmaq. Ötən oyunlarda qaçırdığımız fürsətləri, səhvləri müzakirə edirik. Taktiki cəhətdən yeni biliklər öyrənirik. Heyətdə yeni futbolçular var. Onların çıxışını dəyərləndirəcəyik. Hər zaman futbolçulara fərdi tapşırıqlar verib, onların inkişafına kömək etməyə çalışırıq.

- 7 gün ərzində iki yoxlama oyunu keçirəcəksiz. Rəqibləriniz bəllidi?
- “Sumqayıt-2” və “Qaradağ Lökbatan” ilə qarşılaşacağıq. Onlara qarşı yaxşı mübarizə aparmağa çalışacağıq.

- Bu görüşlərdə futbolçulardan əsas tələbiniz nə olacaq? Nəticə, yoxsa baxımlı oyun?
- Əlbəttə, əvvəlcə yaxşı oyun nümayiş etdirmələrini tələb edəcəm. Əsas məqsəd oyun tərzimizi inkişaf etdirməkdi. Kritik durumda olan seqmentlərin artımına çalışacağıq. Onsuz da yaxşı oyun sərgiləsək, nəticə də əldə edə biləcəyik. Bizim üçün əsas futbolçuların oyunlar zamanı davranışlarıdı. Özlərini yaxşı tərəfdən göstərmələri mənim üçün vacibdi. Düzdü, hər iki qarşılaşmada qalib gəlsək, bizim üçün çox əla olar. Lakin yaxşı oyun sərgiləmək, özümüzü inkişaf etdirmək daha vacibdi. Bir daha deyirəm ki, heyətdə yeni futbolçular var. Yoxlama görüşlərində onları sınayacağıq. Yeni gələnlərin nələrə qadir olduqlarını bilmək üçün “Sumqayıt-2” və “Qaradağ Lökbatan”la oyunlar çox vacibdi. Bu təlim-məşq toplanışında özümüzə məxsus oyun tərzi formalaşdırmağa çalışacağıq. 2005-ci il təvəllüdlü futbolçuları sınayırıq. Onların çox yaxşı gələcəyi var. Ümumilikdə yeni gələnlərlə köhnələrdən komplektləşən komanda formalaşdırmağa çalışacam. Yoldaşlıq görüşləri də bu yöndə mənə çox kömək edəcək.

- Birinci divizion və premyer-liqa oyunlarını izləyirsiz?
- Milli üzvlərinin yer aldığı bütün klubların oyunlarını izləyirəm. Hətta aşağı yaş qruplarının matçlarına gedirəm, yoldaşlıq görüşlərinə belə baxıram. Bu oyunlarda daha gənc futbolçuları nəzərdə saxlayıram. Bu, işimin bir parçasıdı. Birinci diviziona gəlincə, bəzi qarşılaşmaları izləmişəm. Xüsusilə də öz komandamın oyunçularının meydanda olduğu görüşləri qaçırmıram. Rəhbərlik etdiyim yığmadan, sadəcə, 2-3 futbolçu var ki, əvəzedici komandaların heyətlərində çıxış edir. Onların oyunları olanda stadiondan canlı izləməyə çalışıram. Premyer-liqa matçlarını isə vaxtım olanda izləyirəm. Təbii ki, çempionatdakı vəziyyətlə yaxından maraqlanıram. Nəticələrə nəzər yetirirəm, oyunların icmalına baxıram. Lakin əsas fikrimi aşağı yaş qrupları üzrə çempionatlara ayırıram. Çünki futbolçular komandama burdan gəlirlər. Bu çempionatlarda da kifayət qədər çox oyun olur. U-19, U-17, U-16 liqalarının bütün oyunlarını izləməyə çalışıram. Bir çox hallarda U-15 çempionatının matçlarına baxıram. Çünki liqa “Elit” proqramına daxildi. Düzdü, bu yarışlar hazırda keçirilmir. Amma ordakı futbolçulara nəzarət etmək lazımdı.

- Sadaladığınız liqaların oyunları keçirilmir. Bu, işinizə çox mane olur?
- Çempionatlar keçirilməsə də, klublar yoldaşlıq görüşlərində qarşılaşırlar. 2-3 gün ərzində bir neçə yoxlama xarakterli matçlar baş tutur. Əlbəttə, çempionatların olmaması çox böyük problem yaradır. Futbolçuları oyunlarsız inkişaf etdirmək mümkün deyil. Bundan başqa, pandemiya səbəbindən klublar bəzən məşq edirlər, bəzən yox. Bu dönəm gələcək nəsil futbolçuların inkişafına çox böyük zərbə vurdu. Sözün əsl mənasında bu liqalarda çıxış edən oyunçuların gələcəyinə görə narahat olmalıyıq. Pandemiya çox pis təsir göstərdi. Bu, təkcə mənim işimlə bağlı olan problem deyil. Çempionatların keçirilməməsi gələcək nəsil üçün təhlükə yaratdı.

- Birinci divizionda üç komanda - “Zaqatala”, “Neftçi-2” və “Turan Tovuz” çempionluq uğrunda mübarizə aparır. Sizcə, sonda hansı çempion olacaq?
- Bu komandalar turnir cədvəlinin zirvəsində yer alıblar, mükafatlar uğrunda mübarizə aparırlar. Səmimi olmaq lazımdısa, kimin çempion olacağını bilmirəm. Açığı, proqnoz verməkdə çətinlik çəkirəm. Düşünürəm ki, ikinci dövrədə “Neftçi-2” çox yaxşı mübarizə aparır. Onların bir neçə matçını stadiondan canlı izləmişəm. Amma dəqiq deyə bilmərəm ki, kim çempion, kim ikinci olacaq. Səmimi deyim ki, hər üç klub haqda yetərincə məlumatım yoxdu. Komandaların güclərini müqayisə edə bilməyəcəm. Çünki onların heyətləri barədə məlumatım yoxdu. Bütün qarşılaşmaları izləməmişəm və oyun tərzləri mənə bəlli deyil. Bu səbəbdən də dəqiq nəsə deyə bilmərəm. Bir məsələ ilə bağlı 100 faiz məlumatım yoxdusa, bu haqda nəsə danışmamağa çalışıram. Bu səbəbdən də düşüncələrimi bölüşə bilməyəcəm.

- Bəs premyer-liqanın qalibi qismində hansı komandanı görürsüz? “Qarabağ”, yoxsa “Neftçi”?
- Maraqlı sualdı (gülür). Düşünürəm ki, son illərdə belə maraqlı çempionat izləməmişdik. “Qarabağ”la “Neftçi” arasında möhtəşəm mübarizəyə şahidlik edirik. Həqiqətən də çətin sualdı. Ötən mövsüm “Qarabağ” çox asanlıqla çempion olmuşdu. Bu il isə bərabərsəviyyəli iki komandanın oyununu izləyirik. Hər iki klubun şansı var. Qarşıda bizi 6 maraqlı tur gözləyir. Komandalar arasındakı xal fərqi o qədər də çox deyil. Düşünürəm ki, “Qarabağ”ın az da olsa, üstünlüyü var. Lakin həqiqətən kimin çempion olacağı çox böyük müəmmadı. Sadəcə, “Neftçi” son iki qarşılaşmada özünü yaxşı tərəfdən göstərə bilmədi. Fasilə bakılılara yaxşı təsir göstərmədi, liderliyi əldən verdilər. Lakin qarşıda kifayət qədər oyunlar var. Hər iki komanda daha çox xal yığıb, sona qədər mübarizəni davam etdirə bilər. Düşünürəm ki, son tura qədər yarış davam edəcək. Lakin şəxsi fikrimə görə, “Qarabağ” bir qədər üstündü.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.