Sizin reklam burada

Dünya kubokunun qalibi Şahmat federasiyasından və nazirlikdən narazıdı

Title
“Təəssüf ki, bu qələbələrin heç biri nə AŞF, nə də AGİN tərəfindən qeydə alınıb”

Kənan Vəlixanovu yəqin oxları tanımır. Şahmat təsərrüfatında isə yetərincə tanınan simadı. Şahmat bəstəçiliyi nəzəriyəsində 4 yeni mövzunun müəllifidi. Beynəlxalq dərəcəli hakim, idman ustasıdı. Dünya kubokunun 3 qat, olimpiya turnirinin qalibidi. 4 dəfə Azərbaycan çempionu olub, 7 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. “Şahmat poeziyasına həsr olunmuş ömür” dərslik-kitabının müəllifidi.

Redaksiyamızla məktubla müraciət edib Kənan bəy. Narazıdı. Şahmat Federasiyası və AGİN rəhbərliyinin biganəliyindən şikayətçidi:

“Bütün dünyada çempionlara hörmətlə yanaşılır. Çünkü çempionlar millətin qürurudu. İdmanın növündən asılı olmayaraq, böyük uğur qazanmaq üçün idmançı min bir əzaba qatlaşır, yüksək iradə, təmkin nümayiş etdirərək təcrübə toplayır və sonda istədiyinə nail olur. Bu, əlbəttə, bütün idmançılara qismət olmur. Çempion pilləsinə milyonlardan biri yüksəlir. Ömrümün böyük hissəsini şahmata həsr etmişəm. İlk addımlardan ən böyük arzum Azərbaycanı dünyaya tanıtmaq olub. Bunun üçün hər gün 7-8 saat vaxtımı şahmata həsr edirdim. Bu illər ərzində qazandığım uğurların sayı 300-ə yaxındı. Bu uğurlardan 14-ü FİDE-nin təşkil etdiyi dünya kuboku və olimpiya turnirlərində qazanılıb. 2016-ci ildə olimpiya turnirində qazandığı qızıl medala görə (əks-mat bölməsi) bolqar Diyan Kostadinov öz ölkəsində əsl qəhrəmana çevrildi. Bütün KİV-lər onun haqda yazdı, qələbəsini işıqlandırdı. Kostadinov həmin ilin ən yaxşı idmançısı nominasiyasına daxil edildi. Diqqətinizə çatdırım ki, 2016-cı ilin olimpiya turnirində mən də qızıl medal qazandım (ikigedişlilər bölməsi). Ancaq bolqarlardan fərqli, bizim aidiyyatı təşkilatların rəsmiləri məni təbrik belə etmədilər. Şahmat məsələ və etüdlərinin həlli üzrə keçrilən dünya kubokları və çempionatlarında qazandığı uğurlara görə Pyotr Murdziya Polşanın idman naziri tərəfindən dəfələrlə təltif olunub. Əlbəttə, Pyotra və digər həmkarlarıma göstərilən maddi-mənəvi dəstək onları daha da ruhlandırır, öz işlərinə daha böyük sevgi ilə yanaşmağa sövq edir. Kompozisiya turnirlərində yalnız bir dəfə Azərbaycan təmsilçisi yüksək nəticə göstərmişdi. Bakılı Aleksandr Sarıçev 1960-ci ildə olimpiya turnirində gümüş medal qazanıb. 2018-in dünya kubokunda qazandıqları yüksək nəticədən sonra ukraynalı həmkarlarım Vladislav Tarasyuk, Valeri Kopıl, Andrey Frolkin yerli İdman Nazirliyi tərəfindən əməkdar idman ustası adına layiq görülüblər.

Belə nümunələri çox göstərmək olar. Mən 2013, 2017 və 2018-də dünya kubokunda, 2016-da isə olimpiya turnirində qızıl medallar qazanmışam. Təəssüf ki, bu qələbələrin heç biri nə AŞF, nə də AGİN tərəfindən qeydə alınıb. Problem burasındadı ki, dünyada analoqu olmayan, hər cür dövlət nəvazişiylə əhatə olunan, Azərbaycan şahmatına və şahmatçılarına qənim kəsilən AŞF-nin vitse-prezidenti Faiq Həsənovun məndən xoşu gəlmir. Çünkü onun etdiyi bütün haqsızlıqları, qanunsuzlıqları, rüşvətxorluğu qabartmışam. Həsənovdan soruşan yoxdu ki, axı sən kimsən və Azərbaycan şahmatının inkişafında rolun nədən ibarətdi? Şahmatçıların qazandığı uğurlara şərik olmaqmı? Onlara verilən mükafatları mənisəməkmi? Beynəlxalq turnirə gedən uşaqların valideynlərindən ezamiyyət xərclərinin yarısını tələb etməkmi? Şahmatçılarımızın təcrübəsinin artması üçün turnirlər təşkil edən müəllimlərdən rüşvət tələb etməkmi? Rüşvət alıb saxta təqdimatlar yazmaqmı? Axı sən kimsən, Faiq Həsənov? İstedadlı şahmatçıları ölkədən didərgin salmaqda məqsədin nədi? Sən Azərbaycan şahmatının qara ləkəsi, xərçəng xəstəliyisən ki, onu altdan-altdan gəmirərək məhv edirsən”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.