Sizin reklam burada

“İdman dərsi” olmayan idman ölkəsi?!

Title
Bir ildən çoxdu koronavirus səbəbindən düşdüyümüz acınacaqlı durum həyatımızı xeyli ağırlaşdırıb. Zaman keçdikcə vəziyyətin düzələcəyinə, əvvəlki günlərin qayıdacağına olan ümidlərimiz də azalır.

Qorxuruq ki, ömrümüzün qalan hissəsi elə bu cür cansıxıcı, insanları çərçivələrdə saxlayan qadağaların müşayiəti ilə keçər. Biz az-çox ömür sürmüşük, gördüyümüzü görmüşük. Adamı ən çox yandıran, narahat edən gələcəyimiz olan uşaqlardı. İndi yaz gəlir, uşaqların qanı qaynayır. Amma Bakıda və ölkənin bir neçə iri şəhərində təhsil müəssisələri bağlıdı. Ona görə də uşaqlar məcburiyyətdən gününü evdə kompüterlərin, mobil telefon və planşetlərin qarşısında keçirir. Bu üsulla verilən təhsilin, keçilən dərslərin hansı səviyyədə olduğunu, necə effekt verdiyini hamımız görürük. Hazırkı qadağalar təkcə uşaqların zehninə, təhsilinə mənfi təsir göstərmir, həm də onların fəal həyat tərzini, idmanla məşğul olmasını əngəlləyir.

Bu mövzuda əvvəllər də yazmışdım. Qeyd etmişdim ki, bir çox həmyaşıdları kimi, böyük oğlum da xüsusi karantin rejimi elan olunana, idman zalları bağlanana qədər üzgüçülüklə məşğul olurdu. İddia etmirəm ki, Emin gələcəkdə böyük üzgüçü olacaqdı, Azərbaycanın rekordçusuna çevriləcəkdi. Ən azı “sağlam bədəndə sağlam ruh olar” deyiminə əsasən oğlumun hovuzda üzməsinə, məşqçisinin təlimatlarını həvəslə yerinə yetirməsinə baxır, bir ata kimi fərəhlənirdim. Türk dünyasının böyük oğlu Qazi Mustafa Kamal Atatürk də “mən idmançının əxlaqlısını sevirəm” sözünü boşuna deməyib. Biz övladlarımızı həm əxlaqlı, həm də sağlam böyütmək üçün idmanın verdiyi imkanlardan yararlanmağa çalışırdıq. Deyə bilərsiz ki, nə üçün övladımı futbol məşğələlərinə yazdırıb, futbolçu olması üçün çalışmamışam. Əvvəllər belə bir arzum var idi. Amma futboldan yaza-yaza Azərbaycan futbolunun problemləriylə daha yaxından tanış olmağa başladım. Gördüm ki, bu ölkədə futbolçu kimi ortaya çıxmaq, peşəkara çevrilmək, özünə komanda tapmaq üçün təkcə istedadlı olmaq yetərli deyil. Bizdə futbolçu olmağın yolu xeyli uzun və məşəqqətlidi. Elə bu səbəbdən də oğlumu futbola yox, üzgüçücülüyə yönəltməyə çalışırdım.

Bəli, məhz çalışırdım. Koronavirus pandemiyası və onun gətirdiyi qadağalar arzumu gözümdə qoydu. Bir ildən artıqdı ki, başqaları kimi, Emin də sevimli məşğuliyyətindən uzaq düşüb. Deməli, ona qədər çəkdiyimiz əziyyət də, xərc də boşuna gedib. Nə vaxtsa hovuzlar yenidən açılsa, hər şeyi sıfra yaxın bir nöqtədən başlamaq lazım gələcək. Çünki aradan yetərincə zaman keçib. Uşaqlar da yiyələndikləri vərdişlərin bir çoxunu unudublar. Özü də söhbət təkcə bizim övladımızdan getmir. Bu problemlə yüzlərlə, bəlkə də minlərlə uşaq və onların valideynləri qarşılaşacaq. Biz orta məktəbdə oxuyanda ən çox sevdiyimiz dərslər arasında bədən tərbiyəsi də vardı. Həftənin həmin gününü səbirsizliklə gözləyirdik, “bədən tərbiyəsi” olan gün məktəbə çantamızla yanaşı, idman ayaqqabımızı və formamızı aparardıq. Düzdü, 1990-cı illərin əvvəllərində bir çox orta statistik azərbaycanlı ailəsi kimi, bizim də ailənin maddi vəziyyəti yaxşı deyildi. Ona görə heç də həmişə idman ayaqqabısı və geyim dəsti ala bilmirdik. Hətta elə olurdu ki, küçədə gəzdiyimiz çəkmə ilə voleybol və ya basketbol oynayırdıq. Müəllimlərimiz də vəziyyəti yaxşı başa düşür, bizə güzəşt edirdilər. Önəmli olan bədən tərbiyəsi dərsinə, idmana olan maraq idi. Biz və müəllimlərimiz sağlam bədəndə sağlam ruhun olmasına çalışırdıq. İmkanımız çatan səviyyədə.
İndi vəziyyət bu baxımdan da xeyli acınacaqlıdı. Bağlı qalan təkcə idman zalları, üzgüçülük hovuzları deyil. Məktəblərdə əyani təhsil aparılmadığı üçün bədən tərbiyəsi dərsləri də keçirilmir. Evdə onlayn keçilən dərslər sırasında isə gimnastika və ya başqa fiziki məşğələlər yoxdu. Uşaqlar öz-özünə həyətdə hər nə qədər oynasalar da, ora-bura qaçsalar da, məktəbdəki idman dəsrlərinin yerini heç nə verməz. Biz ilk Avropa Oyunlarını keçirmişik, ondan sonra İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etmişik. Hələ ona qədər sinəmizi irəli verib, özümüzə idman ölkəsi demişik, bütün düyaya Azərbaycanı idman ölkəsi kimi tanıtmağa çalışmışıq. Ukraynadan, Dağıstandan, Gürcüstandan, İrandan, hətta uzaq Kubadan belə legionerlər sevinə-sevinə Azərbaycana gəliblər, burda milyonçuya çevriliblər. Amma məktəblərimizdə idman dərsləri keçirilmir, övladlarımızın fiziki tərbiyəsi ilə məşğul olmaq heç kimin yadına düşmür. Yəqin sizin də xəbəriniz var, Sumqayıt Dövlət Universitetində stadionun ortasından beton yol çəkiblər. Bəhanələri də odu ki, müəllimlərin və tələbələrin ayağı bir korpusdan o birinə keçərkən palçığa batırmış. Təhsil ocağının mətbuat katibi Nazxanım Cəlillinin məsələ ilə bağlı açıqlaması isə üzrü günahından betər ayıbdı:

“Bu stadion keçmişdə olub, hazırda yoxdu, 15 il əvvəl idman dərsləri üçün istifadə olunurdu, indi isə idman dərsləri keçirilmir”.


Analoqu olmayan universitetdi. Hazır stadionun ortasından yol çəkir, idman qurğusunu məhv edirlər, amma digər tərəfdə süni örtüklü meydan salıb, onu gözə soxurlar. Ona görə də Azərbaycan idmanının nəticələri də, bizim idman ölkəsi kimi tanınmağımız da sünidi. Şəxsən mən bütün bunlara görə çox utanıram!

AMAL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.