Sizin reklam burada

Yığma yunanları darmadağın etdi

Title
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup, 6-ci tur
Azərbaycan – Yunanıstan 4:0 (3:0)


Azərbaycan: 1. Emin Kürdov, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 13. Qalo, 16. Fineo; 12. Rövşən Hüseynli, 19. Cavad Məmmədov, 3. Bolinya, 5. Əmir Şocayi, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Əhmədi, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio da Silva

Yunanıstan: 12. Dimitris Zervas, 2. Spiridon Kondilatos, 3. Dimitrios Karavidas, 4. Qusis Panayotis, 16. Marios Ntatis, 1. Teofilu Dimitrios, 5. Floros Axilles, 6. Çaralampos Stavrakopulos, 7. Andreas Tarnanidis, 8. Papakostas Spiridon, 9. Yannis Delaportas, 11. Apostolos Qkaifillias, 10. Spiridon Papadopulos, 15. Dimitrios Karidas.
Baş məşqçi: Yannis Ziavas.
Qollar: Fineo, 02:14 (1:0). Q.Panayotis, 13:10-öz qapısına (2:0). İ.Atayev, 15:23 (3:0). R.Çovdarov, 24:03 (4:0).
Vərəqə: E.Borges, 16:17 – sarı.
Hakimlər: Yaroslav Vovçok (Ukrayna), Yevgeni Qordilenko (Ukrayna), Knyaz Əmiraslanov (Azərbaycan).
Hakim-inspektor: Andreas Demetriu (Cənubi Kipr).
UEFA nümayəndəsi: Sergey Lisençuk (Ukrayna).
14 aprel. Bakı. İdman Sarayı. Tamaşaçısız.

Futzal yığmamız dünən Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində son oyununu Yunanıstanla keçirdi. Slovakiya ilə dueldə görünməyən Hadi Əhmədi və Tyaqo da meydana çıxmışdı. Yığma qrup liderliyini və avtomatik Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdiyindən, bu dueldə mümkün qələbə ancaq reytinq əmsalımıza təsir edəcəkdi. Onu da qeyd edək ki, qrupun autsayderi Yunanıstan mübarizəyə ilkin mərhələdən başlayıb və əsas mərhələdə ilk xalını bir neçə gün öncə Moldova ilə görüşdə qazanıb. Joze Alesionun komandasının bu rəqiblə ilk dueli isə fevralda Afinada baş tutub və 3:0 hesablı qələbəmizlə yekunlaşıb. Braziliyalı mütəxəssis Slovakiyaya qarşı meydana buraxdığı “4-lüy”ə güvənsə də, qapını Emin Kürdova tapşırmışdı. İlk dəqiqədən üstünlüyü əldən verməyən milli 3-cü dəqiqədə Fineo ilə hesabı açdı. Növbəti zərbə Qalodan gəldi. Amma müdafiəçinin təhlükəli zərbəsi qeyri-dəqiq oldu. 6-cı dəqiqədə rəqibin heyətində Karavidasın vuruşundan sonra top dirəyin yanından keçdi. Bunun cavabında Atayev fərqi artırmağa yaxın oldu. Hücumçunun zərbəsini qapıçı dəf etdi. Əmir də “ev tapşırığı”nı yerinə yetirərkən qeyri-dəqiq oldu. 10-cu dəqiqədə isə qonaqlar ən real qol vəziyyətini yaratsa da, Karavidas “çərçivə”ni “itirdi”. 14-cü dəqiqədə hesab dəyişdi. Əmirin vurduğu topu Zervas geri qaytarsa da, “mərmi” Qusisə dəyib qapıya daxil oldu. Qüvvətli zərbələri ilə rəqib qapıçılar üçün arzuolunmaz hesab edilən Atayev qonaq qolkiperə də rahatlıq vermirdi. 16-cı dəqiqədə müdafiədə topu qəbul edən İsa 3 rəqibi keçərək hesabı dəyişdi – 3:0.

İkinci hissənin əvvəlində qonaqlar müdafiədə səhvə yol verdi. Topa sahib olan Əmir onu qapıçının yanından “çərçivə”yə göndərsə də, “mərmi” dirəyə tuş gəldi. 25-ci dəqiqədə qonaqlar yenidən mərkəzə dəvət olundu. Bu dəfə Atayevdən əla ötürmə alan Çovdarov adının İdman Sarayında səsləndirilməsinə nail oldu. Növbəti hücum zamanı top Eduardonun zərbəsindən sonra qapı çatına dəyib, xəttin üzərindən geri sürüşdü. Edu bir qədər sonra Bolinya üçün assistentlik etsə də, sonuncunun zərbəsini qolkiper kornerə çıxardı. Kürdov da boş dayanmırdı. Qapıçı Kondilatosun 29 və 38-ci dəqiqələrdə fərqi azaltmasına imkan vermədi. Sona 3 dəqiqə qalmış qapıçı Cavad Məmmədov meydana çıxmaqla millidə debütünü reallaşdırdı. Yekunda 4:0 hesablı qələbə qazanan milli seçmə mərhələni 16 xalla bitirdi.

Yeri gəlmişkən, srağagün qrupumuzda daha bir oyun keçirilib. Moldova doğma meydanda Slovakiya ilə qarşılaşıb. Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Yekunda xalını 11-ə çatdıran Slovakiya qrup ikincisi kimi qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanıb. İndiyə qədər bu komandalar final mərhələsinə vəsiqəni rəsmiləşdirib: Azərbaycan, Polşa, Bosniya və Hersoqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya, Finlandiya, Gürcüstan, Slovakiya, Sloveniya, Niderland.

1. AZƏRBAYCAN 6 5 1 0 22-6 16
2. Slovakiya 6 3 2 1 21-9 11
3. Moldova 6 1 2 3 14-22 5
4. Yunanıstan 6 0 1 5 4-24 1


RƏŞAD

Reaksiyalar

Joze Alesio da Silva: “Qələbə və final mərhələsinə vəsiqə qazanmağımız münasibəti ilə komandamı təbrik edirəm. Təxminən iki aydan bir qədər artıq idi məşq edir, oyunlar keçirirdik. Komanda indi-indi istədiyim oyunu göstərməyə başlamışdı. Əlbəttə, mövcud çətin vəziyyətdə bizə kömək etdiyinə görə AFFA və Futzal Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Uzun fasilədən sonra ağır məşqlər keçdik, tədricən toparlanmağa başladıq. İşimizin öhdəsindən gəlsək də, çox işləməliyik. Avropa çempionatının final mərhələsi çox çətin keçəcək. Ora daha güclü komandalar vəsiqə qazanıb. Ümid edirəm ki, pandemiya tezliklə başa çatacaq və rahat şəkildə məşqlər edəcəyik”.

Yannis Ziavas: “Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik. Çünki bu komandanın heyətində istedadlı, fərdi oyun keyfiyyətlərinə görə seçilən futzalçılar yer alıb. Biz də çalışdıq öz oyunumuzu oynayaq, tamaşaçılar baxımlı futzal izləsinlər. Bacardığımızı etdik. Təbii ki, bu cür oyunlar təcrübə toplamağımız baxımından vacib idi. Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə uğurlar arzulayırıq”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.