Çərşənbə axşamı AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda Azərbaycan premyer-liqasının 22-ci, birinci divizionun 20-ci turunun oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
“Qəbələ” – “Neftçi” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə alıb ki, bu səbəbdən klub 800 manat cərimələnib.
“Sabah” – “Səbail” görüşündə isə birincilərin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından eyni məbləğdə “tərləməli olacaq”. Qonaqları isə Məqsəd İsayev ziyana salıb. Qeyri-idman hərəkətinə görə ikinci “sarı” ilə meydandan kənarlaşdırılan futbolçu 1 oyun cəzalanıbsa, klub 200 manat cərimə olunub.
“Zirə” – “Keşlə” qarşılaşmasında meydan sahiblərinin 4 futbolçusu sarı alıb ki, bunun cəriməsi 800 manat təşkil edib. “Zirə” stadiona gələrkən gecikdiyinə görə də eyni məbləğdə ziyana düşüb.
MOİK – “Sabah-2” oyununda hər iki komandanın 5 futbolçusu qarşısında sarı vərəqə görüb. Bu səbəbdən tərəflər hərəyə 80 manat cərimə ödəyəcək. “Hərbçilər”in geyim formasında qüsur olduğundan oyun gec başlayıb ki, bunun da cəriməsi 80 manat təşkil edib.
“Keşlə-2” – “Turan Tovuz” matçında Şirin Şirinov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan qovulub. Futbolçu 1 oyun cəzalandırılıbsa, paytaxt təmsilçisi 20 manat ziyana düşüb.
“Kəpəz” – “Zaqatala” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğuna görə Gəncə təmsilçisi 80 manat cərimə olunub.
“Sumqayıt-2” – “Qaradağ Lökbatan” görüşündə meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat ziyana düşüb.
“Qarabağ-2” – “Neftçi-2” matçında ağdamlıların 5 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb ki, bunun da cəriməsi 80 manat olub. Bakılıları isə Vüqar Həsənov ziyana salıb. Qeyri-idman hərəkətinə görə ikinci “sarı” ilə meydandan qovulan futbolçu 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.
Beləliklə, klublara ümumilikdə 3920 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 114 min 180 manata çatıb.