Sizin reklam burada

“Neftçi” Qəbələdə də büdrədi

Title
85. Qəbələ – Neftçi (Bakı) 2:2 (0:0)
1. Anar Nəzirov (k) – 6,0
2. Vinko Medimoreç 5,5
71. Rüfət Əhmədov – 5,0
13. Yurgen Qoxa – 6,0
26. Stefan Vukçeviç – 5,5
6. Kamal Mirzəyev – 5,0
11. Asif Məmmədov 6,5
(14. Cavid Hüseynov, 80) – 5,0
10. Rövlan Muradov – 6,0
(70. Ülvi İsgəndərov, 78) – 5,0
9. Ehtiram Şahverdiyev – 5,0
99. Ceyms Adeniyi – 6,0
23. Rafael Utriq – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
74. Yusif Nəbiyev
4. Sadiq Quliyev
7. Roman Hüseynov
32. Nikolas Raysel
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Asif Məmmədov
1. Səlahət Ağayev – 5,0
24. Yusuf Laval – 5,0
(9. Əhməd Əhmədov, 79) – qiymətsiz
6. Voislav Stankoviç – 5,5
5. Anton Krivotsyuk – 5,0
20. Mərt Çəlik – 5,5
91. Tallison Dias – 6,0
8. Emin Mahmudov (k) – 6,5
4. Keysuke Honda - 6,0
29. Sabir Buqrin 5,5
17. Bruno Teluşi – 5,0
(28. Stiven Jozef-Monroz, 59) – 5,5
22. Mirabdulla Abbasov – 5,5
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
19. Fəhmin Muradbəyli
3. Mamadu Mbodj
49. Rener Alves
26. Ömər Buludov
80. İsmayıl Zülfüqarlı
70. Asim Əlizadə
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Emin Mahmudov
Qollar: C.Adeniyi, 54 (1:0, A.Məmmədov). M.Abbasov, 62 (1:1, T.Dias). Y.Qoxa, 67 (2:1, R.Muradov). E.Mahmudov, 71-p. (2:2).
Vərəqələr: E.Mahmudov, 28 (qeyri-idman hərəkəti). R.Utriq, 35 (qeyri-idman hərəkəti). M.Çəlik, 37 (oyun qaydalarının sistematik şəkildə pozulması). E.Şahverdiyev, 44 (qeyri-idman hərəkəti). C.Adeniyi, 62 (qeyri-idman hərəkəti). K.Mirzəyev, 65 (qeyri-idman hərəkəti). Y.Qoxa, 70 (hakimin qərarına etiraz). A.Nəzirov, 90+1 (oyunun bərpasını ləngitmək) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: Gülağa Cabarov (Bakı).
AFFA nümayəndəsi: Bəhram Qurbanov (Bakı).
10 aprel. Qəbələ. Şəhər stadionu. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Topa ilk toxunuşu “Qəbələ” etsə də, cəmi 10 saniyə sonra Rüfət Əhmədovun səhvi sayəsində “Neftçi” hücum şansı qazandı. Mirabdullanın əlverişli mövqedən vurduğu qüvvətli zərbə “çərçivə”dən aralı keçməsəydi, hesab açıla bilərdi. “Qırmızı-qaralar”ın cavabı Utriqlə gəldi. Son anda Çəlik gövdəsini braziliyalı hücumçunun önündə sipərə çevirməklə hücumun qarşısını ala bildi. 7-ci dəqiqədə Adeniyi “Neftçi”nin müdafiəçilərini çaş-baş salıb, Səlahətlə təkbətək çıxmağa yaxın idi. Amma bu yerdə yan xətt hakiminin havaya qalxan bayrağı qonaqların işinə yaradı. Zeynal Zeynalov nigeriyalının Rovlanın ötürməsini qəbul edərkən oyundankənar vəziyyətdə olduğuna işarə verdi. Amma 10-cu dəqiqədə Adeniyinin Səlahətlə üzbəüz qalmasına nə Zeynalovun bayrağı, nə də müdafiəçilər mane oldu. Müdafiəçilərin gözündən yayınıb, uzun ötürməni ustalıqla qəbul edən nigeriyalı hesabı açmaq üçün əla fürsət qazandı. Di gəl ki, topla yaxşı irəliləyən “99 nömrə” həlledici məqamda zərbə vurmaq əvəzinə qapıçını da aldatmağa çalışdı və bunu bacarmadı. Çox keçmədən Honda səhnəyə çıxdı. Yaponiyalıya premyer-liqada qol hesabını açmağa Qoxa imkan vermədi. İlk 15 dəqiqənin ümumi görüntüsü beləydi ki, tərəflər mümkün qədər tez hesabı açmağa, bununla da psixoloji üstünlüyə yiyələnməyə çalışırdı. Amma hər iki komandada “vuran ayaq” problemi özünü göstərirdi.
“Neftçi”nin kapitanı 28-ci dəqiqədə diqqət mərkəzinə düşdü. Mahmudov Mirzəyevlə toqquşmadan sonra yerdə qaldı. Əliyar Ağayev “nöqtə”ni göstərmək əvəzinə nədənsə onun yerə yıxılmasını simulyasiya kimi dəyərləndirərək, sarı vərəqəyə üstünlük verdi. Bu dəqiqələrdə “Qəbələ”nin futbolçuları tez-tez top itirir, müdafiədən hücuma çıxmaqda çətinlik çəkirdi. 35-ci dəqiqədə “Qəbələ” topu “Nefçi”nin qapısının qarşısına qədər gətirə bildi. Utriq Stankoviçin yüngül toxunuşundan sonra yerdə qalınca simulyasiyaya görə sarı vərəqə ilə cəzalandı. 4 dəqiqə sonra Səlahət Rövlanın qüvvətli zərbəsini yaxşı yumruqladı. Hissənin son dəqiqələri “Neftçi”nin üstünlüyü şəraitində keçdi. Amma nə Honda, nə də Tallison toru silkələməyi bacardı.
İkinci hissənin əvvəlindən etibarən qarşılıqlı hücumlar bir-birini əvəzlədi. Hər iki komanda xoşbəxtliyi hücumda axtarırdı. Yeganə qüsur həlledici məqamda son nöqtəni qoyacaq qəhrəmanın tapılmaması idi. 51-ci dəqiqədə Mirabdulla Hondanın əla ötürməsindən sonra topa o qədər bərbad zərbə vurdu ki, özü də təəssüfünü başını tutmaqla bildirdi. Bir dəqiqə sonra “Neftçi” daha bir fürsəti qaçırdı. Eminin yaxın məsafədən zərbəsini Anar ayağıyla qaytardı. Qonaqların bacarmadığını Adeniyi 54-cü dəqiqədə bacardı. Asif Məmmədov bakılıların müdafiəçilərini işsiz qoyub, nigeriyalıya ötürmə verdi. Adeniyi gözəl zərbəylə hesabı açdı. “Neftçi” qolun şokundan ayılmamış ikinci dəfə məyus ola bilərdi. Lakin Mirzəyevin boş qapıya zərbəsi dəqiq olmadı. Samir Abasov komandasının oyununda dönüş yaratmaq arzusuyla Jozef-Monrozu döyüşə atdı. Bu dəyişiklik “Neftçi” üçün düşərli oldu. Tallisonun hava ötürməsindən sonra Mirabdulla başla topu qapıdan keçirdi.
64-cü dəqiqədə Adeniyi özünün və komandasının ikinci qolunu vurmağa yaxın oldu. Rovlanın yaxşı “gördüyü” hücumçunun qüvvətli zərbəsini Səlahət tuta bildi. Bununla belə, Qoxa 3 dəqiqə sonra “Qəbələ”ni önə keçirdi. Rövlanın künc zərbəsindən havalandırdığı topu yaxşı yüksələn albaniyalı qapıya göndərdi. Buna qədər çıxışlarda inamsız təsir bağışlayan Səlahətin səhvi həlledici oldu. “Qırmızı-qaralar”ın sevinci çox sürmədi. Jozef-Monrozun zərbəsindən sonra top cərimə meydançasında Mirzəyevin əlinə dəydi. Hakimin təyin etdiyi penaltini Emin dəqiq yerinə yetirdi və hesabı bərabərləşdirdi. Tərəflərin çoxsaylı cəhdlərinə baxmayaraq, beşinci qolu vurmaq mümkün olmadı. Belədə komandalar meydandan 1 xalla ayrıldı.
AMAL

Gözdən qaçmadı
* Komandalar qazona ayaq basmazdan öncə tuneldə Samir Abasovla Elmar Baxşıyev göründü. Gənc məşqçilər mehribanlıqla görüşüb, bir-birinə uğur arzuladılar.
* Hər iki çalışdırıcı ilk dəqiqələrdən həyəcanlı görünürdü. “Sumqayıt”la oyundakı yenilgidə məsuliyyət payını gizlətməyən Samir Abasov yaxşı başa düşürdü ki, ardıcıl ikinci məğlubiyyət ona olan inamı da sarsıdacaq. Bu səbəbdən də “Neftçi”nin baş məşqçisi hər xırda epizoda çılğın reaksiya verir, ayağında top olan hər yetirməsinin adını çəkməklə ona nə etmək lazım olduğu barədə göstəriş verirdi. Elmar Baxşıyev də 90 dəqiqəni ayaqüstə izləsə də, səsini yüksəltmirdi.
* 28-ci dəqiqədə “Qəbələ”nin qapısı qarşısında mübahisəli epizod yaşandı. Emin Mahmudovun yerdə qaldığı epizodda “Neftçi” tərəfi penalti olduğunu iddia etsə də, baş hakim Əliyar Ağayev kapitana sarı vərəqə göstərdi. Maraqlıdı ki, “Neftçi”nin yaponiyalı ulduzu Honda əliylə hakimə VAR-a baxmağın lazım olduğuna işarə verirdi. Deyəsən, ötənlərin məşhur futbolçusu Azərbaycanda olduğunu unutmuşdu.
* 34-cü dəqiqədə Samir Abasovla oyunun 4-cü hakimi Fərid Hacıyev arasında uzun bir dialoq yaşandı. Maraqlıdı ki, bundan sonra Hacıyev uzun müddət qulaqcıq və mikrofon vasitəsilə kiminləsə danışdı. Həmin an Əliyar Ağayevin diqqəti oyunda idi. Belədə 4-cü hakimin Ağayevlə danışmadığı məlum olurdu. Amma onun kiminlə məşvərət etdiyi müəmmalı qaldı.
* Fasilədə hər iki komandanın futbolçuları isinmə hərəkətləri, topla müxtəlif məşqlər edirdilər. Bu məqamda Aqil Məmmədovun Cavid Hüseynovla şirin-şirin söhbətləşməsi maraqlı görüntü idi.
* İkinci hissənin gedişində Samir Abasov yetirmələrindən daha çox hakimin adını çağırırdı. “Qəbələ”nin futbolçuları oyunun bərpasını ləngidəndə, yaxud da kobud oynayanda Abasovun “Əliyar, Əliyar” çağırışları eşidilirdi.

Reaksiyalar
Samir Abasov: “Həyəcanlı qarşılaşma oldu. Çətin səfər matçı idi. Bilmirəm hesaba necə reaksiya verək? Çətin rəqibə qarşı yaxşı futbol alındı. Sona kimi döyüşəcəyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Ötən oyunla müqayisədə üç dəyişiklik etmişdik. Buna səbəb oyunçulardan psixoloji təzyiqi götürmək idi. Mövsümün axırıdı, bəlkə kimdəsə belə təəssürat yarana bilər ki, "Neftçi" "Sumqayıt"a onun səhvindən uduzub. Təzyiqi aradan qaldırmaq üçün dəyişiklik etməyə məcburuq. Futbolçular qələbəni həqiqətən istəyir və bunun üçün can yandırırdılar. Bəzi epizodlarda riskli oynayırdılar ki, bu da qalib gəlmək istəyi ilə bağlı idi. İkinci hissədə meydana hücumçu buraxdıq, istədik daha kəsərli olaq. Yusuf Laval bir az yorulmuşdu, ona görə onu əvəzlədik. Hücumlarda və müdafiədə istəniləni vermirdi. Ön xətdə daha fəal olmaq üçün Əhməd Əhmədovu oyuna buraxdıq. Təəssüf ki, 3 xal qazana bilmədik. Lakin əl-qolumuzu yana salmağa ixtiyarımız yoxdu. Səlahət Ağayevi qapıya qoymağımın səbəbi Aqilin zədəsinin olmasıdı. Bəzi oyunçular bir az təzyiq hiss etməyə başlayıblar, biz də bunu aradan qaldırmağa çalışırıq. Vəziyyət çətindi, bütün oyunçular təzyiq altındadı. "Neftçi"nin hansı azarkeş kütləsinə sahib olduğunu bilirsiz. Hər səhv təyziqə səbəb olur və futbolçular da bunu eşidirlər. İkinci qola dəqiq baxmalıyam. Qola ətraflı baxandan sonra kimin səhv etdiyini deyə bilərəm".
Elmar Baxşıyev: “Oyunun belə ağır keçəcəyini bilirdik. Rəqibimiz çempionluğa oynayır, arsenalında hücumameyilli, keyfiyyətli futbolçuları var. Təhlükənin hardan gözlədiyini bilirdik, buna görə də komandanı çətin qarşılaşmaya hazırlamışdıq. Bizim də öz planımız var idi. Matç dinamik alındı. Hər iki komanda müdafiə yox, hücum futbolu sərgilədi. Görüşün nəticəsi ədalətlidi. İki ildi komandanın “sükanı arxasındayam”. İlk gündən tapşırığım o olub ki, meydanda istədiyim futbol nümayiş etdirilsin, komandam daim hücumda olsun və hücum edə-edə müdafiə olunsun. Udanda da, uduzanda və ya heç-heçə edəndə də futbolçularımın deyilənləri düzgün icra etdiklərini görürəmsə, bundan məmnun oluram. Məni ən çox kədərləndirən komandamın meydanda istədiyimi verməməsidi. Ona görə ki, komanda ilə bunları məşq prosesində daim icra edirik. Rəqibdən asılı olmayaraq, şən futbol sərgiləyirik, öz oyunumuz var”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.