Sizin reklam burada

“Sabah” oynadı, “Səbail” xal qazandı

Title
86. Sabah (Bakı) – Səbail 0:0
1. Saşa Stamenkoviç – 5,0
19. Təmkin Xəlilzadə - 5,5
(14. Slavik Alxasov, 90+5) – qiymətsiz
13. Filip İvanoviç – 5,0
4. Bəhlul Mustafazadə (k) – 5,0
2. Amin Seydiyev – 5,0
90. Ramil Şeydayev – 6,0
7. Coşqun Diniyev – 5,0
30. Mario Marina – 5,5
(6. Şakir Seyidov, 83) – qiymətsiz
10. Aleksey İsayev - 5,0
26. Fofana Tiemoko – 5,5
9. Xulio Sezar Rodriges – 5,5
(28. Kevin Kubemba, 78) – qiymətsiz
Ehtiyat oyunçular
12. Alvaro Vilyet
94. Nicat Mehbalıyev
3. Zurab Oçiqava
15. Ruslan Abışov
17. Məhəmməd Mirzəbəyov
72. Kamran Quliyev
66. Abdulax Xaibulaev
33. Camal Cəfərov
77. Veysəl Rzayev
Baş məşqçi: Ramin Quliyev
Komandanın ən yaxşısı: Ramil Şeydayev

96. Nikolas Hagen – 6,0
3. Turan Manafov – 5,0
55. Adil Nağıyev – 5,0
4. Ali Sisey – 5,5
34. Urfan Abbasov – 5,5
7. Mirsayib Abbasov – 5,0
23. Milovan Petrovik – 5,0
(77. Ədlixan Qarəhmədov, 34) – 5,5
14. Rahid Əmirquliyev (k) – 5,0
28. Məqsəd İsayev – 5,0
22. Əfran İsmayılov – 5,5
(19. Luka İmnadze, 87) – qiymətsiz
11. Rauf Əliyev – 5,5
(26. Kamal Qurbanov, 90+5) – qiymətsiz
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
12. Şahin Zəkiyev
17. Elçin Rəhimli
29. Amil Yunanov
9. Florian Kadriu
20. Ruslan Hacıyev
44. Şamil Cəfərov
38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Nikolas Hagen
Vərəqələr: M.Marina, 20 (qeyri-idman hərəkəti). M.İsayev, 34 (hakimin qərarına etiraz). F.İvanoviç, 43 (qeyri-idman hərəkəti). A.İsayev, 58 (qeyri-idman hərəkəti). T.Manafov, 83 (qeyri-idman hərəkəti). R.Şeydayev, 88 (qeyri-idman hərəkəti). A.Nağıyev, 88 (qeyri-idman hərəkəti) - sarı. M.İsayev, 90+2 (hakimin qərarına etiraz) – qırmızı (ikinci sarı).
Hakimlər: KAMAL UMUDLU, Cavanşir Yusifov, Kamran Bayramov, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
10 aprel. Masazır. Bank Respublika Arena. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Ramin Quliyevin rəhbərliyi altında 3-cü oyuna çıxan “Sabah” heç bir kəşfiyyata ehtiyac duymadan dərhal xoşbəxtliyi rəqib qapısı önündə axtarmağa başladı. Artıq 5-ci dəqiqədə Fofana sağ cinahda Turanın başını gicəlləndirib, qapı önünə asma etdi. Urfana hava mübarizəsində qalib gələn Ramil hesabı açmağa yaxın olsa da, baş zərbəsi qapıdan aralı keçdi. Meydan sahibləri daha çox hücum edir, bununla belə, təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdilər. 19-cu dəqiqədə pressinq nəticəsində topu ələ keçirən “tələbələr” daha bir hücum qurdu, ancaq Aleksey İsayev topu cərimə meydançasına həvəskarcasına ötürdü. “Dənizçilər”in ifasında ilk normal hücum isə 25-ci dəqiqəyə təsadüf etdi. Onda da Raufun sağ cinahdan cərimə meydançasına ötürməsinə oyundaşları reaksiya vermədi. 31-ci dəqiqədə “Sabah” hesabı açmağa borclu idi. Adilin kobud səhvindən sonra təkbətək çıxan Rodriges Hageni məğlub edə bilmədi, qapıçıdan dönən topu cərimə meydançasının qövsü üzərində ələ keçirən Şeydayev də boş qapıya düşməkdə çətinlik çəkdi. 33-cü dəqiqədə Hagen Turanın səhvindən sonra topu ələ keçirən Marinanın da təhlükəli zərbəsinin qarşısını aldı. “Sabah”ın total üstünlüyü fonunda “Səbail”in ilk yarıda bir dəfə fərqlənmək imkanı oldu. Turanın sol cinahdan qapı önünə asmasını tamamlayan Əfran topu qapının yanından vurdu. O, həmin epizodda başla yox, ayaqla zərbə endirsəydi, “çərçivə”yə düşə bilərdi.
Gözlənildiyi kimi, 2-ci hissə də “Sabah”ın hücumlarıyla başladı. 51-ci dəqiqədə Aleksey topa daha yaxşı zərbə endirə bilsəydi, hesab açılacaqdı. 54-cü dəqiqədə Ramil də topu qapının yanından vurdu. 3 dəqiqə sonra nominal qonaqların təhlükəli hücumunu Turanla Mirsayib “dəfn etdi”. Son 20 dəqiqədə xal itkisinin real olduğunu anlayan “tələbələr” bir qədər də fəallaşdı. Bu dəqiqələrdə Ramin Quliyevin müdaxiləsinə, yəni taktiki sxemdə dəyişiklik etməklə təzyiqi artırmasına ehtiyac var idi. Amma gənc məşqçi səbirlə gözləyirdi. Özü də Kubemba 72-ci dəqiqədən meydana çıxmağa hazır olsa da, bu dəyişiklik 6 dəqiqə yubandı. Maraqlıdı ki, Kubemba topa elə ilk toxunuşda hesabı açmağa yaxın idi. Amma Ədilxan onun zərbəsini qapı xətti üzərindən çıxardı. 80-ci dəqiqədə Kubembanın yaratdığı daha bir təhlükəli vəziyyəti Şeydayev boşa verdi. “Sabah” sona qədər inadla hücumları davam etdirsə də, hesabı açmaq mümkün olmadı. Son dəqiqələrin yaddaqalan məqamları kimi Raufun Bəhlulla toqquşmadan sonra meydanı başısarıqlı tərk etməsini, eləcə də Slavikin Hagenin çıxışdakı yeganə səhvindən yararlana bilməməsini göstərmək olar. Beləliklə, meydan sahibləri aşkar üstün olduqları oyunda 2 xal itirdi. Oyunu əsasən müdafiədə keçirən “dənizçilər” isə 1 xala görə sevinə bilər.
HUŞƏNG

Reaksiyalar
Aftandil Hacıyev: “Həqiqətən bu gün "Sabah"ın oyununda böyük dəyişiklik gördük. Əvvəlki komandadan çox fərqlənir. Ramin müəllimin işi görünür. Biz də bir-iki epizodda qol vura bilərdik. Ümumilikdə iki hissədə də eyni oyunu göstərdik. Rəqib ikinci hissədə daha çox təzyiq etdi və bir neçə qol imkanı yaxaladı. Meydanı 1 xalla tərk etdik. Bu, yaxşı oldu. Rəqiblərlə müqayisədə bizdə heyət baxımından kasadlıq var. Futbolçular sona qədər mübarizə apardılar. Hər oyun bizim üçün bir imtahandı. Bugünkü nəticəni qənaətbəxş saymaq olar. Məqsəd yaxşı çıxış etdi. İlk yarıda aldığı sarı vərəqə də ucuz idi. Fasilədə bunula bağlı iradımı bildirdim. Görünür, onunla daha ciddi söhbət etməyə ehtiyac var. Bəlkə də psixoloji planda hansısa problemi var”.
Ramin Quliyev: “Maraqlı və baxımlı oyun keçdi. Futbola aid hər şey var idi. Çoxlu qol imkanımız var idi. Baxmayaraq ki, heç-heçə oldu. Futbolçular futbola aid hər şeyi göstərdi. Buna görə uşaqlara təşəkkür edirəm. Futbola yanaşmaları, meydanda sona qədər mübarizə aparmaları məni sevindirdi. Vaxt lazımdı ki, hər bir şeyi tam otuzduraq. Bunun üzərində daha çox çalışmalıyıq ki, problemi aradan qaldıraq. Hər şeydə bir xeyir var. Yəqin məsləhət belə imiş ki, məni indi gətiriblər”.

Gözdən qaçmadı
* İlk yarıda Stamenkoviçin qoruduğu qapının torunda problem yarandığından oyun nəzərdə tutulandan 2 dəqiqə gec başladı.
* Azərbaycan komandaları standart vəziyyətləri bəzən elə əcaib yerinə yetirir ki, adamı gülmək tutur. Məsələn, 9-cu dəqiqədə “Sabah” cərimə zərbəsi vurarkən Təmkinlə Coşqun yanaşı dayanmaqla guya hansısa vacib detalı məsləhətləşirdilər. Ancaq sonda Cosqun heç bir məna kəsb etməyən hərəkətlə yadda qaldı, Təmkin topu cərimə meydançasına göndərdi.
* 34-cü dəqiqədə əvəzlənən Petrovik bu qərardan narazılığını birbaşa paltardəyişmə otağına yollanmaqla ifadə etdi.
* “Hakimlərin mühakiməsi”ndə Kamal Umudlunun idarəçiliyinə ətraflı toxunacağıq. Sadəcə, bir məqamı nəzərinizə çatdıraq ki, referi həm 24-cü, həm də 57-ci dəqiqədə topa toxunmaqla oyunun dayanmasına səbəbkar oldu. Özü də 2-ci epizodda “Səbail”in perspektivli hücumu baş tuta bilərdi.
* 64-cü dəqiqədə penalti nöqtəsi yaxınlığında ötürmə gözləyən Əfran Mirsayibin qapıya zərbə vurduğunu görüb, hər kəsin hiss etdiyi şəkildə narazılığını çatdırdı.
* Məqsəd qırmızı vərəqə ilə cəzalanandan sonra nümayişkaranə şəkildə meydanın içində, yan xəttə paralel hərəkət edib, oyunun canlanmasına imkan vermədi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.