Sizin reklam burada

Zirədə sönük “alqış derbisi”

Title
87. Zirə - Keşlə 0:0
1. Mateus Albino - 4,5
32. Qismət Alıyev - 4,5
44. Dmitrios Çantakias - 4,5
26. Nemanya Andelkoviç - 4,0
2. Sərtan Taşkın - 4,5
4. Elvin Camalov - 5,0
10. Ağabala Ramazanov (k) - 4,5
30. Riçard Almeyda - 4,5
(13. Şəhriyar Rəhimov, 88) - qiymətsiz
7. Tural Bayramlı - 4,5
(29. Musa Qurbanlı, 77) - qiymətsiz
17. Rodriqo Bonqonqui - 4,5
(11. Klesio Bauk, 77) - qiymətsiz
9. Davit Volkov - 4,5
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
91. Ruslan Qurbanov
5. Kərim Diniyev
12. Lazar Corceviç
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Elvin Camalov

85. Kamal Bayramov - 4,5
19. Azər Salahlı - 4,5
3. Tərlan Quliyev (k) - 4,5
(99. Rafael Məhərrəmli, 89) - qiymətsiz
4. Şəhriyar Əliyev - 4,5
8. Tural Axundov - 4,5
14. Turan Vəlizadə - 4,0
91. Sadio Tounkara - 4,5
11. Silvio Rodriges - 4,5
7. Rəhman Hacıyev - 5,0
17. Vüsal İsgəndərli - 4,5
9. Anatole Abanq - 4,5
Ehtiyat oyunçular
27. Əkpər Vəliyev
18. Ruslan Əmircanov
20. Rail Məlikov
10. Sezar Meza Kolli
29. Yevgeni Koçuk
22. Elçin Mustafayev
79. Bahadur Həziyev
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Rəhman Hacıyev
Vərəqələr: A.Ramazanov, 38 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 51 (qeyri-idman hərəkəti). T.Vəlizadə, 53 (qeyri-idman hərəkəti). R.Bonqonqui, 60 (qeyri-idman hərəkəti). A.Abanq, 61 (hakimin qərarına etiraz). Q.Alıyev, 70 (oyunun bərpasını ləngitmək). S.Taşkın, 81 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev (Bakı).
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
11 aprel. Zirə. İdman Kompleksinin stadionu. Tamaşaçısız.
Oyunun qiyməti: 4,5.
Zirədəki soyuqda qarşılaşmanın həyəcanının bizi isidəcəyini düşünsək də, belə olmadı. Oyun o qədər sönük və baxımsız keçdi ki, derbi adını bu görüşə yaraşdırmaq olmazdı. Paytaxt təmsilçiləri ilk dəqiqələrdən bir-birinə qarşı kobudluq edərək üstünlüyü ələ almağa çalışırdılar. Lakin komandaların bu mübarizəsi, sadəcə, qəbilələrarası döyüşü xatırladırdı.
Həm meydan sahiblərinin, həm də qonaqların heyətində yetərincə itki var idi. “Zirə”də İlkinlə Hacıağanın yoxluğu aşkar hiss olunurdu. Düzdü, Tural müəyyən qədər driblinq edərək oyuna rəng qatmağa çalışsa da, bu, onda çox da yaxşı alınmırdı. “Qartallar” meydana 4-1-2-2-1 taxtiki sxemi ilə çıxmışdı. Qismət, Çantakias, Andelkoviç və Sərtan müdafiədə yer almışdı. Onların önündə Elvin dayaq yarımmüdafiəçisi kimi çıxış edirdi. Yarımmüdafiənin mərkəzində qərarlaşan Riçard - Tural dueti hücumların qurulmasına cavabdeh idi. Ağabala sol, Bonqonqui isə sağ vinger kimi çıxış edirdi. Hücumun mərkəzində isə zədədən yeni dönən Volkov yer almışdı.
“Keşlə”də də heyət baxımından vəziyyət ürəkaçan deyildi. Kamara, Meza Kolli və Koçukun yoxluğu Sənan Qurbanovu çətin vəziyyətə salmışdı. 41 yaşlı mütəxəssis futbolçu sarıdan əziyyət çəkirdi ki, 90 dəqiqə ərzində yalnız məcburi dəyişiklik etməklə kifayətləndi. “Qırmızılar” da meydana eyni taktiki sxemlə çıxmışdı. Müdafiədə Azər, Şəhriyar, Tərlan, Tural “dördlüy”ü yer almışdı. Onların önündə gənc Turan çıxış edirdi. Təcrübəli futbolçuların yoxluğunda Vəlizadə özünü heç də yaxşı tərəfdən göstərmədi. Yarımmüdafiənin mərkəzində isə Sadio və Rəhman mübarizə aparırdı. Tounkaranın burda məcburiyyətdən oynadığı aşkar hiss olunurdu. Silvio sol, Vüsal sağ vinger kimi çıxış edirdi. “Keşlə”nin yeganə qol ümidi Abanq idi ki, o da sadəcə, hava toplarını götürməkdən başqa heç nə ilə yadda qalmadı.
Oyunun olduqca maraqsız keçdiyini xatırlatmaq yanlış olmaz. Çünki həqiqətən də komandalar kombinasiyalı hücumlar qurmaq, ötürmələrlə rəqib müdafiəsini yarmaq əvəzinə kobud oyuna həvəs göstərmək və daha çox təhlükəli epizodlarda çığır-bağır salmaqla məşğul idi. “Zirə”nin oyunlarında Rəşad Sadıqovun hakimlərə etiraz etməklə ad çıxarması heç kimə sirr deyil. Sənan Qurbanov derbidə həmkarından bu baxımdan heç də geri qalmadı.
Klub nümayəndələrinin öz futbolçularını çox alqışması da maraqlı məqamlardan biri idi. Sanki rəqiblərin hər bir əməkdaşı bir-birinə acıq olsun deyə oyunçularına çəpik çalırdılar. Onların bu fəallığına görə qarşılaşmanı “alqış debisi” adlandırmaq olar.
Futbolçuların özünü göstərə bilmədiyi görüşün ən yaxşısı adına iki nəfəri layiq görmək olar. Bunlar AFFA nümayəndəsi Aslan Şahgəldiyevlə “Keşlə”nin Müşahidə Şurasının rəhbəri Zaur Axundovun adını bilmədiyimiz şəxsi mühafizəçisi idi. Onların bu ada niyə layiq olduqlarını “gözdən qaçmadı”da oxuya bilərsiz. Hər iki komandanın “yola verdiyi” oyun isə 0:0 hesabı ilə bitdi. Bununla da “Keşlə”də qələbə həsrəti 12, “Zirə”də 5 oyuna çatdı.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* Ruslan Qurbanov oyunöncəsi məşqdə “Keşlə”nin bütün futbolçuları ilə zarafatlaşaraq görüşdü. Hücumçu meydanı “qırmızılar”ın yarımmüdafiəçisi Yevgeni Koçukla qucaqlaşaraq tərk etdi.
* AFFA nümayəndəsi Aslan Şahgəldiyev VİP sektorda azyaşlı uşağın əyləşdiyini bildirib, təhlükəsizlik xidmətinin əməkdaşlarına onun stadiondan uzaqlaşdırılmasını tapşırdı. PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri həmçinin tibbi maskadan istifadə etməyən hər kəsə bir-bir yaxınlaşaraq, qaydaları pozmamağı tələb edirdi. Aslan bəy hətta “Keşlə”nin Müşahidə Şurasının rəhbəri Zaur Axundovdan da tibbi maskadan istifadə etməyi tələb etdi. “Keşlə”nin rəhbərinin yanındakı şəxs buna əsəbləşərək “yaxşı da, başa düşdük”, - deyə etiraz etsə də, o, hər iki şəxsə qaydalara əməl olunmasının vacibliyini xatırlatdı.
* Oyunu izləyənlər arasında millinin baş məşqçisi Canni de Byazi, tərcüməçisi və köməkçisi Arif Əsədov da var idi. Arif bəyin Zirə İdman Kompleksinə himn səslənən zaman gəlib çatması nəzərimizdən qaçmadı.
* Zaur Axundovun şəxsi mühafizəçisi komandanın meydanda olan bütün futbolçularına tapşırıq verirdi. Onun “qırmızılar”ın nadir hücumları zamanı həyəcan keçirməsi, reaksiyası o qədər də maraqlı keçməyən qarşılaşmaya rəng qatırdı.
* Rəşad Sadıqov görüş başlamamış Sənan Qurbanovla qucaqlaşaraq görüşdü. “Zirə”nin baş məşqçisinin “Keşlə”nin məşqçilər heyəti ilə bir-bir görüşməsi də maraqlı məqamlardan idi.

Reaksiyalar
Sənan Qurbanov: “Zirə” səfəri həmişə çətin olub. Rəqib ilk “3-lük”də qərarlaşıb. Futbolçular əllərindən gələni etdilər. Meydan ağır idi. Futbolçulara ikiqat güc düşdü. Oyunçuların zədələnməməsi çox vacibdi. Çünki qarşıda həm çempionat, həm də kubok oyunlarımız var. Futbolçuların sağlam olması vacibdi. Tərlandan başqa itkimiz olmadı. İnşallah, onun da zədəsi ciddi olmaz. Səfərdən 1 xalla gedirik. 3 xal vacib idi. Bununla belə, irəli baxmalı, əlimizi yanımıza salmamalıyıq. Oyundan əvvəl də Tərlanın ayağında ağrılar var idi. Meza Kolli çoxdan komanda ilə məşq etmirdi. Yevgeni Koçuk da komandadan ayrı düşmüşdü. Zədə olmaması üçün ehtiyatlandıq. Bu səbəbdən də onların xidamətindən yararlanmadıq. Meydan amili də var idi deyə ehtiyat etdik”.
Rəşad Sadıqov: “Son turlarda çox yaxşı futbol göstərən komandaya qarşı oynayırdıq. Baxmayaraq ki, uzun müddətdi qələbə qazanmırlar, matçın gedişi də təhlükəli rəqib olduqlarını göstərdi. Oyun üstünlüyümüzlə keçdi. Bəzi məqamlarda dəqiqlik çatmadı, hücumları tamamlaya bilmədik. Hər halda, 1 xal qazandıq. Qarşıdakı oyunlara baxacağıq. Kubokun yarımfinalında da “Keşlə” ilə rəqibik. Bu matç göstərdi ki, kubokda bizi çətin, gərgin oyunlar gözləyir”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.