Sizin reklam burada

“Qarabağ” qapalı müdafiəni yarmağın yolunu göstərdi

Title
88. Qarabağ (Ağdam) – Sumqayıt 4:1 (1:0)
1. Şahruddin Məhəmmədəliyev – 6,0
44. Elvin Cəfərquliyev – 5,5
4. Rahil Məmmədov – 5,5
81. Kevin Medina – 6,0
5. Maksim Medvedev (k) – 5,5
6. Patrik Andrade – 5,5
18. İsmayıl İbrahimli – 5,5
10. Abdulla Zubir – 6,5
(30. Abbas Hüseynov, 81) – qiymətsiz
19. Filip Ozobiç – 6,0
(8. Uroş Matiç, 83) – qiymətsiz
27. Toral Bayramov – 5,5
7. Kvabena Ovusu – 5,5
(55. Bədavi Hüseynov, 87) – qiymətsiz
Ehtiyat oyunçular
12. Emil Balayev
94. Ayhan Arazlı
2. Qara Qarayev
9. Xayme Romero
66. Cavid Bayramov
21. Rauf Hüseynli
99. Hüseyn Hüseynzadə
29. Zamiq Əliyev
83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir

1. Mehdi Cənnətov - 4,5
7. Tellur Mütəllimov – 4,0
5. Camaləddin Xocaniyazov – 3,5
14. Elvin Bədəlov – 3,5
4. Höccət Haqverdi – 4,0
78. Dmitri Nağıyev – 3,5
6. Vüqar Mustafayev (k) – 4,0
17. Murad Xaçayev – 3,5
(8. Səbuhi Abdullazadə, 46) – 3,5
97. Xəyal Nəcəfov – 4,0
(11. Mehdi Şərifi, 56) – 3,5
10. Rəhim Sadıxov – 4,0
9. Əli Qurbani – 5,0
(20. Rüfət Abdullazadə, 72) – 4,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
3. Vurğun Hüseynov
60. Elvin Məmmədov
33. Eltun Turabov
22. Cavid İmamverdiyev
21. Cabir Əmirli
30. Nəbi Məmmədov
18. Süleyman Əhmədov
Baş məşqçi: Ayxan Abbasov.
Komandanın ən yaxşısı: Əli Qurbani
Qollar: A.Zubir, 45+1 (1:0, T.Bayramov). C.Xocaniyazov, 47-öz qapısına (2:0). Ə.Qurbani, 60 (2:1, E.Bədəlov). A.Zubir, 71 (3:1, E.Cəfərquliyev). F.Ozobiç, 79 (4:1).
Vərəqələr: V.Mustafeyev, 66 (qeyri-idman hərəkəti). E.Cəfərquliyev, 74 (qeyri-idmn hərəkəti). M.Şərifi, 82 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
11 aprel. Bakı. Azərsun Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bazar günü Qurban Qurbanovun komandası çempionluq mübarizəsində əsas rəqibi “Neftçi”yə qapalı müdafiəni yarmağın yolunu göstərdi. “Azərsun Arena”da keçirilən görüş çox dinamik, baxımlı və şən alındı. İlk yarıda qonaqlar az-çox müqavimət göstərməyi bacardısa, ikinci hissə tam “köhlən atlar”ın üstünlüyü şəraitində keçdi. Hərçənd oyunun ilk dəqiqələri “kimyaçılar”ın böyük hesabla məğlub olacağından xəbər vermirdi.
İlk təhlükəli vəziyyət ağdamlıların qapısı önündə yarandı. 14-cü dəqiqədə Tellur əlinə düşən fürsətdən yararlana bilsəydi, bəlkə də oyunun axarı fərqli məcraya yönələcəkdi. Ancaq Mütəllimovun iti bucaq altında topu uzaq küncə ünvanlamaq istəyi qeyri-dəqiq alındı. Bu məqam meydan sahibləri üçün sanki həyəcan siqnalı oldu. Məhz bundan sonra “Qarabağ”ın futbolçuları toparlanaraq kəsərli hücumlar qurmağa başladılar. Yeri gəlmişkən, “köhlən atlar”ın start heyətində Bədavi Hüseynov, Qara Qarayev, Xayme Romero kimi aparıcı futbolçular yer almamışdı. Ancaq Zubirlə Ozobiç meydandadısa, Qurban Qurbanov heç nəyə görə narahat olmamalıdı. Zubir kimi top sehrbazı qarşılaşmanın taleyini həll etdi. Mərakeş əsilli fransız futbolçu ilk hissəyə əlavə olunan dəqiqədə hesabı aça bildi. Komanda yoldaşlarının sürətli əks-hücumundan sonra Abdullanın zərbəsi yolüstü Xaçayevə dəyərək tora düşdü. Qolda Mehdinin günahlandırmaq olmaz. “Sumqayıt”ın qolkiperi istiqamətini dəyişən topu çıxarmaqda əlacsız idi. Qola qədər isə Cənnətov “çərçivə”də inamlı təsir bağışlayırdı. Bir neçə epizodda, xüsusilə də Ozobiçin cərimə zərbəsindən vurduğu topu gözəl seyvlə tirin altından çıxarmaqla yadda qalmışdı.
İlk yarıda az qala rəqiblə başabaş mübarizə aparan “Sumqayıt”dan əsər-əlamət qalmamışdı. Müdafiəsi pərən-pərən düşən “kimyaçılar”ın uşaq səhvləri baha başa gəldi. Əvvəlcə 47-ci dəqiqədə mövsümdə bəlkə də ən zəif oyununu keçirən Xocaniyazov topu öz qapısına göndərdi. 71-ci dəqiqədə isə Zubir komandasının üçüncü, özünün ikinci qolunu vurdu. Düzdü, ona qədər, daha dəqiq desək, 60-cı dəqiqədə Qurbani hesab arasında fərqi azaltmağı bacarmışdı. Ancaq ağdamlılar təzyiqi artıraraq, qonaqların bir qoluna iki qolla cavab verdilər. 79-cu dəqiqədə isə Ozobiç oyunda son nöqtəni qoydu. Yarımmüdafiəçi qapıçının irəli çıxdığını görüb cərimə meydançasının sol tərəfindən aşırma zərbə ilə qonaqları növbəti dəfə meydanın mərkəzinə dəvət etdi.
RƏŞAD

Reaksiyalar
Ayxan Abbasov: “Çətin oyun oldu. Belə də gözləyirdik. Qarşıda bizi çətin oyunlar gözləyir. Ruhdan düşmək olmaz. Bu gün qol vəziyyətləri yaratmağa nail olurduq. Fasiləyə bərabərliklə yollanmaq istəyirdik. Amma bu gün hakimin kobud səhvi oldu. İlk qolda Vüqar Mustafayevə qarşı kobudluq oldu, görmədilər. Hakimləri oyuna aqressiv hazırlayırlar. Xüsusən də dördüncü hakimləri başa düşə bilmirəm. Baş məşqçiyə hərəkət etmək, söz demək imkanı vermirlər. Bu gün də hakimlikdən narazı qaldıq. Avropaya baxıb öyrənsinlər. Dördüncü qolda da ofsayd var idi. Öz oyunçularımın da ötürmələrdə səhvləri oldu. Əli Qurbaninin zədələnməsi də planlarımızı pozdu. “Qarabağ” isə səhvlərdən istifadə edən komandadı. Murad Xaçayevin zədəsi var idi, amma risk edib meydana buraxdıq. İlk hissənin sonlarına yaxın özünüz də gördüz ki, axsayırdı. Vüqar Mustafayevin xəstəliyi var idi, bir məşq edib oyuna çıxmışdı. Az məşq edən futbolçuların tempə uyğunlaşmaması normaldı. Bütün futbolçularıma güvənirəm. Rotasiyalarımız olacaq. Qarşımıza mütləq Avropa Liqasına çıxmaq məqsədi qoyulmayıb. Hədəfimiz mübarizə aparmaqdı. Bu periodda zədələnməmək önəmlidi. Bu üzdən dəyişikliklər etməyə məcburuq. “Qarabağ” öz meydanında yaxşı çıxış edir. Statistikaya fikir verməmişəm. “Tofiq Bəhramov”da bərabərə qaldığımız vaxtlar olub. “Qarabağ”la “Neftçi”nin səviyyəsi göz qabağındadı. Biz bu oyuna çox detallı hazırlaşmışdıq. “Qarabağ” çempionatın ən yaxşı komandasıdı. Həm müdafiədə, həm də hücumda pressinq edir. Kubok oyunu tam başqa olur. Çempionatda bizi “Zirə” və “Qəbələ” ilə çox çətin oyunlar gözləyir. Açığı, hələ kubok görüşü barədə düşünməmişik”.
Qurban Qurbanov: “Futbolçularımı təbrik edirəm. Bu gün çox dinamik, istəkli komandaya qarşı oynadılar. Rəqib sona qədər oyundan qopmadı, daim nəticə, düzgün oyun üçün ən yaxşısını etməyə çalışdı. Vacib qələbə idi. “Sumqayıt”a qarşı oynamaq mənim və futbolçularım üçün xoşdu. Qarşıdakı oyunlarda daha diqqətli olmalıyıq. Problemlərimiz olsa da, meydandakı futbolçular oyun nizam-intizamını qorumağa çalışdılar. Qara və Mahir bu günə kimi fərdi məşq edirdilər. Qara son məşqin bəzi hissəsində komanda ilə birgə oldu. Bəlkə də oynaya bilərdilər, amma risk etmədik. Mahirin “Səbail”lə görüşdə iştirakı sual altındadı. Romeronun da mikrozədəsi var idi. Bu həftə kollektivlə 40-50 faiz məşq etmişdi. Onun da bu gün meydana çıxması riskli idi. “Sumqayıt”ı 6:1 hesabı ilə məğlub etdiyimiz oyundakı heyətə güvənmişdim? Açığı, həmin heyət yadımda deyil. Bu gün futbolçu sayında da problemlərimiz var. Tam hazır olanlar meydanda idi. Özünüz də gördüz ki, həmişəki kimi deyil, fərqli dəyişikliklər etdik. Zubiri daha tez əvəzlədik. Rəqibin baş məşqçisinin 4-cü hakimdən şikayətlənməsinə gəlincə, bu gün biz tərəfdən belə bir şey yox idi. Ayxan müəllim tərəfə baxmadım. Bəzi oyunlarda hakimlər etirazlarını bildiriblər. Ümumilikdə texniki zonada çox səs-küy olmasını xoşlamıram. Amma futbol emosional oyundu. Hakimin məşqçiyə etirazını bildirməsi də futbolun gözəlliklərindəndi. Həm çempionatda, həm də ölkə kubokunda qalib gəlmək istəyiriksə, çətinlikləri göz önünə gətirməliyik. İnşallah, qarşıdakı oyunlarda heyətimiz düzələr, sağlam futbolçuların sayı çox olar. Çempionatda qalib gəlməklə kuboku qazanmaq fərqli nüfuzdu. Sıx qrafikə düşürük. Doğru addımlar atmağa, rotasiyalar etməyə çalışacağıq. İlk növbədə öz oyunumuzu düşünürük. Nə qədər desək ki, fikrimiz öz oyunumuzdadı, ola bilsin, futbolçular başqa oyunları da izləyir. Amma biz öz nəticəmizi düşünərək oynayırıq”.

Gözdən qaçmadı
* Hakimin final fitindən öncə “Azərsun Arena”nın tablosunda bazar günü dünyasını dəyişən veteran futbolçu Füzuli Cavadovun şəkli yerləşdirilmişdi.
* Oyundan öncə “Qarabağ”ın futbolçusu Xayme Romero həmyerlisi, “Sumqayıt”ın fiziki hazırlıq üzrə ispan məşqçisi Xerard Merino ilə şirin-şirin söhbət edirdi.
* Komandalar fasiləyə yollanarkən qonaqların çalışdırıcısı Ayxan Abbasovla 4-cü hakim funksiyasını yerinə yetirən İnqilab Məmmədov arasında “söz davası” yaşandı. Abbasov ilk yarıdakı hakimlikdən, xüsusilə də Məmmədovdan narazı qalmışdı.
* İkinci hissənin əvvəlində Əli Qurbani komanda yoldaşları ilə birgə meydana çıxmaq istəyərkən İnqilab Məmmədov onun qarşısını kəsdi. Forvardın formasnda qan ləkəsi olduğundan 4-cü hakim Əlidən yeni mayka geyməsini istədi. Qurbani bunu edincə isə meydan sahibləri qonaqları ikinci dəfə cəzalandırdılar.
* Stadionun diktoru Ramiz Qafarov “Qarabağ”ın 4-cü qolunun müəllifi kimi İsmayıl İbrahimlinin adını çəksə də, çox keçmədən səhvini düzəldərək, qolu Ozobiçin vurduğunu söylədi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.