Sizin reklam burada

AFFA Ozobiçi də “milliləşdirir”

Title
De Byazi, meyvəyə dəymə!
Yəqin sosial şəbəkələrdə məşhur olan “meyvəyə dəymə” məsəlini hər kəs bilir. Molla yas mərasimində “Fatihə” surəsini oxuyan zaman stolu yığışdıran ofisianta yavaşca səslənir: “meyvəyə dəymə!”
Son illərdə Azərbaycan futbolunun can verdiyini desək, yanılmarıq. Milli komandamızın müxtəlif turnirlərdə uğursuzluqları bunu deməyə əsas səbəbdi. Yalnız “Qarabağ”ın son illərdə avrokubokların qrup mərhələlərinə vəsiqə qazanması futbolumuzun nəfəs alıb-verməsinə işarədi. Son vaxtlar ağdamlıların da işləri yaxşı getmir. “Köhlən atlar”ın Avropa Liqasının İ qrupunda 1 xalla sonuncu pilləni tutması bunun əyani sübutudu. Komanda futbolçu çatışmazlığı, eyni zamanda oyunları Bakıda keçirə bilməməsi səbəbindən son avrokubok mövsümünü bir növ yola verdi. Gəzən söz-söhbətə görə, “Azərsun Holdinq” növbəti mövsüm üçün maliyyə dəstəyini azalda bilər.
Mövzumuz bu deyil. Gələk əsas məsələyə. “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç də “milliləşdirilir”. Canni de Byazi xorvatiyalı futbolçunun xidmətində maraqlıdı. Bunu italiyalı mütəxəssis son müsahibəsində açıqlayıb: “Ozobiçlə milidə oynaması barədə söhbətimin olduğu doğrudu. Ümid edirəm ki, sentyabra qədər bütün sənədləşmə işlərini qaydaya sala biləcəyik. Filip yaxşı keyfiyyətlərə malik, çox ağıllı futbolçudu. Özü də millidə çıxış etmək istəyir. Beş ildi Azərbaycanda yaşayır və özünü bu ölkənin vətəndaşı kimi hiss edir. Ozobiçin bizə çox köməyi dəyər".
“Qarabağ”ın heyətində cari mövsümdə 11 qol vuran yarımmüdafiəçinin özü də yığmamızda oynamağa müsbət baxır. Xorvatiyalının yerli mediaya müsahibəsindən bir hissəni diqqətinizə çatdırırıq:
- Sonda geniş müzakirə olunan Azərbaycan millisində oynamaq perspektivin haqda. Məlumdu ki, ölkəmizdə çıxış etməyinin bu yay 5 ili tamam olur. Bundan sonra millimizdə oynamaq təklifi gələrsə, bunu qəbul edərsən? Belə bir istəyin var indidən?
- Buna da yayda baxarıq. Həmin vaxt Azərbaycanda olmağımın 5-ci ili tamam olacaq. İndi əsas istəyim son 7 matçda yaxşı oynayıb komandama kömək etməkdi.
- Maraqlıdı, AFFA-dan belə bir təklif almısan? Qeyri-rəsmi də olsa, danışıq olub?
- Millinin baş məşqçisi Canni de Byazi ilə söhbətim oldu. Ona dedim ki, bu yalnız yaydan sonra mümkün ola bilər, indi mövsümün sonuna yaxşı hazılaşmaq istəyirəm və bundan sonra başqa məsələlər haqda düşünə bilərəm.
Bir sözlə, Ozobiçin millimizdə oynaması üçün işlərə start verilib. Nə deyirik, alan razı, satan razı. Amma bir məsələ var. Premyer-liqada özünü yaxşı tərəfdən göstərib, “milliləşdirilən” futbolçulardan hansı yığmaya xeyir verib? Branimir Subaşiç, Fabio Luis Ramim, Ernani Pereyra, Andre Ladaqa, yoxsa hazırda “Zirə”nin formasını geyən Riçard Almeyda? Bəli, bu futbolçular öz klubları üçün nələrsə ediblər, çempionatımıza rəng qatıblar. Amma milli komandada hansısa biri fövqəladə çıxışla diqqəti çəkməyib. Yəni həqiqətən Ozobiçin “milliləşməsi” ilə işlər qaydaya düşəcək? Onun yığmaya çağrılması kimə xeyir verəcək? Təkcə “Qarabağ”a? Bəli, ağdamlıların daha bir vacib futbolçusu premyer-liqada legioner kimi çıxış etməyəcək. Bu, “köhlən atlar”a xeyir verər bilər. Amma yuxarıda adını sadaladıqlarımın hamısının karyerasına baxdıqda milliyə dəvət olunandan sonra klublarında problem yaşadıqlarını, əvvəl göstərdikləri performansı sərgiləyə bilmədiklərini görə bilərik. Nə qədər fərziyə ilə danışsaq da, faktdı. İndiyə kimi olanlar göstərir ki, ölkəmizdə çıxış edən əcnəbinin “milliləşdirilməsi” futbolumuza xeyir vermir. Əksinə, klubuna ziyan vurur.
Bəli, Ozobiç hazırda “Qarabağ”ın bəzəyidi, göz qamaşdıran meyvəsidi. Cənab De Byazi, Filipin oyunu iştahını qabarda, ağzını sulandıra bilər. Amma lütfən, o meyvəyə dəymə!
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.