AFFA jurnalistlərlə azarkeşlərə güzəşt edəcəkmi?
AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarında azarkeşlərin iştirakı ilə bağlı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun rəsmi saytına açıqlama verib. O, mayın 15-də bilet satışının bərpa olunacağını da bildirib: “Aprelin 8-də ictimaiyyətə verilən məlumatda qeyd olunduğu kimi, AÇ-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarında azarkeşlərin iştirakı ilə bağlı bütün müvafiq sənədlər, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı UEFA-ya göndərilib. Turnirə evsahibliyi edəcək digər şəhərlər haqda da ümumi məlumat artıq paylaşılıb. Sevindirici haldı ki, Bakıda keçiriləcək oyunlar zamanı stadionun tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin qarşılaşmaları tribunalardan izləməsi mümkün olacaq. AÇ-2020-nin təşkil olunacağı digər şəhərlərdə rəqəmlər fərqlidi. Ümid edirəm ki, çempionatın keçiriləcəyi bütün şəhərlərdə azarkeşlərin iştirakı minimum 50 faizə qədər təmin ediləcək. Mayın 15-də bilet satışı bərpa olunacaq. Stadionun ümumi tamaşaçı tutumunun cəmi 50 faizinə azarkeşlərin buraxılacağını nəzərə alaraq, futbolsevərlərə biletlər satışa çıxan kimi tələsməyi tövsiyə edərdim. Bizi maraqlı oyunlar gözləyir. Xüsusilə qardaş Türkiyə millisinin iki oyununun Bakıda keçiriləcəyini bir daha xatırlatmaq istərdim. Özünəməxsus futbol ənənələrinə malik Uels və İsveçrə millilərinin qarşılaşmasının da maraqlı olacağına şübhə etmirəm. Bakı Olimpiya Stadionunda izləyəcəyimiz 1/4 final oyununda isə Avropa çempionu adına iddialı iki komandanın qarşılaşa biləcəyi istisna olunmur. Stadiona girişlə bağlı qaydaları bilet satışı başlamamış detallı şəkildə təqdim edəcəyik. Sağlam olaq və böyük futbol həyəcanına birgə şahidlik edək”.
AÇ-2020-nin oyunlarına evsahibliyi edəcək təşkilatçı şəhərlərdən 8-i azarkeşlərlə bağlı UEFA-ya təminat verib. Bu haqda qitə futbol qurumunun rəsmi saytı xəbər yayıb. Onların arasında A qrupunun 3 və 1/4 finalın 1 oyununu qəbul edəcək Bakı da var. Azərbaycan paytaxtı ilə yanaşı, Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqo (Şotlandiya) sözügedən məsələ barədə UEFA-nı məlumatlandırıb. Qitə futbol qurumunun açıqladığı məlumata əsasən, ən çox azarkeş Macarıstan paytaxtında olacaq. "Puşkaş Arena"ya ümumi azarkeş tutumunun (67215) 100 faizi qədər tamaşaçı buraxılacağı açıqlanıb. Bakı Olimpiya Stadionu və "Sankt-Peterburq Arena"da 50, Amsterdamdakı "Yohan Kroyf Arena", Kopenhagendəki "Parken" stadionu, Buxarestdəki Milli Stadion və Qlazqodakı "Hempden" stadionunda ümumi tutumun 25-33 faizi qədər azarkeş olacaq. İngiltərə isə Londondakı "Uembli" stadionunda oynanılacaq qrup mərhələsinin 3 və 1/8 finalın 1 oyununda minimum 25 faiz fanat iştirak edəcəyini bildirib. Təşkilatçı şəhər yarımfinal və final görüşlərində azarkeş sayının artırılacağına ümid edir. Münhen (Almaniya), Roma (İtaliya), Bilbao (İspaniya) və Dublin (İrlandiya) isə tamaşaçılarla bağlı planlarını aprelin 19-da təqdim edəcəklər. Bu şəhərlər barədə yekun qərar məhz həmin gün veriləcək.
Yuxarıda qeyd olunan şəhərlərlə bağlı hansısa problem yaranarsa, Bakı daha artıq oyun qəbul edə bilərmi? AFFA bununla bağlı UEFA-ya müraciət ünvanlayıbmı? Suallarımızı qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla cavabladı: “Həmin şəhərlərlə bağlı yekun qərar veriləndən sonra hansısa addım atıla bilər. Hazırda bu haqda nəsə demək tezdi”.
Qurum rəsmisi Bakıda keçiriləcək oyunlarda həm yerli azarkeşlər, həm də jurnalistlərə ediləcək güzəştlərlə barədə də danışdı: “Fanatlarla bağlı mayın 15-də bilet şatışı bərpa olunandan sonra qərar veriləcək. Bundan sonra hansısa kampaniyaların keçirilib-keçirilməyəcəyi bəlli olacaq. Jurnalistlərlə bağlı da eyni vəziyyətdi. Bakıda keçirilən Avropa Liqasının finalı üçün media mənsublarına oyunla bağlı hədiyyələr verilib, kampaniyalar həyata keçirmişdik. Jurnalistlər oyunların işıqlandırılması ilə üçün yalnız UEFA-dan qeydiyyatdan keçməlidilər. Avropanın ali futbol qurumuna bununla bağlı təsir göstərə bilmərik. Biz bilet hədiyyə etsək belə, bunlardan ancaq matçları izləmək üçün istifadə edə biləcəklər”.
İLKİN SULTANLI