Sizin reklam burada

Yığmaya ən çox futbolçu göndərənlər Obradoviçə etiraz etməyib

Title
İlqar Mənsimov: “Təqvimin dəyişməsinə, oyunların təxirə salınmasına görə narazılıq olub”
21 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Milan Obradoviç ötən sayımız üçün verdiyi açıqlamada birinci divizionda çıxış edən klubların baş məşqçilərinə üsyan etdi desək, yanılmarıq. Serbiyalı mütəxəssis konkret ad çəkməsə də, çalışdırıcıları tənqid etdi. Gəlin, Obradoviçin açıqlaması ilə yenidən tanış olaq: “Bəzən birinci divizionda çıxış edən komandalardan zənglər gəlir ki, onların milliyə dəvət etdiyim futbolçularını geri verim. Digərləri isə narazılıq edir ki, niyə klubumdan oyunçu çağırmırsan? Yaxud da bəziləri şikayət edir ki, niyə 10 futbolçumu milliyə dəvət etmisən? Bunu heç vaxt anlaya bilməyəcəm. Belə şeyləri heç vaxt dəstəkləmirəm və qəbul etmirəm. Serbiyada da məşqçi, millinin çalışdırıcısı da olmuşam, indi də Azərbaycan üçün çalışıram. Amma heç vaxt belə şey görməmişəm. Karyeram ərzində belə şeylərə heç vaxt fikir verməmişəm və bir daha bu cür hadisələrin yaşanmasına razı olmayacam. Oyunçu xoşuma gəlirsə, onu milliyə layiq bilirəmsə, dəvət edəcəm. Milli komandaya çağrılmaq hər bir futbolçu üçün qürur olmalıdı. Klublar da bunu mütləq anlamalıdılar. Birinci divizion 21 yaşlılardan ibarət milli komandanın əsas bazasıdı. Burda çıxış edən istənilən futbolçunu yığmaya dəvət edə bilərəm”.
Martın 15-29-u aralığında təşkil olunan təlim-məşq toplanışına çağrılanlara nəzər yetirsək, “Sabah-2”dən 9, “Neftçi-2”dən 6, “Qarabağ-2”dən isə 3 futbolçu U-21 yığmasına dəvət olunub. Milliyə dəvət olunan oyunçuların çoxluğundan məhz bu komandaların baş məşqçilərinin narazılıq etməsi ehtimalını nəzərə alıb, onlarla əlaqə saxlamaq istədik. Əvvəlcədən qeyd edək ki, “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanovla dəfələrlə əlaqə saxlamaq istəsək də, cəhdimiz baş tutmadı. “Qarabağ-2”in baş məşqçisi Cavad Mirzəbəyli və “Sabah-2”nin çalışdırıcısı İlqar Mənsimov isə suallarımızı cavabladılar. Hər iki mütəxəssisdən Obradoviçlə yığmaya çağrılan futbolçularının geri qaytarılması ilə bağlı danışıb-danışmadıqlarını və oyunçularının U-21 yığmasına çağrılmasına görə şikayətçi olub-olmadıqlarını soruşduq.
İlqar Mənsimov (“Sabah-2”in baş məşqçisi): “Klubun çalışdırıcısı olaraq, mən belə şey etməmişəm. Bizim əsas prioritetimiz “Sabah”ın əsas komandasına və milliyə futbolçu yetişdirməkdi. Heç vaxt da baş məşqçinin seçiminə qarışmamışam və ya etiraz etməmişəm. Düzdü, təqvimin dəyişməsinə, oyunların təxirə salınmasına görə narazılıq olub. Bizim komandadan 9 futbolçu U-21 yığmasına çağrılıb. Buna görə də bir sıra problemlər yaşamışıq. Fasilə müddətində futbolçuların məşqlərinə nəzarət etməkdə çətinlik yaşanır. Amma buna görə heç vaxt Milan Obradoviçə zəng etməmişəm ki, niyə bu qədər çox futbolçu çağırmısan? Buna ancaq rəhbərlik etiraz edə bilər. Yenə deyirəm, bizim üçün əsas məqsəd milliyə futbolçu yetişdirməkdi. Yığmanın uğur qazanması üçün əlimizdən gələn qədər çalışırıq və buna da davam edəcəyik”.
Cavad Mirzəbəyli (“Qarabağ-2”nin baş məşqçisi): “Bizim komandadan üç futbolçu milliyə dəvət almışdı. Düzdü, mənim fikrimə görə, buna layiq olan başqa oyunçular da var. Amma bununla bağlı yekun qərarı baş məşqçi verir. Bu barədə çox danışmaq istəmirəm. Heç vaxt da Obradoviçdən belə tələbim olmayıb ki, bizim komandadan niyə az çağırmısan, ya çox? Milli komanda hamımızındı. Ora nə qədər çox futbolçu versək, bizim üçün yaxşıdı. Bu, bizim komanda üçün şərəf və qürurdu. Buna görə heç vaxt etiraz etməmişik və etməyəcəyik də”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.