Sizin reklam burada

Yersiz məşğuliyyət

Title
Düşmən ölkə ilə istənilən formatda müqayisəni sevmirəm, qəbul edə bilmirəm. Özü də söhbət, demək olar ki, bütün parametrlərdə zəif düşməndən gedirsə. Onların hansısa sahədə bir az qımıldanması, irəli getməsi heç vecimə də deyil. Axı bunun mənə, ümumilikdə bizə nə istisi, nə soyuğu? Belə müqayisələrdənsə, həmin sahədə onlardan geri qalmağımızın səbəblərini araşdırıb ortaya çıxarmaq daha faydalı məşğuliyyətdi.
Dünya çempionatının seçmə mərhələ oyunlarından sonra sosial şəbəkələr “partlayırdı”, qaynar qazanı xatırladırdı. Əksəriyyət qəzəbindən zəncir çeynəyirdi. Qrupa iki məğlubiyyətlə başlayan, üstəlik, yoxlama oyununda zəif təsir bağışlayan milli komandanın aşağılanması, lağlağı obyektinə çevrilməsi fonunda böyük əksəriyyət ermənilərin uğurlu startına fokuslanmışdı. Öncə onu qeyd edim ki, ölkənin adı üstündə olan komandaya bu şəkildə yanaşma mənə görə qəbulolunmazdı. Nəticə necə olur-olsun, təhqirə yol verməyin yeri yoxdu. Ümumiyyətlə, söyüş, lağlağı, aşağılamaq çıxış yolu, heç kimə başucalığı gətirən məşğuliyyət deyil. Uğursuzluq varsa, deməli, onu şərtləndirən səbəblər var. Əsas diqqət də məhz bu yöndə olmalıdı. Ermənilərin uğurundansa, buna fokuslanaq. Səbəbləri araşdıraq, çıxış yolları göstərək. Amma təəssüf ki, aradan müəyyən müddət keçməsinə rəğmən, hələ də bu yöndə, demək olar ki, ciddi heç nə ortaya qoyulmayıb. Futbol ictimaiyyəti olaraq kor atı minib köndələn çapmaq mərəzindən əl çəkə bilmirik. Bununla böyük bir missiyanı yerinə yetirdiyini düşünənlər yanılır. Əsl missiya futbolumuzu düşdüyü çuxurdan dartıb çıxarmaq üçün təklif, məsləhət verməkdi.
Erməni mənbələrini, demək olar ki, hər gün izləyirəm. Seçmə mərhələ oyunları dönəmində də diqqətdə saxladım. Onlar öz yığmalarının çıxışına bizim qədər reaksiya vermədi. Heç biz tərəfə boylanmadılar da. Milli komandamızın uğursuzluğunu əldə bayraq edib, özləri ilə müqayisə etmədilər. Nə aşağıladılar, nə də lağlağı obyektinə çevirdilər. Çünki yersiz məşğuliyyətdi, vaxt itkisidi. Bəlkə də dığalar hələ də Vətən müharibəsində yedikləri sarsıdıcı zərbənin təsirindən ayılmayıblar. 44 gün ərzində üzləşdikləri yenilgini hələ də həzm edə bilmir, səbəblər üzərində baş sındırırlar. Gəlin, biz də baş sındıraq. Azərbaycanın adını daşıyan komandanın niyə bu gündə olmasının səbəblərini araşdıraq. Vəziyyətdən çıxmaq üçün təkliflər verək. Özümüzü aşağılayıb, düşməni dağ başına qaldırmaq əvəzinə faydalı işlə məşğul olaq.
Ölkədə futbolun inkişafına cavabdeh olan, amma bu yöndə heç bir irəliləyişə nail ola bilməyən AFFA rəhbərliyi də papağını önünə qoyub fikirləşməlidi. Köklü, radikal islahatlar qaçılmazdı. Bu yöndə inkişaf modeliniz, strategiyanız yoxdusa, futbol ictimaiyyətini dinləyin, maraqlı təklifləri nəzərə alın. Söhbət milli komandadan, ümumilikdə futbolumuzdan gedirsə, umu-küsü arxa plana keçməlidi, hamılıqla bir hədəfə vurmalıyıq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.