Sizin reklam burada

“Araz Naxçıvan”ın divizionda iştirakı AFFA-nın qərarından asılı olacaq

Title
Ceyhun Məmmədov: “Bu məsələlərə aydınlıq gətiriləndən sonra klub səviyyəsində müzakirələr aparılacaq”
Bir müddət öncə “Araz Naxçıvan”ın yeni mövsümdən etibarən birinci divizionda iştirak etmək niyyətində olduğunu yazmışdıq. Muxtar Respublika təmsilçisi bu istiqamətdə işlərə start vermişdi. Ötən günlərdə klubun istifadəsi üçün Uzunoba Təlim-məşq İdman Kompleksi fəaliyyəti başladı. Bu, “Araz Naxçıvan”ın ölkənin ikinci futbol liqasında iştirakı istiqamətində atılan addımlardan biri idi. Görəsən, Naxçıvan təmsilçisi birinci divizionda iştirak yolunda başqa hansı işləri görür? Bu istiqamətdə hansı yeniliklər var?
Suallarımızı “Araz Naxçıvan”ın icraçı direktoru Ceyhun Məmmədova ünvanladıq. Klub rəsmisi həm Muxtar Respublikada, həm də komanda daxilində baş verən yeniliklərdən danışdı: “Hazırda məşqlərimiz davam edir. Baş məşqçimiz Əsgər Abdullayev, qapıçılar üzrə məşqçimiz Amil Ağacanovun rəhbərliyi altında komanda hazırlıq prosesi keçir. Çərşənbə axşamı istifadəyə verilən Uzunoba Təlim-məşq İdman Kompleksində hazırlaşırıq. Birinci divizionda iştirak etməklə bağlı konkret yenilik yoxdu. Hələ ki heç nə məlum deyil. Bizim planımızda bu var. Lakin bununla bağlı nə AFFA-ya, nə də PFL-ə müraciət etmişik. Çünki növbəti mövsümlə bağlı qərarları, limiti bilmirik. Bu məsələlərə aydınlıq gətiriləndən sonra, çox güman, klub səviyyəsində müzakirələr aparılacaq. Hazırda komandada iki nəfərdən başqa hamı naxçıvanlıdı.
Bildiyiniz kimi, Naxçıvan Futbol Federasiyasının 5 illik proqramı var. Bunun bir ili pandemiyaya təsadüf etdi. İndi bu istiqamətdə fəaliyyət göstəririk. Düzdü, orda qeyd olunmuşdu ki, ikinci ildən birinci divizionda iştirak edək. Amma indiki halda heç nə bilinmir. Yenə deyirəm, limit dəqiqləşəndən sonra konkret addım ata biləcəyik. Biz də qərara uyğun planımızı tərtib edib, bu istiqamətdə çalışmağa başlayacağıq. Hazırda uşaq futbolunun inkişafı istiqamətində işlər görürük. Təzəlikcə Naxçıvanda məşqçilik kursu təşkil olundu. Həmin kursdan keçən məşqçilərin Naxçıvan şəhərində və Muxtar Respublikanın digər rayonlarında çalışmalarına şərait yaradacağıq. Onlar əsasən uşaq futbolunun inkişaf etməsi üçün çalışacaqlar. Bizim planlardan biri də 10-15 yaş qrupları üzrə komandaların Naxçıvan çempionatını təşkil etməkdi. Həm futzal, həm də çimərlik futbolu üzrə turnirlər keçirmək niyyətindəyik. Pandemiya şəraiti yumşalarsa, mayda böyük yarış keçirtmək niyyətindəyik. İndiki halda, sadəcə, gözləmə mövqeyindəyik”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.