Aprelin 8-də keçirilən üç oyunla birinci divizionda 20-ci tura yekun vurulub. Lider “Turan Tovuz”un bir gün öncə büdrəməsindən izləyiciləri artıqlaması ilə yararlanıb. “Zaqatala” Gəncədə “Kəpəz”i üstələməkdə çətinlik çəkməyib. Düzdü, ilk 45 dəqiqə ərzində hesabı açmaq mümkün olmayıb. Bununla belə, Rüstəm Məmmədovun komandası fasilədən sonra rəqibini iki dəfə meydanın mərkəzinə dəvət edib. Yaşar Vahabzadənin yetirmələrindən Tural Qürbətov 81-ci dəqiqədə fərqi azaltsa da, gəncəlilər məğlubiyyətdən qaça bilməyib. “Zaqatala” bu qələbə sayəsində zirvəni yenidən ələ keçirib. 20 oyunun yalnız altısında qələbə qazanan “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadənin növbəti məğlubiyyətdən sonra azarkeşlərin iradlarına necə cavab verəcəyi bizim üçün çox maraqlıdı.
Çempionluq mübarizəsində əsas rəqiblərindən bir oyun az keçirən “Neftçi-2” isə çətin qələbəyə sevinib. Mahmud Qurbanovun komandası “Qarabağ-2” ilə qarşılaşmada xeyli əziyyət çəkib. Qonaqlara qələbə qazandıran qolu 74-cü dəqiqədə Nihad Qurbanlı vurub. “Neftçi-2” bununla həmçinin 2-ci pilləyə yüksəlib.
Nəhayət, günün son oyununda “Sumqayıt-2” “Qaradağ Lökbatan”la münasibətləri aydınlaşdırıb. Alt pillələrdə qərarlaşan rəqiblərin dueli məhsuldar alınıb. “Qaradağ Lökbatan” fasiləyə öndə yollanıb. Amma meydan sahibləri ikinci 45 dəqiqədə vəziyyəti öz xeyrinə dəyişməyi bacarıb. 3 qol vuran “Sumqayıt-2” rəqibiylə xallarını bərabərləşdirib.
Birinci divizion
3-cü dövrə, 20-ci tur
8 aprel
Kəpəz – Zaqatala 1:2
Tural Qürbətov, 81 – Roini İsmayılov, 54. Bəhruz Teymurov, 60.
Sumqayıt-2 – Qaradağ Lökbatan 3:1
Cəlal Cəbrayılov, 51; 63, Tahir Zeynalov, 90+2 – Xəyal Fərzullayev, 30.
Qarabağ-2 – Neftçi-2 0:1
Nihad Qurbanlı, 74.
Aprelin 7-də keçirilən oyunlar belə nəticələnib: MOİK – “Sabah-2” 0:3 (Camal Cəfərov, 59; 81. Əşrəf Zeynallı, 90+9), “Keşlə-2” – “Turan Tovuz” 1:0 (Xəzər Mahmudov, 65).
1. Zaqatala 20 14 1 5 44-23 43
2. Neftçi-2 19 13 4 2 43-14 43
3. Turan Tovuz 20 11 7 2 29-13 40
4. Sabah-2 18 10 2 6 32-20 32
5. Qarabağ-2 20 8 3 9 24-21 27
6. Kəpəz 20 6 5 9 26-30 23
7. Keşlə-2 19 5 3 11 20-40 18
8. Sumqayıt-2 20 4 5 11 21-36 17
9. Qaradağ Lökbatan 20 4 5 11 17-31 17
10. MOİK 20 3 5 12 21-49 14
Bombardirlər: Bəhruz Teymurov (Zaqatala) – 14, Vidadi Cəfərov (Turan Tovuz) – 12, Kamran Quliyev (Sabah-2) – 9, Xəqani Sadıxov (Zaqatala) – 8, Fərid Kərimzadə (Sabah-2) – 7.