Sizin reklam burada

“Neftçi” “Qarabağ”ı “Tofiq Bəhramov”da qonaq edəcək

Title
Samir Abasov: “Baş məşqçi kimi özüm kənardan baxıb komandanın nə etmək istədiyini anlamırdım”
Üçüncü dövrənin son turunda doğma meydanda “Sumqayıt”a yenilən “Neftçi” zirvəni “Qarabağ”a təhvil verdi. Matçdan sonra təşkil olunan mətbuat konfransında Samir Abasov məsuliyyəti üzərinə götürməklə futbolçularını bir növ tənqid atəşindən uzaq tutmağa çalışdı. Artıq həmin qarşılaşmanın üstündən dörd gün keçib və dünən “Neftçi”nin baş məşqçisi ilə söhbətdə məlum yenilgini şərtləndirən səbəbləri üzə çıxarmağa çalışdıq, qarşıdakı oyunlar barədə fikirlərini öyrəndik.
- “Sumqayıt”la oyunda çoxları komandanızı favorit görürdü. Ancaq ehtimallar özünü doğrultmadı və meydandan məğlub ayrıldız. Yenilgini şərtləndirən səbəbləri bilmək istərdik.
- Doğrudan da, bizim üçün ağır məğlubiyyət oldu. Son oyunlarda yaxşı sürət yığdığımızdan özümüz də uduzacağımızı gözləmirdik. Ancaq bəzi səbəblər oldu ki, oyunsonrası mətbuat konfransında onlardan bir neçəsini dedim. Ola bilsin, bu görüş üçün verdiyimiz qərarlar qalib gəlməyimizə mane oldu. Yəni həm seçim baxımından, həm də meydanda etdiyimiz bəzi artıq şeylər istəyimizi reallaşdırmağa mane oldu. Mən komandanın “sükanı arxasına” keçəndən sonra “Sumqayıt”la ilk dəfə qarşılaşırdıq. Bu gün “Sumqayıt”ın da haqqını danmaq olmaz, qələbəyə görə təbrik etmək lazımdı. Həmin gün o oyunla, yol verdiyimiz səhvlərlə rəqib kim olsaydı, uduzacaqdıq. Görünən o idi ki, oyun intizamından qopmuşduq, özümüzə bənzəmirdik. Bəlamız özümüz idik. Yenə təkrarlayıram, rəqibi 3 xala görə təbrik etmək lazımdı. Ancaq problem onlarda yox, özümüzdə idi.
- Bəzən olur ki, komanda qələbəni çox istədiyindən də “yanır”. Sizə elə gəlmir ki, “Neftçi” ötən bazar məhz buna görə uduzdu?
- Ola bilər. Bəzi futbolçularımızın, ola bilsin, qeyd etdiyiniz nüansa görə oyunu alınmadı. Özümüz də səbəb axtarırıq. Açığı, iki fikir arasında qalmışıq. Birincisi odu ki, komanda həddən artıq istəkli idi. Əslində istəkli olmamağımız da mümkün deyil. Bu gün vəziyyətimiz yaxşıdı, düz yol seçmişik və onunla irəliləyirik. İnanırıq ki, sonda istədiyimiz nəticəni əldə edə biləcəyik. Bəzi məqamlar var idi ki, onu mətbuat konfransında dilə gətirmədim. Fikirləşdim ki, daga-daşa düşüb məğlubiyyətə görə təqsirkar axtarmaqdansa, mənim və köməkçilərimin oyunu təhlil edib səhvi tapması daha düzgün olar.
- Komandanın oyun planında intizama riayət etmədiyini də söylədiz. Sizə elə gəlmir ki, qeyd etdiyiniz məqam daha çox hücum xəttinə aiddi.
- Oyun intizamı istədiyimizdən çox uzaq idi. Həm müdafiədə, həm də irəlidə oyundan qopmuşduq. Verdiyimiz qərarlar həddən artıq ağır idi. Nə mənada ağır? Gec və düzgün olmayan qərarlar verirdik. Bəzi epizodlar oldu ki, o yerdə futbolçu tək toxunuş etməliydi. Ancaq bəzi oyunçularımız lüzumsuz yerə driblinq edirdi. Futbolçu verdiyimiz tapşırıqdan kənara çıxmamalıdı. Bəzən elə topun başında 3-4 oyunçumuz olurdu ki, bu da düz deyildi. Topu itirəndən sonra etdiyimiz hərəkətlər bizə baha başa gəldi. Yenə deyirəm, bazar günü “Sumqayıt” yox, meydanda başqa komanda olsaydı belə, yenə uduzmağa məhkum idik. Çünki özümüz rəqibə şərait yaradırdıq.
- Xüsusilə Namiq Ələsgərovla Sabir Buqrin rəqibin cərimə meydançasının daxilində artıq hərəkətlər edirdilər. Namiq bəzən əlverişli vəziyyətdə olan komanda yoldaşına ötürmə vermək əvəzinə özü qapıya zərbə endirirdi. Buqrin isə daha çox driblinqə aludə olmuşdu, fərdi oyuna üstünlük verirdi...
- Düz qeyd etdiz. Hücumameyilli oyunçularımız artıq hərəkətlərə yol verdilər. Emin, Sabir, Jozef-Monroz müəyyən məqamlarda çox ağır qərarlar verirdilər. Daha açıq desəm, düz oynamırdılar. Ola bilsin, çempionatda yaranan fasilə də onlara təsir etdi. Yığmada olanlar komandadan ayrı düşdülər, Buqrin icazəliydi deyə məşqlərə qatılmadı. Bu oyunda biz sanki qayıtmışdıq hər şeyin əvvəlinə. Kim nə bacarır, onu etsin. Fasilədə uşaqlara iradlarımı bildirdim. Baş məşqçi kimi özüm kənardan baxıb komandanın nə etmək istədiyini anlamırdım. Özlərinə də açıq dedim ki, oyun intizamından qopmuşuq. İkinci yarıda qeyd etdiyim problemi aradan qaldırmağa çalışdıq. Əfsuslar olsun ki, artıq gec idi. Hücumda daha kəsərli olsaq da, imkanlardan istifadə edə bilmədik.
- Fasilədə əvəzlədiyiniz Yusuf Laval sanki artıq çəkidən əziyyət çəkir. Meydanda olduğu müddətdə çox ağır görünürdü...
- Əksinə, inanırsız, oyundan öncə iki futbolçu var idi ki, onlar barədə fitnes məşqçimiz mənə xoş xəbərlər çatdırmışdı. Bizdə çəkiyə ciddi nəzarət olunur. Köməkçim həftədə iki-üç dəfə bununla bağlı mənə ətraflı məlumat verir. Haqqında xoş sözlər deyilən iki futbolçudan biri Laval idi. Özünü çox yüngül hiss edirdi. Ağır gördüyünüz Yusuf bundan əvvəlki turda matçın taleyini həll etmişdi. Həmin görüşdə isə o 2 kq artıq çəkiylə meydana çıxmışdı. Sadəcə, “Sumqayıt”la qarşılaşmada başqa oyunçuların düz oynamamaları ona da təsir etdi. Adam sanki şokda idi. Təsəvvür edin, Laval topla irəli gedərkən bir anlıq durdu ki, oyundankənar vəziyyətdi. Halbuki həmin an hakim bayrağı qaldırmamışdı. Mən görmüşəm ki, futbolçu ofsaydda olsa belə, bunu büruzə vermədən hücumu sona çatdırır, qapıya zərbə vurur. Ondan sonra artıq hakim qərar verir. Yusuf isə özü dayandı ki, oyundankənar vəziyyətdi. Bu bir daha göstərir ki, həmin gün biz nə qədər tormozlanmışdıq.
- “Sumqayıt” la matçda yeni transferiniz Keysuke Honda da debüt etdi. İkinci hissədə meydana çıxan yapon futbolçunun performansından razı qaldız?
- İkinci hissədə daha çox qapanan rəqibə qarşı oynadığımızı nəzərə alsaq, bir-iki epizodda verdiyi qərarlar onun peşəkarlığından xəbər verirdi. Bir də həmin gün bizim problemimiz tək Honda deyildi ki... Bütün komanda bərbad təsir bağışladı.
- Üçüncü dövrədə ən çox xal toplayan komanda “Neftçi” olsa da, ötən tur uduzmaqla liderliyi yenidən “Qarabağ”a təhvil verdiz. Ağdamlıların 4-cü dövrəyə sizdən irəlidə qədəm qoyması komanda üzərində əlavə təziyq yaratmayıb?
- Biz istər “Qarabağ”dan 3 xal öndə, istərsə də xallarımız eyni olanda da üzərimizdə həmin təzyiqi daim hiss etmişik. Ancaq düşüncəmiz dəyişməyib. Fikirləşirəm ki, hər şey son oyuna qalsa, bir şansımız olacaq. O da rəqibi udmağımız. Bu gün üçün “Qarabağ”ın bizi 1 xal qabaqlaması o qədər də önəmli deyil.
- Dördüncü dövrənin ilk turunda sizi Qəbələyə səfər gözləyir. Çətin səfərə iki futbolçusuz yollanacaqsız. Namiq Ələsgərovla Mamadu Kane cəza səbəbindən meydana çıxmayacaq. Onlarsız çətin olmayacaq?
- “Qəbələ” çox çətin rəqibdi. Onu da qeyd edim ki, Elmar Baxşıyevin komandası başqa komandalardan daha fərqli futbol oynayır. Açıq, şən oyuna üstünlük verirlər. Özləri hücum futbolu sərgilədiklərinə görə rəqibə də zəmin yaradırlar. Biz həddən artıq qapanan komandaya qarşı bir az problem yaşayırıq. Bir az yox, sizə deyim, yetərincə çətinlik çəkirik. Və bunun da nəticəsi kimi xal itiririk. “Qəbələ” böyük qüvvə ilə müdafiə olunan kollektivlərdən fərqli oyun nümayiş etdirir. İstər 1:0, istərsə də ondan qabaq udduğumuz qarşılaşmada onların da qapımız qarşısında çox sayda qol vəziyyəti yaratdığını vurğulamaq istəyirəm. Elmar müəllimin sərəncamında olan istər yerli futbolçular, istərsə də legionerlər meydanda çox rahatdılar və bir-birini yaxşı başa düşürlər. Komandada xətlərarası anlaşma yüksək səviyyədədi. Onların bizə çox çətinlik yaradacağını düşünürəm. Cəza səbəbindən matçı buraxacaq oyunçularımıza gəlincə, onu özümüzə dərd etmirik. Məncə, heyətdə onları əvəz edəcək futbolçularımız var. Məni ən çox narahat edən “Qəbələ”nin oyunudu.
- Çempionatın son turunda “Qarabağ”ı “Bakcell Arena”da qəbul etməliydiz. Ancaq məndə olan məlumata görə, ev oyunlarınızı keçirdiyiniz arena təmirə bağlandığından, görüş “Tofiq Bəhramov”da olacaq. Bu isə da o deməkdi ki, bəlkə də çempionluğun taleyini həll edəcək matçı rəqibin meydanında keçirməli olacaqsız. Bu məqam sizi narahat etmir?
- Bunun mənfi və müsbət tərəfini fikirləşmək istəmirəm. İndi əsas arzumuz odu ki, son tura kimi “qızıl” şansımızı saxlayaq. Ondan da çox həmin görüşə azarkeşlərin buraxılmasını arzulayıram. Sizli-bizli çalışmalıyıq ki, o vaxta qədər tərəfdarların tribunalara dönməsinə icazə verilsin. Hələ dediyiniz qarşılaşmaya 6 tur qalıb. Oyun ərəfəsində bu haqda danışarıq.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.