Sizin reklam burada

“Son variantı daha çox bəyənirəm və baş məşqçi də məni bu mövqedə görür”

Title
Nuriyev yığmadan müsbət təəssüratla ayrılıb
Milli komandanın üzvü Anatoli Nuriyev terrikon.com saytına açıqlama verib. Futbolçu əsasən yığmadakı debütünü dəyərləndirib. Ukrayna təmsilçisi "Minay"da çıxış edən 25 yaşlı forvard DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Serbiyaya qarşı oynamağın yaxşı təcrübə olduğunu söyləyib: "Əlbəttə, təəssüratım müsbətdi. Milliyə ilk dəfə qoşulanda harda olduğumu və eyni meydanda kimlərlə oynayacağımı yaxşı dərk etmirdim. Evdə isə artıq şüur öz yerinə qayıdır. Emosiyalar azaldıqca Kriştiano Ronaldo, Bruno Fernandeş, Duşan Tadiç, ümumiyyətlə, Portuqaliya və Serbiya kimi yığmalara qarşı oynamağın nə qədər şərəfli və xoş olduğunu başa düşdüm. Mənim üçün çox yaxşı təcrübə oldu. Ronaldo haqda nə deyə bilərəm? Onu izləmək maraqlı idi. Böyük uğurları və titulları olan futbolçudu. Ronaldoya qarşı oynamaq xoş idi".
Anatoli fərqli mövqelərdə oynadığını deyib: "Portuqaliyaya qarşı matçda sol cinah yarımmüdafiəçisi, Qətərlə görüşdə hücumçunun arxasında, Serbiya ilə qarşılaşmada isə ikinci forvard kimi çıxış etdim. Son variantı daha çox bəyənirəm və baş məşqçi də məni bu mövqedə görür".
Nuriyev ən çətin oyunun serblərə qarşı olduğunu etiraf edib: "İlk yarıda qaçır, müdafiə olunurduq. Fasilədən sonra isə oyunu bərabərləşdirdik. Topa daha çox sahib olmağa və hücumlar qurmağa başladıq. Xal qazanmağa yaxın olsaq da, qarşılaşma çox ağır keçdi".
Onun Portuqaliya ilə oynadığımız "Yuventus" stadionu haqda fikirləri belə olub: "Çox yığcam və rahat idi. Debretsendəki arena və Bakı Olimpiya Stadionu da xoşuma gəldi. Sonuncuda ot örtüyü, sadəcə, möhtəşəm idi".
“Minay”ın kapitanı yenidən milliyə çağrılacağına ümid etdiyini deyib: "İnanıram ki, dəvət üçün bundan sonra da yaxşı oyun nümayiş etdirəcəm".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.