Sizin reklam burada

“Zaqatala” bu dəfə maskadan istifadə qaydalarını pozdu

Title
Çərşənbə axşamı AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda Azərbaycan premyer-liqasının 21-ci, birinci divizionun 19-cu turunun oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
“Səbail” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğuna görə meydan sahibləri 800 manat cərimələnib. Qonaqlar da eyni məbləğdə ziyana düşüb. Buna səbəb “Zirə”nin 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasıdı.
“Sabah” – “Qəbələ” görüşündə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb ki, buna görə kluba 800 manat cərimə tətbiq olunub. Qonaqlar isə 5 futbolçusu sarı vərəqə aldığına görə eyni məbləğdə “tərləyəcək”.
“Neftçi” – “Sumqayıt” matçında “ağ-qaralar”ın 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimələnib.
“Turan Tovuz” – “Qarabağ-2” oyununda qərb təmsilçisinin 4 futbolçusu sarı vərəqə alıb ki, bunun da cəriməsi 80 manatdı. Əsasnaməyə uyğun olaraq meydan sulanmadığına görə də klub AFFA-nın büdcəsinə eyni məbləği köçürməli olacaq.
“Sabah-2” – “Zaqatala” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 80 manat ziyana düşüb. Bundan başqa, oyundan öncə stadion nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyinə və bu üzdən toplantı gec başlandığına görə də meydan sahibi klub 80 manat cərimələnib. “Sabah-2”ni Abdulla Xaybulaev də ziyana salıb. Qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılan futbolçu 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib. İntizam Komitəsi “Zaqatala”nı da “unutmayıb”. Komandanın ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozduğuna görə klub 80 manat ziyana düşüb. Maraq üçün qeyd edək ki, bölgə təmsilçisinin texniki heyəti texniki zonada sosial məsafə qaydalarını pozduğuna görə ötən iclasda da cərimələnmişdi.
“Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından klub 80 manat cərimələnib.
Beləliklə, klublara ümumilikdə 4500 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 110 min 260 manata çatıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.