Sizin reklam burada

Doğrudanmı De Byazi günahkardı?

Title
Yenə qələbənin atasının çox olması, məğlubiyyətin isə həmişə yetim qalması ilə bağlı klassik ifadənin əhatə dairəsində veyillənirik. Artıq illərdi bu tale bizə yol yoldaşıdı. Klub futbolundakı müəyyən uğurlar fonunda yığmalarımız daim üz qaraldır, hər məğlubiyyət seriyasından sonra didişmə, günahkar axtarışı ölkə futbolunun bütün qatlarını əhatə edən prosesə çevrilir.
Son günlər yığmanın indiki durumu ilə bağlı fərqli versiyalar səslənməkdədi. Canni de Byazi klubları suçlayır, klublar da öz növbəsində mediaya yığmada işlərin düzgün qurulmaması, yükləmənin dərəcəsi ilə bağlı cəlbedici mesajlar verir. Təbii ki, yığmanın baş məşqçisi ilə klublardakı həmkarları arasında normal, işgüzar əlaqələrin mövcudluğuna hər kəs sevinərdi. Belədə bir çox problem, anlaşılmaz məqam media xəbər tutmadan həllini tapardı. Məsələyə qlobal baxımdan yanaşsaq, hər kəs bir-birinin uğuruna sevinər, ölkə futbolunun qələbələrini birlikdə qeyd edərdik. Təbii ki, belə mühit formalaşmadan nəyəsə ümid etmək yersizdi. Axı yığmamız legionerlərdən yox, istisnasız yerli futbolçulardan qurulub. Həmin yerli futbolçuları bəlli səviyyəyə qaldırmadan avropalılar önündə davam gətirəcəklərinə ümid etmək qaranlıq otaqda qara pişik axtarmaq kimi mənasız məşğuliyyətdi.
Milli komanda standartlarına cavab verən səviyyədə futbolçu yetişdirməkdə çətinlik çəkən klublarla yanaşı, De Byazinin də halına yanıram. Mənə elə gəlir ki, adam Millətlər Liqasındakı debütdən sonra yox, məhz indi hansı yükün altına çiyin verdiyini anlayıb, beynində bu futbolçu nəsli ilə hara qədər gedə biləcəyinin planlarını cızır, çox güman, həm də dərin məyusluq içindədi. Azərbaycan yığmasının “sükanı arxasına” keçməyə razılıq verən istənilən avropalı, amerikalı, asiyalı mütəxəssis sözün geniş mənasında öz imici ilə də oynamış olur. Konkret nümunə lazımdısa, demək olar ki, De Byazi Albaniya yığmasını Avropa çempionatına daşımaqla qazandığı imici, nüfuzu Xəzər dənizinin sahillərində küləyə verməkdədi. İndiki anda De Byazinin məşqçi bacarığından daha çox ölkənin futbolçu potensialını şübhə altına almağa tam haqqımız çatır. Bura indiyə qədər yığmanı çalışdıran əcnəbilərin adını yazmaqla nostaljiyə qapılmaq istəmirəm. Heç nostaljiyə yer də yoxdu. Kim gəlibsə, gedəndə xurcununda bir topa məğlubiyyət, qəlbində üzüntü, məyusluq, ümidsizlik aparıb. Yerli mütəxəssislər arasından ən bacarıqlılar da komandanı çalışdırmağa, daha yaxşı nəticələr yolunda tər tökməyə imkan tapıb. De Byazi də gedəndən sonra – belə nəticələrlə, ictimai təzyiq, bəzən hətta nifrət dalğası ilə o gün uzaqda deyil! – yəqin yerli məşqçilər erası başlayacaq, bəlkə də əvvəllər iş başında olan mütəxəssislərə güvənəcəyik. Püstəxanım Əzizbətova ilə bağlı məşhur lətifəni yadınıza salın. Mövzu ətrafında belə uzun-uzadı var-gəl etməkdə məqsədim var e, dostlar... Ətrafımızdakı qonum-qonşunun uğurlarına həsəd aparmamalıyıq, futbolçularımızı ölkə xaricinə, yığmanı yığmalar arasına çıxarmağın yollarını tapmalıyıq. Futbolçu, menecer, jurnalist, baş məşqçi, klub, AFFA, PFL rəsmisi – hamı dar dalandan, labirintdən işıq gələn yola tərəf cığır, iz axtarmalıdı. O cığırları tapmasaq, onda yalnız bir yol qalır. Futbol təsərrüfatının ağzını bağlamaq, özümüzə başqa sahədə iş tapmaq və Avropanın, dünyanın başqa yığmalarına azarkeşlik etmək, onların uğurlarına sevinmək. Kim belə qismətə, aqibətə razılaşar ki?! Mən yox...
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.