Sizin reklam burada

Liderlər də büdrəyir...

Title
Meksikalı prodüser və ssenarist İnes Rodenanın 1979-cu ildən ekranlaşdırmağa başladığı “Varlılar da ağlayır” teleserialı bütün dünyada şöhrət qazanmışdı. Hər biri 23 dəqiqədən ibarət olan 224 seriyalı bu ekran əsəri keçmiş SSRİ ərazisində nümayiş etdirilən ikinci Latın Amerikası serialı olub. Buna qədər sovet xalqları “Kəniz İzaura” adlanan teleserialı izləmək şansı qazanmışdılar. “Varlılar da ağlayır”ı kəndimizdə necə izlədiklərini yaxşı xatırlayıram. O vaxtlar insanların elə də geniş telekanal seçimi yox idi. Axşamlar hamı evinə yığışar, eyni filmlərə tamaşa edər, səhərlər də məktəbdə, iş yerində, bir sözlə, insanların toplaşdığı hər yerdə həmin filmlərin müzakirəsi aparılardı. Maraqlıdı ki, 1991-ci ilin noyabrında “Varlılar da ağlayır”ın SSRİ ərazisində nümayişinə başlanılıb və cəmi 8 seriyadan sonra rəhbərlik izləyici marağının olmamasını əsas götürərək, teleserialın yayınını dayandırıb. Yalnız tamaşaçıların çoxsaylı xahişlərinin yazıldığı məktublardan, telefon zənglərindən sonra “Varlılar da ağlayır”ın nümayişinin davam etdirilməsi qərara alınıb. Mənimlə həmyaşıd və ya böyük olanların bu serialla bağlı nostalji xatirələrə malik olduğuna şübhəm yoxdu. Ona da əminəm ki, bu sətirləri oxuyandan sonra siz də ötən günlərə qayıtdız, 90-cı illərin əvvəllərindəki keşməkeşli zamanı xatırladız.
Allaha şükürlər olsun ki, indi zaman dəyişib. Dünya inkişaf edib, texnoloji imkanlar genişlənib. Bu dəyişikliklər Azərbaycandan da yan keçməyib. İndi bütün dünyada olduğu kimi, ölkəmizdə də televiziyaya baxanlar, serial izləyiciləri üçün geniş seçim imkanı var. Pultu əlinə götürüb, televizorun qarşısına keçirsən. İstər kabel televiziyası, istərsə də peyk anteni vasitəsiylə dünyanın ən müxtəlif telekanallarını izləmək, hər gün onlarla seriala baxmaq mümkündü. Bunu internetdə də edə bilərsən, rahat divana uzanıb, bilgisayarı dizinin üstünə qoymağın, yaxud da planşet və ya telefonu əlinə götürməyin də yetərlidi. Əsas odu ki, serial izləməyə vaxtın və həvəsin olsun. Şəxsən mənə elə gəlir ki, 1990-cı illərin əvvəllərində insanlar televiziyaya, orda nümayiş etdirilən film və seriallara daha böyük maraqla baxırdılar, nəinki indi. Bəlkə də bunda çeşidin və seçim imkanlarının çoxalmasıyla keyfiyyətin aşağı düşməsi də böyük rol oynayır. İnsanlar eyni məzmunlu seriallardan beziblər. Eyni zamanda da qayğılar çoxalıb, belə işlərə sərf olunacaq zaman tapmaq çətindi. İstənilən halda, bir şeyi dəqiq deyə bilərəm ki, “Varlılar da ağlayır”ın gətirdiyi həyəcan, ajiotaj indi çətin bir də təkrarlana.
Deyəcəksiz ki, ilin-günün bu vaxtında 1970-ci illərin sonlarında Meksikada çəkilən, 90-cı illərin əvvəllərində SSRİ-də nümayiş etdirilən serialı hardan xatırladın?! Bunun iki səbəbi var. Birincisi odu ki, içi mən qarışıq, Azərbaycan futbolunun azarkeşləri indi 90-cı illərin əvvəllərindəki kimi məhdud seçim imkanına malikdilər. Ölkə çempionatının adı premyer-liqa olsa da, əslində paytaxt birinciliyini xatırladır. Bölgələrin təmsilçiləri azalıb və bu amil də Azərbaycan premyer-liqasına azarkeş marağını xeyli azaldıb. İş o yerə gəlib çatıb ki, çempionata titul sponsoru tapmaq da müşkül məsələyə çevrilib. Premyer-liqamız “Bəxt üzüyü” filmində Moşuyla Söylünün dediyi kimi, dəyirmandakı adsız xoruza bənzəyir. İqtisadiyyatı gündən-günə şaxələnən, böyük firmaların, şirkətlərin milyonlar qazandığı Azərbaycanda ölkə futbolu heç kimin vecinə deyil. SOCAR AFFA-dan və onun nəzarətindəki klublardan, “Azərsun” da “Qarabağ”dan əlini çəksə, halımızın necə olacağını təsəvvür etmək heç də çətin deyil. Bu acınacaqlı durum ölkə klublarının sponsor sayında, çempionatın titul sponsorunun olmamasında, idman mətbuatının və televiziyalardakı futbol proqramlarının hazırkı acınacaqlı vəziyyətində özünü göstərir. Rəqabətsiz, maraqsız Azərbaycan premyer-liqası sayı az qala bir əlin barmaqları qədər olan fanatlardan başqa heç kim üçün cəlbedici deyil. Əvvəllər kəndimizə gedəndə yaşlılar məni görər, dərhal da futboldan söz salıb, çempionatımızdan soruşardılar. Son vaxtlar bu barədə söz salan yoxdu. Bu da onunla bağlıdı ki, intiriqa insanları cəlb etmir, futbolsevərlər klub seçimi edə bilmirlər.
İkinci məqam ad oxşarlığıdı. Sonu turda Azərbaycan premyer-liqasının liderlərindən ikisi də büdrədi. Məhz bu büdrəmə yadıma “Varlılar da ağlayır”ı saldı. Varlıların ağladığı kimi, liderlərin də büdrədiyi oyunlar olur. Necə ki, 21-ci turda “Qarabağ”la “Neftçi” xal itirdi. Bu tura qədər “Neftçi”ylə “Qarabağ”ın xalı eyni olsa da, “ağ-qaralar” 1-ci pillədəki yeri özəlləşdirmişdi. Dəfələrlə vurğuladığım kimi, hadisələrin belə ssenariylə inkişafı biz yazarları, neytral azarkeşləri sevindirməyə bilməzdi. Çoxdandı birinci pillə uğrunda gərgin mübarizəyə həsrətik. “Qarabağ” uzağı qış fasiləsinə qədər rəqiblərinə yaxınlaşmaq, bəzən də keçmək imkanı yaradır. Avrokuboklardakı mübarizəni bitirən “köhlən atlar” yaza doğru hər şeyi qaydaya salır. Bizə kimin çempion olması yox, çempionatın maraqlı keçməsi, intiriqanın uzun müddət davam etməsi maraqlıddı. Heç şübhəsiz, layiq olanın sonda çempionluğu bayram etməsi şərti ilə. Millinin toplanışından sonra “Qarabağ”ın büdrəyəcəyi hardasa gözlənilən idi. Çünki Qurban Qurbanov yığmanın düşərgəsində zədələnən Qara Qarayevlə Mahir Emrelinin xidmətindən məhrum olmuşdu. Əvəzində milliyə daha az futbolçu göndərən “Neftçi”nin işi rahat olmalıydı. Amma “xalq komandası” da büdrədi, özü də “Qarabağ”dan bir neçə saat öncə. “Ağ-qaralar”ın bəxti onda gətirdi ki, rəqib də “Keşlə” ilə oyunda 2 xal itirdi. Yaşasın intriqa! Görünən odu ki, liderlər sona qədər yenə büdrəyəcəklər...
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.