Rəvan Həmzəzadə səhvləriylə əsəbləri tarıma çəkdi
Azərbaycan premyer-liqasının 21-ci turunda referilər futbolçuları 30 dəfə cəzalandırdı. Bütün matçlarda göstərilən vərəqələrin rəngi sarı idi. Turun ən kobud görüşü “Bakcell Arena”da baş tutdu. Burda hakim futbolçulara 11 “sarı” göstərdi. Ən nümunəvi komanda isə “Səbail” oldu. “Dənizçilər”in heç bir üzvü sarı vərəqə ilə cəzalanmadı. Nəticəyə təsir edən hansısa qərar verilməsə də, bütün matçlarda hakimlərin səhvləri diqqəti çəkdi. Reportyorlarımızın qeydlərinə keçid alaq.
ELÇİN MƏSİYEV, Səbail - Zirə
Frits Stuxlikin ən çox güvəndiyi hakimlərdən olan Məsiyev sakit məcrada keçən oyunu o qədər də yaxşı idarə etmədi. Təsadüfi deyil ki, qarşılaşmadan sonrakı mətbuat konfransında onun idarəçiliyi, ən əsası, verdiyi sarı vərəqələr müzakirə mövzusu oldu. Maraqlıdı ki, ilk 60 dəqiqədə vərəqə göstərməyən FİFA referisi son yarımsaatda 5 dəfə əlini cibinə atdı. Qapılar qarşısında azı iki epizodda mübahisəli məqam yaşandı. Musa Qurbanlı Adil Nağıyevlə mübarizədən sonra yerdə qalıb, hakimə baxdı. Həmin epizodda “davam” işarəsinin verilməsi doğru idi. Amma 85-ci dəqiqədə “Səbail”in hücumu zamanı top cərimə meydançasında “Zirə”nin futbolçusu Hacıağa Hacılının açıq əlinə dəymişdi və penalti təyin etmək olardı.
İNQİLAB MƏMMƏDOV, Neftçi - Sumqayıt
Referi yetərincə gərgin keçən matçın öhdəsindən gəlməyi bacardı. Əsas diqqətçəkən məqam təcrübəli hakimin açıq oyuna üstünlük verməsi, tez-tez fit çalmaqdan qaçması idi. Belədə sərt oyunun keçməsinə şərait yaradırdı. Əsas müzakirə mövzusu penalti epizodu idi ki, təkrara baxanda İnqilab Məmmədovun haqlı qərar verdiyini görürük. 72-ci dəqiqədə hakim üç futbolçunu sarı vərəqə ilə cəzalandırdı. Namiq Ələsgərov, Emin Mahmudov və Camaləddin Xocaniyazov referinin qəzəbinə tuş gəldilər. Həmin anda “Sumqayıt”ın üzvü “Neftçi”nin bombardirinə 2 ayaqla girişdikdən sonra yerdə olan zaman təpik atsa da, nədənsə referi onu qırmızı vərəqə ilə cəzalandırmadı. Görünür, “kimyaçılar”ın müdafiəçisinin hərəkətində hədsiz emosiya və şiddət olmadığı üçün İnqilab Məmmədov ancaq sarı vərəqə göstərməklə kifayətləndi. Amma bu epizodda Xocaniyazova “qırmızı” da vermək olardı.
RƏHİM HƏSƏNOV, Sabah - Qəbələ
Referi qarşılaşmanı yaxşı idarə etdi. Oyunda gərginlik olsa da, sürət o qədər yüksək deyildi. Sadəcə, 65-ci dəqiqədə yaşanan epizod diqqətimizi çəkdi. “Sabah”ın cərimə meydançasında “Qəbələ”nin futbolçusuna qarşı kobud oynanıldı. Lakin referi oyunu davam etdirdi. Düzdü, Rəhim Həsənov epizoda yaxın deyildi. Həmin an görmə bucağı yaxşı deyildi. Yan xətt hakimləri də sonradan ona kömək etmədilər. Oyun ərzində, sadəcə, bu epizodu xüsusi qabartmaq mümkündü. Başqa yaddaqalan nəsə olmadı.
RƏVAN HƏMZƏZADƏ, Keşlə - Qarabağ
Oyun çox sürətli və maraqlı məcrada keçdi. Bu səbəbdən də hakimlər bir neçə səhvə yol verdilər. Oyunun sonlarına yaxın Həmzəzadə idarəçiliyi itirmişdi desək, yanılmarıq. Bu səbəbdən də Qurban Qurbanov tez-tez 4-cü hakim Səbuhi Bayramova etiraz edirdi. Ən diqqətçəkən məqam 75-ci dəqiqədə yaşandı. Elvin Cəfərquliyevlə Nicat Qurbanovun mübarizəsində hər iki futbolçu yerdə qaldı. “Qarabağ”ın müdafiəçiləri qayda pozuntusunun olduğunu düşünərək dayandılar. Bu zaman “Keşlə”nin futbolçusu hücumu davam etdirdi. Epizodun sonunda “Keşlə” küncdən zərbə vurmaq şansı əldə etdi. Qurban Qurbanov çox əsəbi halda Səbuhi Bayramova etiraz etdi. Rəvan Həmzəzadə bu an qayda pozuntusu qeydə almalıydı. O, oyunu davam etdirməklə səhvə yol verdi. 80-ci dəqiqədə Elvin Cəfərquliyevi “Keşlə”nin üzvü əli ilə itələyək yerə yıxdı. Bu dəfə də Həmzəzadənin fiti susdu. Epizodun təkrarına baxanda açıq görünür ki, “Qarabağ”ın müdafiəçisinə toxunuş var. Hakim penalti təyin etməməklə səhvə yol verdi. 83-cü dəqiqədə “Qarabağ” küncdən zərbə yerinə yetirdi. Ağdamlılar oyunu başlatdıqdan sonra top yenidən zərbəni yerinə yetirən Ozobiçə qayıtdı. Bu zaman yan xətt hakimi oyundankənar vəziyyət qeydə aldı. Həmin epizodda ofsayd yox idi. Qurban Qurbanov da bunu 4-cü hakim Səbuhi Bayramova etiraz şəklində çatdırdı. “Qarabağ”ın lehinə verilən penalti doğru qərar idi. Şəhriyar Əliyev rəqibinin qarşısını güləş fəndi ilə almışdı.