Sizin reklam burada

Ramiz Qafarov 65 illiyində biganəlikdən şikayətləndi

Title
“Ailəmə deyəcəm ki, öləndə onları qəbrimin üstünə qəbul etməsinlər”
Ramiz Qafarov dövlət, idman və mədəni tədbirlərin aparıcısı kimi məşhurlaşan adamdı. İllərdi ölkənin mərkəzi stadionunda, idman və mədəniyyət saraylarında səsi ilə diqqətləri üzərinə çəkir. Dünən tanınan diktorun 65 yaşı tamam oldu. O, həmçinin sənətə gəlişinin 35 illiyini qeyd edirdi.
Hazırda “Qarabağ”ın ev oyunlarında diktorluq edən Ramiz bəyin şad gününü kimlər təbrik edib? Bu və digər sualları cavablaması üçün Ramiz bəylə əlaqə saxladıq: “Bu gün yubileyimi qeyd edirəm. 65 yaşım tamam olur. Həm də diktorluq fəaliyyətimin 35-ci ili tamam olur. Amma təəssüf ki, heç kimdən təbrik gəlməyib. Heç telefonla zəng edən də olmayıb. 27 il işlədiyim “Neftçi”dən təbrik gözləyirəm. SSRİ çempionatının oyunlarında diktorluq etmişəm, 7 dəfə birgə çempionluq qazanmışıq. 20 ilə yaxın milli komandanın diktoru olmuşam. Respublika stadionunda keçirilən qarşılaşmaların hamısında olmuşam. AFFA-dan 35 ilin veteran diktoru olaraq təbrik gözləyirəm. Mən futbol veteranı sayılıram, məşhur simalar görmüşəm. Amma bir quru təbriki də mənə çox görürlər. PFL-dən təbrik gözləyirəm. İndi futbolçular premyer-liqa matçlarına mənim müəllifi olduğum marşın müşayəti ilə çıxırlar. Amma məni doğum günüm münasibəti ilə təbrik etməyiblər. Hazırkı iş yerim “Qarabağ”dı. Bir müddət öncə Tahir Gözəllə əlaqə saxlayıb xahiş etdim ki, klub yubleyimi qeyd etsin. Yəni böyük kollektivdi. Yığışaq, bir yerdə sadə bir tədbir keçirək. Qurban Qurbanovun adını 30 ildi göylərə qaldırıram. “Neftçi”də bombardir olub, indi də “Qarabağ”ın və Azərbaycanın adını layiqincə təmsil edir. Mən flaqmandan ayrılıb, “Qarabağ”a keçəndən sonra Ağdam təmsilçisi ardıcıl 7 dəfə çempion olub. Bu gün mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə zəng etdim. O, bildirdi ki, “hazırlaşırıq, aprelin 11-də oyunumuz olacaq. Orda sizi necə lazımdı təbrik edəcəyik”. “Qarabağ” bu sözü verib. Aprelin 11-dəki matçda, yəqin ki, məni təbrik edəcəklər”.
Ramiz bəy ölkə idmanı üçün çəkdiyi əziyyətlərin qarşılığını görmədiyini də dilə gətirdi: “Görkəmli idman xadimiyəm. Azərbaycanın ilk idman jurnalistlərindən biri olmuşam. 1992-ci ildə, “Neftçi”nin çempion olduğu mövsümdə yazılarım “Futbol dünyası” qəzetində dəfələrlə işıq üzü görüb. Ölkənin ən yaxşı voleybol məşqçilərindən biriyəm. Dəfələrlə rəhbərlik etdiyim komandalar həm kişilər, həm də qadınlar arasında mükafatlar qazanıb. İlk dəfə yeniyetmələrdən ibarət komandanı 1994-cü ildə Avropa birinciliyinə mən aparmışam. Bunlara görə sözsüz ki, Gənclər və İdman Nazirliyindən təbrik gözləyirdim. Müavinlər var orda: İsmayıl İsmayılov, Fərid Mansurov. Mansurov mənim diktorluğumla dəfələrlə xalçaya çıxıb, qələbələr, çempionluqlar qazanıb. Onların hamısından təbrik gözləyirdim. Deməsinlər ki, xəbərimiz yoxdu. Bütün internet saytları yazıb. Çoxu dosluğumda var. Nə olardı ki, məni adi telefonla zəng edib, təbrik etsəydilər. Bildiyimə görə, Azad Rəhimov hazırda işinin başında yoxdu, səhətində problem var. Bəs başqaları niyə təbrik etməyib? Burda çətin nə var axı? Eləcə də Voleybol Federasiyası. Nə üçün onların diqqətindən kənarda qalmışam? Orda prezident Cavid Qurbanovdu, vitse-prezident Faiq Qarayev. Bütün işlərə Faiq bəy nəzarət edir. Amma məni niyə təbrik etmədiklərini bilmirəm. Hələ gün başa çatmayıb, ola bilər ki, zənglər olsun”.
Tanınan diktor bir sıra qurumlara müraciət edəcəyini də açıqladı: “Bu gün Mədəniyyət Nazirliyinə müraciət etdim. Quruma rəsmi məktub ünlanvadım. Çünki mən Azərbaycanda keçirilən bütün mədəniyyət, prezident tədbirlərinin aparıcısı olmuşam. Amma indiyə qədər heç bir fəxri ada layiq görülməmişəm. Gənclər və İdman Nazirliyinə də müraciət edəcəkdim. Amma dediyim kimi, Azad Rəhimov burda yoxdu. Bilirəm ki, bu səbəbdən müraciətimin heç bir əsası olmayacaqdı. Mədəniyyət Nazirliyinə müraciətimdə bildirdim ki, mümkünsə, məni prezident təqaüdünə layiq görsünlər. Çünki buna layiqəm. 35 ildi dövlət, prezident tədbirlərinin diktoruyam. İşim göz qabağındadı. Prezident İlham Əliyev də buna şahiddi. Ölkədə keçirilən beynəlxalq yarışların, həmçinin Olimpiya Komplekslərinin açılış tədbirlərində diktorluq etmişəm. İlham Əliyev bu məsələdən xəbərdar olsa, yəqin məni diqqətindən kənarda qoymaz, fəxri ada layiq görər. Azərbaycanda idman mahnılarının müəllifiyəm. Məndən öncə heç kim idmanla bağlı 1 dənə də mahnı araya-ərsəyə gətirməyib. İlk dəfə “Neftçi” MDB ölkələrinin “Birlik kuboku”nda qalib gələndə səhərə qədər yatmayıb, kluba himn yazdım. Bundan sonra bir çox klublar, qurumlar mənə bu məqsədlə müraciət etdilər. Ümumilikdə 27 idman marşının, himninin müəllifiyəm. O cümlədən PFL-in marşının. Mən nə vaxtsa dünyadan köçəcəm, amma futbolçular həmişə bu mahnının sədaları altında meydana çıxacaqlar. Hazırda çətin dönəmdi. Ölkədə pandemiya hökm sürür. Bir çox insanlar xəstəlikdən vəfat edirlər. Düşünmürəm ki, 70 illiyim olsun. Vətən müharibəsi mənə çox təsir etdi. Çox kövrək qəlbli insanam. Oğullarımızın Qarabağda şəhid olmaları mənə çox təsir etdi. Onlar üçün göz yaşı axıtdım. Bu səbəbdən də inamıram çox yaşayam. Bizim xalqın çox pis xüsusiyyəti var ki, insanlara sağlığında dəyər vermirlər. Öləndən sonra məşhur simalar dəyərə minirlər. Baxın, o dövrlər “Neftçi”nin heyətində bir-iki oyunda əvəzedici heyətdə çıxış edən şəxslər futbol veteranı sayılırlar, amma 35 ildi diktorluq edən şəxs diqqətdən kənarda qalıb. Futbol Veteranları İttifaqının rəhbəri Oqtay Abdullayev, AFFA Həmkarlar İttifaqının rəhbəri Nazim Süleymanov da məni təbrik edə bilərdilər. Amma heç biri bunu etməyib. Onlardan heç nə istəmirəm. Quru təbrik etmək çətindi? Sabah vəfat edəndə yığışıb dəfn mərasimimə gələcəklər. İndidən ailəmə deyəcəm ki, heç kimi qəbul etməsinlər. Mənə lazım deyil. İnsana sağlığında qiymət vermək lazımdı. Bütün futbolçularımızı oyunlarda ən yüksək səviyyədə təqdim etmişəm. Hamı buna şahid olub. Qurban Qurbanov, Rəşad Sadıqov, Mahmud Qurbanov, Vaqif Sadıqov, İsgəndər Cavadov və başqa şəxslər məni təbrik etmədilər. 35 il Azərbaycan futboluna xidmət etmişəm. Canlı korifeyəm mən. Xahiş edirəm, mənə lazımi dəyəri versinlər”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.