Sizin reklam burada

Rəsmi Bakı UEFA-ya təminat verdi

Title
BOS-un tribunalarına 50 faiz azarkeş buraxılacaq
Avropa çempionatına evsahibliyi edəcək ölkələrin aprelin 7-nə qədər əcnəbi azarkeşləri qəbul edib-etməyəcəkləri ilə bağlı UEFA-ya qərarlarını bildirməli olduqlarını ötən sayımızda xəbər vermişdik. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla hazırda bu yöndə müvafiq qurumlarla müzakirələr getdiyini, yekun qərar məlum olan kimi ictimaiyyətə açıqlama veriləcəyini söyləmişdi.
Qeyd edək ki, Bakı ilə yanaşı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri AÇ-2020-yə evsahibliyi edəcək. Bu şəhərlərdən artıq bəziləri UEFA-ya əcnəbi azarkeşləri qəbul edə biləcəkləri ilə bağlı təminat veriblər. Onlardan biri Rumıniyanın paytaxtı Buxarestdi. Bu barədə ölkənin idman naziri Eduardo Novaka "Digi24" nəşrinə açıqlamasında deyib. Onun sözlərinə görə, hər matçda stadiona 13 min tamaşaçı buraxılacaq ki, bu da milli arenanın ümumi tutumunun 25 faizi deməkdi. Həmçinin fanatların hər biri koronavirusa yoluxmadığını təsdiq etməli və vaksinasiya olunmalıdı. Bundan başqa, azarkeşlərdən oyunların startı ərəfəsində analiz götürülməsi variantı da mümkündü. Bildirək ki, Buxarest C qrupunun Avstriya - Şimali Makedoniya, Ukrayna - Şimali Makedoniya və Ukrayna - Avstriya matçları ilə yanaşı, 1/8 final mərhələsinin bir görüşünü qəbul edəcək.
İtaliya dövləti də qitə futbol qurumuna azarkeşləri qəbul edə biləcəyi ilə bağlı xoş xəbər göndərib. İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina rəhbəri olduğu qurumun rəsmi saytına bu haqda açıqlama verib. Federasiya prezidenti tərəfdarların stadiona buraxılması qərarına görə yerli Səhiyyə Nazirliyinə təşəkkür edib: "Vəziyyətin yaxşılaşdığına dair siqnal aldıq, dərhal UEFA-ya bildirdik". Romadakı "Olimpiya" stadionunun A qrupunda İtaliya millisinin 3 oyununu, həmçinin 1/4 finalın bir görüşünü qəbul edəcəyini vurğulayaq.
Bəs Azərbaycan UEFA-ya nə cavab verib? AFFA-ya yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə əsasən, AÇ-2020-nin oyunları ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirələr aparılıb və rəsmi Bakı Avropa futbol qurumu qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirəcəyi ilə bağlı təminat verib. Bura əcnəbi vətəndaşların Azərbaycana səfərinin təşkili, təhlükəsizlik, pandemiya ilə bağlı yeni qaydaların icrası və ona nəzarət kimi təşkilati məsələlər daxildi. Mənbəmizin sözlərinə görə, Bakı UEFA-nı ən çox razı salan qərar verib. Belə ki, paytaxtdakı hər oyuna 50 faiz azarkeş buraxılacaq. Bəzi ev sahibi ölkələrdə isə bu rəqəm 10 faizə bərabər olub. Oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev də “azerisport”a verdiyi açıqlamada mənbəmizin söylədiyi rəqəmi təsdiqləyib. Ancaq bizə məlumat ötürən şəxsin sözlərinə inansaq, Azərbaycan tərəfi UEFA-ya ünvanladığı məktubda onu da vurğulayıb ki, çempionatın keçiriləcəyi ərəfədə ölkədəki mövcud durum yenidən təhlil olunacaq. Pandemiya ilə bağlı vəziyyət sabitləşəcəyi halda tribunalara daha çox azarkeş buraxıla bilər. Və ya əksinə, həmin ərəfədə ölkə ərazisində epidemioloji vəziyyət pisləşəcəyi halda əcnəbi azarkeşlərlə bağlı məsələyə yenidən baxıla bilər. Daha doğrusu, tribunalara buraxılacaq azarkeşlərin sayının azadılması ehtimalı var. Ancaq istənilən halda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarında, eləcə də 1/4 final mərhələsinin bir oyununda BOS-un tribunalarında azarkeş görə biləcəyik.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.