Sizin reklam burada

Turdan məqamlar

Title
Turun…
...yubileyi...

“Sumqayıt” səfərdə “Neftçi”ni 2:0 hesabıyla məğlub etdi. Nəticə “ağ-qaralar” üçün müsbət olmasa da, Emin Mahmudov üçün xüsusi önəm daşıyırdı. Belə ki, “8 nömrə” “Neftçi”nin heyətində çempionatda 100-cü oyununa çıxırdı. Klub rəmsiləri bu münasibətlə milli komandanın üzvünü matçdan öncə təbrik edib, ona xatirə hədiyyəsi təqdim etdi. Mahmudov üçün “Neftçi”nin heyətində 100-cü oyuna çıxmaq nə deməkdi? O, hansı hissləri keçirir? Gəlin, flaqmanın kapitanını dinləyək: “Çox şadam ki, “Neftçi”də 100 oyun keçirmişəm. Düzdü, bu qarşılaşmanın nəticəsi bizim üçün yaxşı olmadı. Yenə də “Neftçi” kimi komandada 100 matçda meydana çıxmaq mənim üçün böyük şərəf və məsuliyyətdi. Hisslərimi sözlə ifadə etmək çox çətindi. Ümumilikdə bu komandanın üzvü olduğuma və 100 qarşılaşmada meydana çıxdığıma görə çox şad və xoşbəxtəm”.
...anlaşılmazlığı...
“Neftçi” - “Sumqayıt” matçı başa çatandan sonra Ayxan Abbasov Samir Abasova tərəf hərəkət etdi, rəqib həmkarı isə fərqli istiqamətə üz tutaraq meydana daxil oldu. Ayxan bəy düşünmədən paltardəyişmə otağına yollandı. Abasov isə Emin Mahmudova yaxınlaşıb nələrsə söylədi. Qısası, baş məşqçilər qarşılaşmadan sonra bir-birinin əlini sıxmadılar. Görəsən, mütəxəssislər arasında inciklik yoxdu? Sonradan bir-birinə uğurlar arzulayıblarmı? Suallarımızı “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov cavabladı: “Mən şəxsən bu məsələ ilə bağlı Ayxan müəllimlə danışdım. O, Samir Abasovla aralarında heç bir problemin olmadığını dedi. Oyun bitəndən sonra Ayxan bəy birbaşa paltardəyişmə otağına yollanıb, Samir müəllim də meydana daxil olub. Oyunsonrası mətbuat konfransı bitəndən sonra hər iki baş məşqçi görüşüblər. Yəni mütəxəssislər arasında heç bir problem yoxdu. Yenə deyirəm, konfransdan sonra görüşüb, söhbət də ediblər”.
...sevinci...
“Keşlə” doğma meydanda premyer-liqanın hazırkı lideri ilə qarşılaşmada qələbəni son dəqiqələrdə əldən verdi. Baxmayaraq ki, qəsəbə təmsilçisi oyun ərzində “Qarabağ”a çox çətinlik yaratdı. Hesabı 7-ci dəqiqə açan Rəhman Hacıyev qol sevincini ehtiyat oyunçular skamyasına qaçaraq Ruslan Hacıyevi qucaqlamaqla qeyd etdi. Yarımmüdafiəçinin bunu etməsinə səbəb nə idi? Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Murad Axundov bunları söylədi: “Bizdə bütün futbolçular qolu Ruslan Əmircanova həsr edirlər. Çünki hər dəfə oyunçularımıza yüksək motivasiya verir. Özünüz də dəfələrlə bunun şahidi olmusuz, hətta reportajlarınızın “Gözdən qaçmadı” hissəsində də qeyd etmisiz. Əmircanov komanda yoldaşlarını fikirləri, sözləri ilə ruhlandırır, onlara mənəvi dəstək olur. Bu səbəbdən də matçlarda fərqlənən bütün futbolçular qolu ona həsr edirlər”.
...jesti...
Premyer-liqanın 21-ci turunun bütün qarşılaşmalarında 2016-cı ilin aprel döyüşlərində şəhid olanların ruhları anıldı. Stadion diktorları hadisə ilə bağlı informasiyanı bölüşdü. Diqqətçəkən məqam isə oyunlardan öncə birdəqiqəlik sükutun olmaması idi. Bunun səbəbini öyrənmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəlidevlə əlaqə saxladıq. Qurum rəsmisi məsələ ilə bağlı bunları dedi: “Peşəkar Futbol Liqası tərəfindən “Aprel döyüşləri”, “Aprel zəfəri” ilə bağlı bütün klublara mətn göndərilmişdi. Həmin məlumatlar stadionların diktorları tərəfindən səsləndirilib, şəhidlərimizə və qazilərimizə ehtiram göstərilib. Ehtiram əlaməti kimi dövlət himni də səsləndirilib. Ümumiyyətlə, dövlət himni ikinci Qarabağ müharibəsi gedən müddətdən indiyə kimi qarşılaşmalardan öncə səsləndirilir və mövsümün sonuna kimi belə davam edəcək”.
...fotosu
Turdan məqamlar

İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.