Sizin reklam burada

“Zaqatala”nın forvardı “Turan Tovuz”dan olan həmkarına cavab verdi

Title
“İnşallah, bunu “yuxarılar” görərlər və premyer-liqada çıxış etməyimizə icazə verərlər”
Birinci divizionda 2020/21 mövsümünün sonuna 8 tur qalıb. Burda hər tur maraqlı oyunlar izləməkdəyik. Hazırda üç komanda – “Turan Tovuz”, “Zaqatala” və “Neftçi-2” çempionluq uğrunda mübarizə aparır. Hər birinin hesabında 40 xal var və uyğun ardıcıllıqla ilk üç pillədə qərarlaşıblar. Turnir cədvəlində olduğu kimi, bombardirlər arasında da ciddi rəqabət gedir. Gah “Zaqatala”nın forvardı Bəhruz Teymurov ilk sırada qərarlaşır, gah da “Turan Tovuz”un hücumçusu Vidadi Cəfərov. Son turda hər iki futbolçu dubla imza atdı. Bu nəticə ilə Teymurov qollarının sayını 13-ə çatdıraraq ilk pilləyə yüksəldi.
Dünən “Zaqatala”nın forvardı ilə əlaqə saxladıq. Onunla çempionatdakı rəqabət, gələcək karyerası və bombardirlik mübarizəsində kimin qalib gələcəyi ətrafında söhbətləşdik.
- Birinci divizionun son turunda "Sabah-2"yə 4:3 hesabıyla qalib gəldiz. Bu oyunla bağlı nə deyə bilərsən?
- Çətin oyun oldu. Şükürlər olsun ki, sonda lazım olan qələbəni əldə etdik. Bizim bir məqsədimiz var: çempionluq! Buna görə də hər qarşılaşmaya çox ciddi hazırlaşırıq. Qarşıda 8 oyunumuz var. Bunların hamısında qalib gəlib, sonda çempion kimi premyer-liqaya vəsiqə qazanmaq istəyirik.
- Məqsədinizin çempionluq olduğunu bildirdin. Çətin olmayacaq?
- Hazırda çempionatda çox ciddi rəqabət var. Hər üç komanda çalışır ki, sonda çempion olsun. Təbii ki, çox çətin olacaq. “Turan Tovuz” və “Neftçi-2” güclü rəqibdi. Onlara qarşı oyunlar çətin olacaq. Buna baxmayaraq, qarşıdakı 8 matçın hamısında qalib gəlmək, çempion olmaq istəyirik. İnşallah, bunu da “yuxarılar” görərlər və premyer-liqada çıxış etməyimizə icazə verərlər.
- Çempionatda 13 qol vurmusan. Mövsümün əvvəlində bu nəticəni özündən gözləyirdin?
- Hər bir hücumçunun əsas məqsədi bombardir olmaqdı. Təbii ki, mənim də. Düzünü desəm, belə çıxışı özümdən gözləmirdim. Şükür, formaya düşdüm və yaxşı oyun sərgiləyərək komandama xeyir verdim. İnşallah, qolların davamını gətirərəm. Yenə deyirəm, qarşıda 8 matç var. Ümid edirəm ki, bu görüşlərdə də qollar vurub, komandama kömək olaram. Mənim üçün əsas bombardirlik yox, klubuma xeyir verməkdi. Qollarım sayəsində komanda qələbə qazanırsa, özümü xoşbəxt hiss edirəm. Əsas hədəfimiz çempion kimi premyer-liqaya vəsiqə qazanmaqdı. Bundan əlavə, Allah icazə versə, bombardir olsam, çox sevinərəm.
- “Turan Tovuz”un üzvü Vidadi Cəfərov düşünür ki, sonda bombardir özü olacaq. Hətta o, qəzetimizə müsahibəsində dedi ki, “Bəhruz bu yarışda mənim rəqibim deyil”. Bu haqda nə düşünürsən?
- İndidən bombardir olacağımı deyə bilmərəm. Qarşıda 8 tur var. Hər şey Allahın izni ilə baş verir. Vidadi belə düşünə bilər. Amma mənim üçün əsas o deyil. Sonda komandanın çempion olması daha vacibdi. Kimin ən çox qol vuracağını isə 8 turdan sonra görəcəyik. Görərik kim bombardir olur. Həmin vaxt qalib kim olsa, müsahibə alsaz, sevinərəm (gülür).
- Düşünürsən ki, bu mövsüm komandanın uğurlu çıxışının əsas səbəbkarlarından biri və ya birincisi sənsən?
- Bu haqda heç düşünmürəm. Komandamızın hər bir üzvü yaxşı futbolçudu. Hamı bir-birinə kömək edir. Heç birinin haqqına girə bilmərəm. Biz bir komandayıq. Nə uğur qazanırıqsa, birgə edirik. Bütün qələbələri məşqçilər, futbolçular birgə qazanır. “Zaqatala”da hamı bir-biri üçün çalışır. Burda “mən”, “sən” söhbəti yoxdu.
- Premyer-liqaya vəsiqə qazansaz, "Zaqatala"da qalacaqsan, yoxsa başqa kluba keçmək haqda düşünəcəksən?
- İnşallah, premyer-liqaya vəsiqə qazansaq, burda qalmaq istəyirəm. Əsas liqada da Zaqatala təmsilçisinin uğurları üçün çalışmaq niyyətindəyəm.
- Premyer-liqada oynasan, neçə qol vura bilərsən?
- Bu suala cavab vermək üçün hələ çox tezdi. Ümid edirəm ki, premyer-liqaya vəsiqə qazanıb, orda da qol vuraram. Əsas çempionatda da bombardir olmaq istəyirəm. Hər şeyi zaman göstərəcək. Hələ görək premyer-liqaya vəsiqə qazanırıq, ya yox? Bu, böyük sual işarəsidi.
- Kubokda premyer-liqa təmsilçisi "Səbail"ə qarşı oynadız. Həmin qarşılaşmada çempionatlar arasında səviyyə fərqini hiss etdin?
- Bu suala cavab vermək istəmirəm.
- Yəni premyer-liqadakı komandalar gözünü qorxutmur? Onların qapısına da rahat qol vura bilərsən?
- Bu dəqiqə premyer-liqa çox da yüksək səviyyədə deyil. Komandamızın üzvlərinin hər biri orda rahat oynaya bilər. Çoxu da əvvəllər burda özlərini göstəriblər. Qorxmaq üçün hansısa əsas yoxdu. Özüm də “Xəzər Lənkəran”ın heyətində premyer-liqada çıxış etmişəm. Bu dəqiqə əsas çempionatın komandaları o dərəcə də güclü deyillər. Çempionatımız 2009-10-cü illərdəki kimi səviyyəli deyil. Onların gücü mənim və digər komanda yoldaşlarımın gözünü qorxutmur. Bunun üçün çox böyük əsas da yoxdu.
- Sonda "Zaqatala" azarkeşlərinə nə demək istəyirsən?
- İnşallah, çempion olub onları sevindirəcəyik. Bizim tək məqsədimiz var: çempion olub, premyer-liqaya vəsiqə qazanmaq.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.