Sizin reklam burada

“Sumqayıt”dan “Neftçi”yə çempionluq yolunda ağır zərbə

Title
84. Neftçi (Bakı) – Sumqayıt 0:2 (0:1)
30. Aqil Məmmədov – 5,0
24. Yusuf Laval – 5,0
(4. Keysuke Honda, 46) – 5,0
6. Voislav Stankoviç – 4,5
3. Mamadu Mboc – 4,5
5. Anton Krivotsyuk – 4,5
26. Ömər Buludov – 5,0
(22. Mirabdulla Abbasov, 59) – 4,5
8. Emin Mahmudov (k) – 4,5
36. Mamadu Kane – 5,5
7. Namiq Ələsgərov – 5,0
29. Sabir Buqrin – 4,5
28. Stiven Jozef-Monroz – 4,5
(9. Ahmed Ahmedov, 75) – 4,0
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
19. Fəhmin Muradbəyli
91. Tallison Dias
17. Bruno Teluşi
49. Rener Alves
20. Mərt Çelik
80. İsmayıl Zülfüqarlı
72. Emin Zamanov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Mamadu Kane
1. Mehdi Cənnətov – 6,0
7. Tellur Mütəllimov – 5,5
4. Höccət Haqverdi – 6,0
5. Camaləddin Xocaniyazov – 6,0
14. Elvin Bədəlov – 6,0
18. Süleyman Əhmədov – 5,5
17. Murad Xaçayev – 6,0
(33. Eltun Turabov, 80) - qiymətsiz
6. Vüqar Mustafayev (k) – 5,5
97. Xəyal Nəcəfov – 6,0
(60. Elvin Məmmədov, 63) – 5,5
10. Rəhim Sadıxov – 6,5
(3. Vurğun Hüseynov, 87) – qiymətsiz
9. Əli Qurbani – 5,5
Ehtiyat oyunçular:
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
78. Dmitri Nağıyev
21. Cabir Əmirli
11. Mehdi Şərifi
30. Nəbi Məmmədov
20. Rüfət Abdullazadə
8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Rəhim Sadıxov
Qollar: R.Sadıxov, 5 (0:1, X.Nəcəfov). R.Sadıxov, 42-p. (0:2).
Vərəqələr: M.Kane, 25 (qeyri-idman hərəkəti). X.Nəcəfov, 33 (qeyri-idman hərəkəti). M.Mboc, 39 (qeyri-idman hərəkəti). S.Jozef-Monroz, 41 (qeyri-idman hərəkəti) V.Stankoviç, 41 (hakimin qərarına etiraz). Ə.Qurbani, 55 (qeyri-idman hərəkəti). K.Honda, 64 (qeyri-idman hərəkəti). E.Mahmudov, 72 (qeyri-idman hərəkəti). C.Xocaniyazov, 72 (qeyri-idman hərəkəti). N.Ələsgərov, 77 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 87 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov (hamısı Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
4 aprel. Bakı. Bakcell Arena. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Sumqayıt”la “Neftçi” arasındakı oyunların gərgin keçdiyini və “kimyaçılar”ın bir çox hallarda özündən güclü rəqibini məğlub etdiyini nəzərə alsaq, meydan sahibləri üçün 90 dəqiqənin çətin alınacağını təxmin etmək çətin deyildi. Təkcə bir faktı – son 4 matçda bakılıların sumqayıtlıları yenə bilmədiyini göz önünə gətirəndə əlavə şərhə ehtiyac qalmır.
Üstəlik, “Neftçi”nin formada olduğu dönəmdə millilərin oyunları ilə bağlı yaranmış fasilə “ağ-qaralar” üçün təhlükə mənbəyinə çevrilmişdi. Üçhəftəlik fasilədən sonra komandanın əvvəlki oyun intizamını nümayiş etdirə biləcəyi ciddi sual doğururdu.
Oyunu izləyənlər ehtimallarda yanılmadı və elə ilk dəqiqələrdəcə qonaqlar tablodakı 0-lardan birini dəyişməyi bacardı. Xəyalın mübariz oyunundan sonra Rəhimə verdiyi topu milli üzvü usta zərbə ilə Aqilin qoruduğu qapının toruna qovuşdurdu. Hesabın açılmasına baxmayaraq, Ayxan Abbasovun yetirmələri müdafiəyə çəkilmir, əksinə, meydanın hər qarışında pressinq etməklə rəqibin özünün cərimə meydançasına yaxınlaşmasına imkan vermirdi. İlk hissənin qalan dəqiqələrində “Neftçi” iki dəfə qola yaxın oldu. Birincidə Stiven cinah asmasına başqa istədiyi kimi toxuna bilmədisə, növbəti epizodda Eminin cərimə zərbəsindən “çərçivə”yə göndərmək istədiyi top az fərqlə qapının üstündən keçdi. Və heç kimin gözləmədiyi halda bakılılar qapısında növbəti topu gördü. Xaçayevin zərbəsi cərimə meydançası daxilində Jozef-Monrozun əlinə dəydi ki, İnqilab Məmmədov düşünmədən “nöqtə”ni göstərdi. Rəhim topun başına keçib, dəqiq zərbə ilə dublunu rəsmiləşdirdi.
Vəziyyətin çətinliyini anlayan Abasov ikinci hissəyə əvəzetmə ilə başladı. Yusufu oyundan alan sumqayıtlı mütəxəssis Hondanı döyüşə atdı. İnsaf naminə, dünya ulduzunun oyuna qoşulması ilə “Neftçi”nin çıxışında canlanma yarandığını qeyd etməliyik. Ağıllı ötürmələri, topla davranışı kifayət qədər təhlükə yaradır, zaman-zaman özü də Mehdinin sayıqlığını yoxlamaq qərarına gəlirdi. Lakin “Sumqayıt”lı müdafiəçilər qapı qarşısında elə bir sədd yaratmışdı ki, Honda kimi təcrübəli futbolçunun zərbələri Cənnətova çatmamış zərərsizləşdirilirdi.
İkinci yarının gedişində Mirabdulla ilə Ahmed də döyüşə atılınca, “ağ-qaralar” hücum xəttində çoxaldı. Hər nə qədər çoxalsalar da, sonuncu ötürmə ilə bitirici zərbənin olmaması sumqayıtlıların işini asanlaşdırırdı. Son dəqiqələrdə bütünlüklə rəqibin qapısına “oturan” meydan sahibləri nəinki hesabı bərabərləşdirə, heç təsəlli qolunu da vura bilmədilər.
Bununla da Samir Abasov “Neftçi”nin baş məşqçisi qismində Ayxan Abbasovla ilk dueldən məğlub ayrıldı, “Neftçi” ardıcıl 5-ci görüşdə “Sumqayıt”ı yenə bilmədi və ən əsası liderlik kürsüsünü “Qarabağ”a təhvil vermiş oldu.

Reaksiyalar
Ayxan Abbasov: “Bu gün qarşısında çempionluq hədəfi duran komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, qarşımıza xal və ya xallar qazanmaq məqsədini qoymuşduq. Qələbə qazanmasaydıq, alt pillələrdəki komandalar bizə çata bilərdi. Millinin oyunlarına görə cəmi 4 gün birlikdə olmağı bacarmışdıq. Lakin hər bir halda futbolçular istək göstərdilər. “Neftçi” son 2 oyunda rəqib qapılarından 7 top keçirmişdi. Bu məqama xüsusi diqqət yetirmişdik. Eyni zamanda müdafiə xətində səhvlərə yol verdiklərini də bilirdik. Bəzi futbolçular bu gün yaxşı oynamaqla onlara daha çox güvənməli olduqlarına dair siqnal verdilər.
“Neftçi”ni məğlub etməyin resepti? Xüsusi bir resept yoxdu. Məncə, bu gün bizdəki aqressivlik və qələbə istəyi “Neftçi”dəkindən çox oldu. Bəlkə də yığmanın toplanışından sonra müəyyən çətinlikləri vardı.
Millidə çıxış edən bəzi futbolçularımızın himnimizi oxumaması bir azərbaycanlı oğlu kimi məni də narahat edir. Bir futbolçu yığma formasını geyirsə, məsuliyyəti dərk etməli, vətənpərvərlik göstərməlidi. Burda bəlkə də futbolçulardan çox məşqçilərin, yaxud hansısa işçilərin günahı var. Onları başa salmaq, öyrətmək lazımdı. Millinin formasını kiməsə geyindiririksə, öz şərtlərimiz olmalıdı.
Millinin toplanışından sonra milli haqda danışmamışam, ilk dəfə fikir bildirəcəm. Bilirsiniz, niyə danışmıram? Çünki yığma uduzandan sonra 10-12 nəfər var ki, ortaya çıxıb danışır. Sanki bu günü gözləmiş kimi görünürlər. Mən öz futbolçularıma inanıram. Xəyala da millidə şans versələr, pis oynamayacaq. Rəhim incə futbolçudu, bir az qayğı istəyir. Ola bilsin, millidə 30 nəfər olur və rəqabət var deyə özünü yaxşı hiss etmir. Düşərgədə olmadığım üçün Rəhimin necə məşq etdiyini, necə hazırlaşdığını deyə bilmərəm. Ona görə də “niyə oynamadı” sualına cavab vermək çətindi”.
Samir Abasov: “Bu məğlubiyyətdə futbolçularımın heç bir günahı yoxdu. Günah biz məşqçilərdədi. Komandanı oyuna kökləyə bilmədik. “Sumqayıt”ın qələbəsinə kölgə salmır, onları layiqli qələbə münasibəti ilə təbrik edirəm. Əllərinə düşən imkanlardan istifadə edib, qalib gəldilər. Bu oyun bizi qorxudurdu. Çempionatda yaranan fasilələrdən sonra özümüzə bənzəmirik. Yanvarda “Səbail”lə matçda da belə olmuşdu. Çətinliklə qələbə qazanmışdıq. Yenilgiyə görə azarkeşlərimizdən dönə-dönə üzr istəyirəm. Hələ heç nə bitməyib, mübarizə irəlidədi. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Bu gün bizim problemimiz “Sumqayıt” deyildi. “Sumqayıt” yox, bu gün rəqib başqa komanda da olsaydı, uduzacaqdıq.
Bu gün komandada aqressivliyin çatmaması fikri ilə razı deyiləm. Əksinə, istək, qələbə həvəsi daha çox idi. Bəlkə də aşırı istək, tələskənlik sayəsində məğlub olduq. Futbolçularım bu gün çox istəkliydi, qol vurmaq üçün irəli atılırdıq, imkanlar yaxalayırdıq. Sadəcə, oyun intizamını ortaya qoya bilmədik.
Oyundan sonra Ayxan Abasovla əla sıxmamağıma gəlincə, bunu rəqib baş məşqçi ilə aramızda hansısa soyuqluğun olması ilə əlaqələndirməyin. Sadəcə, matç başa çatan kimi meydana daxil oldum ki, birdən futbolçular arasında hansısa xoşagəlməz hal yaşanar. Çüni oyunun sonlarında emosiyalar qızışmışdı. Ayxan Abasov məni üzürlü hesab etsin. Ara qızışmasın deyə futbolçulara tərəf tələsdim.
Hondanın çıxışı? Bu gün ayrı-ayrı fərdlərdən danışmaq istəmirəm. Üzücü məqam ümumi komandanın oyunu idi. O oyunun içində Honda da var idisə, deməli, dediklərim hamıya şamil idi”.

Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında Yaponiyanın Azərbaycandakı səfəri də olmalıydı. Lakin Vada Çüniçini şəxsi işləri ilə əlaqədar “Bakcell Arena”ya baş çəkə bilmədiyindən, Hondanı səfirliyin əməkdaşları iş başında görmək imkanı qazandı.
* “Ağ-qaralar”ın kapitanı Emin Mahmudov üçün bu qarşılaşmanın xüsusi önəm vardı. Belə ki, “8 nömrə” “Neftçi”nin heyətində çempionatda 100-cü oyuna çıxırdı. Klub rəsmiləri bu münasibətlə matçdan öncə milli üzvünü xüsusi şəkildə təbrik edib, ona xatirə hədiyyəsi təqdim etdi.
* Oyun başa çatandan sonra Ayxan Abbasov Samir Abasova tərəf hərəkət etdi, rəqib həmkarı fərqli istiqamət tutaraq meydana daxil oldu. Ayxan bəy düşünmədən paltardəyişmə otağına yollandı, Abasov isə kapitan Emin Mahmudova yaxınlaşıb nələrsə söylədi. Qısası, baş məşqçilər əl sıxmadı.
* Oyun başa çatandan sonra kapitan Vurğun Hüseynov “Sumqayıt”lıları meydanın mərkəzində bir araya gətirdi. Vurğunun komanda yoldaşlarına nə dediyini eşitmək mümkün olmasa da, futbolçuların birağızdan qışqırdığı kifayət qədər yaxşı eşidildi.
HƏMİD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.