Sizin reklam burada

“Keşlə”nin qələbə həsrəti 11 oyuna çatdı

Title
81. Keşlə - Qarabağ (Ağdam) 1:1 (1:0)
85. Kamal Bayramov – 5,5
2. İlkin Qırtımov (k) – 5,5
19. Azər Salahlı – 5,5
4. Şəhriyar Əliyev – 5,5
8. Tural Axundov – 5,5
14. Turan Vəlizadə - 5,0
25. Con Kamara – 4,0
(91. Sadio Tonkara, 18) – 5,5
17. Vüsal İsgəndərli – 5,0
(79. Bahadur Həziyev, 90+1) – qiymətsiz
7. Rəhman Hacıyev – 6,0
11. Silvio Rodriges – 5,5
(23. Nicat Qurbanov, 70) – 4,5
9. Anatole Abanq – 5,5
Ehtiyat oyunçular
27. Əkpər Vəliyev
18. Ruslan Əmircanov
20. Rail Məlikov
99. Rafael Məhərrəmli
22. Elçin Mustafayev
13. Pərviz Azadov
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Rəhman Hacıyev

1. Şahruddin Məhəmmədəliyev – 5,5
44. Elvin Cəfərquliyev – 5,5
4. Rahil Məmmədov – 5,5
81. Kevin Medina – 5,5
30. Abbas Hüseynov – 5,5
8. Uroş Matiç – 5,0
(27. Toral Bayramov, 78) – qiymətsiz
18. İsmayıl İbrahimli – 5,5
10. Abdulla Zubir (k) – 5,5
19. Filip Ozobiç – 6,0
9. Xayme Romero – 5,5
(6. Patrik Andrade, 65) – 5,5
7. Kvabena Ovusu – 5,0
Ehtiyat oyunçular:
12. Emil Balayev
94. Ayhan Arazlı
55. Bədavi Hüseynov
66. Cavid Bayramov
21. Rauf Hüseynli
99. Hüseyn Hüseynzadə
29. Zamiq Əliyev
83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Filip Ozobiç
Qollar: R.Hacıyev, 7 (1:0, S.Rodriges), P.Andrade, 90+2-p. (1:1).
Vərəqələr: K.Medina, 34 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 46 (qeyri-idman hərəkəti). A.Abanq, 62 (oyunun bərpasını ləngitmək). K.Ovusu, 69 (qeyri-idman hərəkəti). S.Rodriges, 70 (qeyri-idman hərəkəti – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
4 aprel. Bakı. ASK Arena. Tamaşaçısız.
Birinci hissəyə 4, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Oyundan öncə “Qarabağ”ın düşərgəsində yaxşı əhval-ruhiyyə hökm sürürdü. Buna səbəb əsas rəqib “Neftçi”nin doğma meydanda “Sumqayıt”a məğlub olması idi. Amma oyun, gözlənilənin əksinə, “Keşlə”nin hücumları ilə başladı. Ardıcıl 10 turdu qələbəyə həsrət qalan “qırmızılar” liderlə görüşdə bu uğursuz seriyaya son qoymaq niyyətində olduğunu göstərdi.
Hər iki komandanın heyətində kifayət qədər itki var idi. Sənan Qurbanov fərqli taktikadan istifadə etmişdi. 41 yaşlı mütəxəssis komandasını meydana 4-4-2 sxemi ilə çıxarmışdı. Qapıda millisinin heyətində zədələnən Namaşkonun əvəzinə Bayramov dayanmışdı. Müdafiənin solunda Qırtımov oynayırdı. Tərlanın cəzalı, Boyoviç və Yunuszadənin zədəli olması mərkəzdə Azərin oynamasına şərait yaratmışdı. Yarımmüdafiənin dayağında isə Turanla Kamara yer almışdı. Koçukun yoldaşlıq matçında zədələnməsi Qurbanovun bu ikiliyə güvənməsinə səbəb olmuşdu. Cihanlarda isə Rəhmanla Vüsal yer almışdı. Meza Kolli zədə ucbatından oyunu buraxırdı. Sənan bəy ilk dəfə start heyətində 2 hücumçuya güvənmişdi.
“Qarabağ”da da vəziyyət ürəkaçan deyildi. Ağdamlıların müdafiəsində Elvin, Rahil, Medina, Abbas “dördlüy”ü yer almışdı. Maksim xəstələndiyi, Bədavi milli komandanın düşərgəsindən yorğun qayıtdığı üçün əsas heyətdə yer almamışdı. Qaranın zədəli olması səbəbindən yarımmüdafiənin dayağında Matiç çıxış edirdi. Ağdam təmsilçisinin əsas problem isə hücumda hiss olunurdu. Emrelinin yığmanın Serbiyaya qarşı görüşündə zədələnməsi Qurban Qurbanovun bu mövqedə Ovusunu oynatmasına səbəb olmuşdu.
Matça daha istəkli başlayan meydan sahibləri 7-ci dəqiqədə hesabı açdı. “Qırmızılar” ağdamlıların müdafiəsinin ani səhvindən yararlandı. Silvionun ötürməsini Rəhman dəqiq zərbə ilə tamamladı. Bundan sonra “Keşlə” əks-hücumlara bel bağladı. 10-cu dəqiqədən ilk hissənin sonlarına kimi “Qarabağ” ardıcıl hücumlar təşkil etsə də, sonda ya oyunçuların qeyri-dəqiqliyi, ya da Kamalın qapıda etibarlı oyunu Ağdam təmsilçisinin bərabərlik qolunu vurmasına mane olurdu. 18-ci dəqiqədə Kamaranın zədələnərək meydanı tərk etməsi də “Keşlə”nin oyun planını alt-üst etdi.
Fasilədən sonra da topa daha çox Qurbanovun komandası nəzarət edirdi. Lakin ağdamlıların səylərinə baxmayaraq, “qırmızılar” müdafiədə etibarlı çıxış edib, əks-hücumlarda “Qarabağ”ı cəzalandırmağa çalışırdı. “Köhlən atlar” isə imkanları sağa-sola xərcləyirdi. Oyunun elə bu hesabla bitəcəyini düşündüyümüz anda Şəhriyar Ozobiçin qarşısını güləş fəndi ilə aldı. Bu hərəkəti Rəvan Həmzəzadə penalti olaraq dəyərləndirdi. Topun arxasına keçən Andrade dəqiq zərbə ilə hesabı bərabərləşdirdi. Beləliklə, qarşılaşma 1:1 hesabı ilə başa çatdı. Bu nəticə ilə “Qarabağ” 21 turdan sonra premyer-liqanın vahid lideri oldu. “Keşlə” isə ardıcıl 11-ci qarşılaşmada qələbəyə həsrət qaldı.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* Oyundan öncə “Qarabağ”ın həm ehtiyat oyunçular skamyası, həm də klub rəsmiləri “Neftçi” – “Sumqayıt” matçının nəticəsi ilə yaxından maraqlanırdılar. Ağdam təmsilçisinin üzvü Toral Bayramov tez-tez görüşün hansı nəticə ilə bitməsini soruşurdu.
* Rəhman Hacıyev qol vurduqdan sonra qaçaraq komanda yoldaşı Ruslan Əmircanovun yanına gəldi. O, müdafiəçini qucaqlayaraq sevincini birgə qeyd etdi.
* 26-cı dəqiqədə Rəvan Həmzəzadənin qərarı Sənan Qurbanovu özündən çıxardı. O, yüksək tonda referiyə “nə olub e, laysman səs gələn kimi bayrağını qaldırır”, - deyə etiraz etdi. Bundan sonra baş hakim gənc mütəxəssisi sarı vərəqə ilə cəzalandırdı.
* 75-ci dəqiqədə Nicat Qurbanov Elvin Cəfərquliyevə qarşı kobud oynasa da, referi qayda pozuntusu qeydə almadı. Bu, “Qarabağ”ın məşqçilər korpusunun narazılığına səbəb oldu. Ağdam təmsilçisinin baş məşqçiçisi 4-cü hakim Səbuhi Bayramova “korsuz siz?”, - deyə etiraz etdi. “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov da köməkçi hakimə üz ttutdu: “bu epizodları siz görüb, Rəvana deməlisiz də”. Bundan sonra Qurban Qurbanov Səbuhi Bayramovla təxminən 2 dəqiqəyə yaxın həmin epizod barədə danışdı.
* 83-cü dəqiqədə “Qarabağ” künc zərbəsi yerinə yetirərkən yan xətt hakimi ofsayd qeydə aldı. Qurban Qurbanov yenə epizodda oyundankənar vəziyyət olmadığını əsas gətirərək Səbuhi Bayramova “nə var idi axı orda?”, - deyə etiraz etdi.
* Qarşılaşma bitəndən sonra Anatole Abanqla Patrik Andrade qucaqlaşıb, meydanı tərk etdilər. “Keşlə”nin forvardı “Qarabağ”ın yarımmüdafiəçisindən penaltinin olub-olmadığını soruşdu. Andrade “var idi” deyəndə, Abanq ona ingilis dilində zarafatla “… burdan” söylədi.
Reaksiyalar
Qurban Qurbanov: “Çox gərgin oyun oldu. Vacib xal qazandıq. Uzun fasilədən sonra optimal formada olmaq çətindi. Futbolçular minimum 1 xala layiq idi. Maksim Medvedev dünən özünü yaxşı hiss etmədi. Komandadan kənarlaşdı. Şübhələndik ki, koronavirusa yoluxa bilər. Amma hər şey qaydasındadı. Mahir Emreli ilə Qara Qarayev də zədəlidi. İstədiyim dəyişiklikləri edə bilmədim. Biz məşqçilər daha çox düşünüb, yeni elementlər axtarmalıyıq. Belə rəqibə qarşı oynamaq asan deyildi. Çox aqressiv oynayırdılar.
Futbolçuların yerdə yatması tempi aşağı salırdı. Belə olanda müdafiəçi özünü rahat hiss edir. Mahir Emrelinin olmaması təsir etdi. Hücumu gücləndirmək istəyirdim, amma oyunçu yox idi. Ovusu Kvabena bu gün az iş görmədi. Qol imkanlarından yararlana bilmədik. Problemlər var. Əlimizdəki gənclərin ustalığını daha da yaxşılaşdırmalıyıq. Son dəqiqələrdə vurulan qol oyunçulara inam verir. Qarşıda oyunlar var. Bütün matçlarda diqqətli olmalıyıq. Bəzən məğlubiyyət komandaların xeyrinə olur. Qarşıdakı turlarda turnir cədvəlində yerlər dəyişə bilər. Çempionatın səviyyəsi "Neftçi" və "Qarabağ"ın bugünkü oyunları ilə qalxmayacaq. Ümumilikdə premyer-liqanın səviyyəsi ilə razı deyiləm. Mən istəyirəm futbolçular daha yaxşı çıxış etsin. Çempionatın səviyyəsi hər il qalxmalıdı. İnanıram ki, qarşıdakı illərdə bunu görəcəyik. Şükür edək ki, 8 komanda var. Bundan az olmasın. Komanda sayı artsa, yaxşı olar. Heç kim üçün xoş deyil ki, eyni komanda ilə 4 dəfə oynasın. Belə çox oynamaq komandaları bir-birindən küsdürür. Hakimləri qınamaq istəmirəm. Bəzi epizodlar var idi. Baş hakimə yox, köməkçiyə yaxınlaşıb iradımı bildirdim. Elə hallar var ki, nəticəyə təsir edir. Rəvan Həmzəzadə oyunun tempini aşağı salmır. Belə hallar olacaq. Bəlkə özü də həzz alır ki, oyun dayanmasın. Son vaxtlar hakimlərimizdə inkişaf görürəm. Onlara uğurlar arzulayıram. Epizoda görə ona hirslənə bilərəm. Amma oyundan sonra münasibətim tam fərqli ola bilər”.
Sənan Qurbanov: "Çalışdıq ki, fasilədən yaxşı istifadə edək. Bəzi futbolçular millinin oyunlarına görə bizimlə deyildi. Rəqib topa daha çox nəzarət edir. Bunu futbolçulara aşılamaq istədik. "Qarabağ" kimi rəqibə qarşı oyundan qopmadılar. Futbolçular qələbə qazanmağa qarşılaşmadan 2 gün öncə inanmağa başlamışdılar. Con Kamaranın ilk hissədə zədələnməsi planlarımızı pozdu. Biz digər matçlarda topu itirəndə pressinq edirdik. Rəqibin futbolçularının ustalıq səviyyəsi bəllidi. Taktikanı "Qarabağ"a qarşı müəyyənləşdirmişdik. Hər tur rəqibləri təhlil edirik və ona uyğun taktika seçirik. Hücumda daha çox olmaq niyyətindəyik. "Keşlə" olaraq müdafiə və hücumda düzgün oynamağı seçmişik. Elvin Yunuszadə zədədən qayıdandan sonra məşqlərə qoşuldu. Yenə ağrıları başladı. Həkimlərin nəzarəti altındadı. Son dəqiqələrdə buraxılan qol həmişə məyusluq gətirə bilər. Futbolçulara təşəkkür etdim. Onlara bildirdim ki, biz bir yarışın içindəyik və qorxmamalıyıq. Rəhbərlik də daim yanımızdadı. Onlar da qələbələr qazanmağımızı istəyirlər. Konkret kubokun qalibi olmaq üçün köklənməmişik. Qarşıdakı oyunlarda qələbə qazanmaq istəyirik. Həm premyer-liqada, həm də kubokda uğurlu nəticəni hədəfləyirik”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.