Sizin reklam burada

Nəriman Abdullayev üç-dörd lisenziya qazanacağımızı düşünür

Title
Kişilərdən ibarət boks yığmamızın böyük məşqçisi Nəriman Abdullayev İstanbulda keçirilən “Boğaziçi” turnirindən sonra yerli mətbuata açıqlama verib. Mütəxəssis Kastamonu şəhərindəki təlim-məşq toplanışının onlara çox faydalı olduğunu söyləyib: "Avropa Olimpiya Təsnifat Turnirində daha çox lisenziya qazanmaq istəyirik. Amma düşünürəm ki, 3-4 lisenziya əldə edə biləcəyik. Türkiyə bizə dost rəqibdi, amma boksda dostluq olmadığına görə idmançılar bir-biri ilə döyüşür. Döyüşdən sonra yenə dostdular. Olimpiadada da Türkiyə ilə finalda üz-üzə gəlmək istəyirik. Finala qədər nə biz, nə də onlar məğlub olsun. Daha sonra biri qızıl, digəri gümüş medal qazansın".
63 kq-da çıxış edən yığma üzvü, gənclər arasında Avropa çempionu Ruslan Rüstəmov boksçuların formada olduğunu deyib: "Olimpiadaya hazırlaşırıq. Türkiyəyə gələndə özümüzü yad hiss etmirik. Çünki bir millət, iki dövlətik. İki qardaş hazırlıq prosesində iştirak edirik. Daha əvvəl Olimpiadaya lisenziya qazanmaq, sonra isə Tokioda qalib olmaq niyyətindəyik".
Eyni çəkidə mübarizə aparan Cavid Çələbiyev isə Avropa Olimpiya Təsnifat Turnirində iki qarşılaşmada qalib gəldiyini xatırladıb: "Daha bir görüşdə qələbə qazansam, Olimpiadaya lisenziya əldə edəcəm. Tokiodan medalla qayıtmaq istəyirəm".
Qeyd edək ki, millimizin üzvləri “Boğaziçi” turnirində 7 medal qazanıb. Avropa Olimpiya Təsnifat Turniri 2020-ci il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb, lakin 3 gün sonra koronavirusa görə dayandırılıb. 57 kq-da çıxış edən Tayfur Əliyev Olimpiadaya lisenziya qazanıb. Turnir iyunun 4-də Parisdə qaldığı yerdən davam etdiriləcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.