Sizin reklam burada

Bayılda hərəyə 1 xal

Title
82. Səbail (Bakı) – Zirə 0:0
96. Nikolas Hagen – 5,5
4. Ali Sisey – 5,0
3. Turan Manafov – 5,0
55. Adil Nağıyev – 4,5
28. Məqsəd İsayev – 5,0
34. Urfan Abbasov – 5,0
23. Milovan Petrovik – 4,5
14. Rahid Əmirquliyev (k) – 5,0
9. Florian Kadriu – 5,0
(7. Mirsayib Abbasov, 81) – qiymətsiz
19. Luka İmnadze – 5,0
(77. Ədilxan Qarəhmədov, 61) – 5,0
29. Amil Yunanov – 5,0
(11. Rauf Əliyev, 61) – 4,5
Ehtiyat oyunçular
1. Kamran Ağayev
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
44. Şamil Cəfərov
38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Nikolas Hagen
1. Mateus Albino – 5,0
32. Qismət Alıyev – 5,0
77. Cəlal Hüseynov – 5,0
26. Nemanya Andelkoviç – 4,5
21. Hacıağa Hacılı – 5,0
2. Sərtan Taşkın – 5,0
8. İlkin Muradov – 5,0
(91. Ruslan Qurbanov, 90+2)
4. Elvin Camalov – 5,0
11. Klesio Bauk – 4,5
10. Ağabala Ramazanov (k) – 5,5
(29. Musa Qurbanlı, 70) – 5,0
17. Rodriqo Bonqonqui – 4,5
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
5. Kərim Diniyev
12. Lazar Corceviç
7. Tural Bayramlı
20. Əli Şirinov
6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Ağabala Ramazanov
Vərəqələr: C.Hüseynov, 60 (qeyri-idman hərəkəti). Q.Alıyev, 60 (qeyri-idman hərəkəti). İ.Muradov, 85 (qeyri-idman hərəkəti). H.Hacılı, 87 (qeyri-idman hərəkəti). N.Andelkoviç, 90+4 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Müslüm Əliyev, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
3 aprel. Bakı. ASCO Arena. Tamaşaçısız.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Millli komandanın oyunlarına görə yaranan fasilə “Səbail” – “Zirə” qarşılaşmasıyla başa çatırdı. Bu yerdə onu da qeyd edək ki, komandalar fasiləyə fərqli əhval-ruhiyyədə yollanmışdılar. “Zirə” Qəbələ səfərindən 1 xalla dönmüş və 3-cü pillədəki yerini bir qədər də möhkəmləndirmişdi. “Səbail” isə “Neftçi” ilə görüşdə qapısından 4 cavabsız top buraxmışdı.
FİFA referisi Elçin Məsiyevin start fitindən dərhal sonra hücuma atılan tərəf “Zirə” oldu. Sanki qonaq komanda rəqibin zəif yerlərini tez müəyyənləşdirib, hesabı açmaq üçün xüsusi hazırlıq görmüşdü. Artıq 4-cü dəqiqədə Ağabala “Səbail”in müdafiəçilərini həyəcanlandırmağı bacardı. Fərdi ustalığı sayəsində cərimə meydançasına daxil olan “10” nömrə rəqibləri aldatmağa aludə oldu ki, bunun da nəticəsində müdafiəçilərin mühasirəsində topu itirdi. Hiss olunurdu ki, meydan sahibləri də rəqibin belə təzyiqini gözləyirmiş. Aftandil Hacıyevin komandası sıx müdafiə olunur, rəqibə boş sahə verməməyə çalışırdı. Top “Zirə”də olarkən də “Səbail” pressinq tətbiq etməyə tələsmir, qonaqların irəli atılmasını gözləyirdi. Almeyda və Volkov kimi aparıcı futbolçuların yoxluğunda qonaqların oyunu alınmır, ağıllı ötürmələrlə hücumun kəsərini artırmaq mümkün olmurdu. Elə bunun da sayəsində dəqiqələr irəlilədikcə “Səbail” oyunu bərabərləşdirməyə, yavaş-yavaş meydanın rəqibə aid hissəsinə doğru həmlələr etməyə nail oldu. Rəşad Sadıqovun komandası qeyri-dəqiq ötürmələrin sayının çoxluğundan əziyyət çəkirdi. Təsadüfi deyil ki, bunu görən çalışdırıcı da yerində sakit dura bilmir, tez-tez futbolçularına diqqətli olmağı tapşırırdı.
16-cı dəqiqədə “Zirə” sol cinahdan gerçəkləşən hücum sayəsində künc zərbəsi vurmaq hüququ qazandı. Bu standart vəziyyətdən yararlanıb, Hagenin qoruduğu qapının qarşısında təhlükə yaratmaq mümkün olmadı. Əksər klublarımızın axsadığı “ev tapşırığı”nın olmaması “Zirə” küncdən zərbəni yerinə yetirərkən də hiss edildi. Çox keçmədi ki, qonaqlar daha bir fürsəti qaçırdı. Ağabala fərdi ustalığını bir daha nümayiş etdirib, qapı qarşısına yaxşı asma etsə də, topa toxunan tapılmadı. Bu dəqiqələrdə qonaqların təşəbbüsə tam yiyələndiyini də qeyd etmək yerinə düşər. “Səbail”i topsuz qoyan zirəlilər yaxşı paslaşır, uzun ötürmələrlə Hagenin qapısına doğru həmlələr edirdilər. 21-ci dəqiqədə Ağabala Hageni oyuna qoşdu. Uzaqdan qüvvətli zərbə ilə “çərçivə”ni yaxşı nişan alan Ramazanovun sevinməsinə topu tirin üzərindən aşıran qapıçı mane oldu. Hissənin ortalarına qədər oyunun ssenarisində hansısa dəyişiklik baş vermədi. Qonaqlar fəal görünür, tez-tez irəli atılırdılar. Meydan sahibləri isə onları cərimə meydançası həndəvərində qurduqları ikiqat müdafiə səddi ilə qarşılayır, səhvə yol verməyə məcbur edirdilər. Belədə ümid ancaq uzaqdan zərbələrə qalırdı. 28-ci dəqiqədə Muradovun “uzaqdan açdığı atəşi” qapıçı sayıqlıqla qarşıladı. İlk dəqiqələrdən fəal görünən qonaqlar hissənin sonlarına doğru bir qədər sakitləşdilər. “Zirə”nin futbolçuları ya güclərinə qənaət etməyə çalışırdılar, ya da fasilə ərəfəsində daha ciddi həmlələr etməyi planlaşdırmışdılar. 40-cı dəqiqədə Qismət bu planın icraçısı kimi səhnəyə çıxdı. Sol cinahla xeyli irəliləyən futbolçu qapıya dəqiq zərbə endirsə də, Hagen yerində idi. “Səbail”in buna cavabı dərhal gəldi. İmnadzenin yaxın məsafədən vurduğu qüvvətli zərbə qeyri-dəqiq oldu. 45-ci dəqiqədə “dənizçilər” daha bir fürsətdən yararlana bilmədi. Sisey başla hesabı aça bilərdi. Onun yaxın məsafədən zərbəsini Albino tutdu.
Oyunun ssenarisi fasilədən sonra da dəyişmədi. “Səbail” sakit və inamlı şəkildə müdafiə olunur, “Zirə”nin səhvə yol verməsini gözləyirdi. Qonaqlar isə ərazi üstünlüyünə yiyələnib, topa nəzarəti əldə saxlasa da, hücumların kəsərini artırmaq, Hageni oyuna qoşulmağa məcbur etmək asan görünmürdü. 53-cü dəqiqədə Ağabala cərimə meydançasının həndəvərində yerdə qalıb, hakimə baxsa da, Məsiyevin fiti susdu. 3 dəqiqə sonra “Səbail”in nadir hücumlarından birini izlədik. Kadriunun zərbəsindən sonra top qapıçıda qaldı. Görünür, oyunun axarı Aftandil Hacıyevin ürəyincə deyildi. Buna görə də çalışdırıcı 62-ci dəqiqədə iki əvəzetmə həyata keçirdi. Gənc Ədilxan Qarəhmədovla təcrübəli Rauf Əliyev qalan dəqiqələrdə “Səbail”in oyununu müsbətə doğru dəyişməliydi. Bu əvəzetməyə Rəşad Sadıqovun cavabı 70-ci dəqiqədə gəldi. Musa Qurbanlı Ramaznovun yerinə meydana çıxdı. Bir dəqiqə sonra Musa komandasına penalti qazandıra bilərdi. Gənc hücumçu cərimə meydançasında Nağıyevlə mübarizədən sonra yerdə qalsa da, hakim “davam” işarəsi verdi. Meydan sahiblərinin növbəti hücumunu məntiqi sonluğa Rauf Əliyev çatdırmağa yaxın oldu. Lakin təcrübəli forvardın zərbəsini tutmaq Albino üçün çətin deyildi. 80-ci dəqiqədən etibarən oyunun sürəti xeyli artsa da, bu hərəkətlilik özüylə sərtliyi də gətirdi. Futbolçular sərt oynayır, hakim tez-tez qayda pozuntusuna görə oyunu saxlamağa məcbur olurdu. Son dəqiqələrdə Rəşad Sadıqov Ruslan Qurbanovu “döyüşə atdı”. Dağıstanlı hücumçu dərhal topun başına keçib, cərimə zərbəsini yerinə yetirsə də, onun zərbəsi “canlı sədd”ə ilişdi.
AMAL

Gözdən qaçmadı
* Komandalar meydana daxil olmazdan az əvvəl ehtiyatda qalan futbolçular öz yerlərini tutmağa başladılar. Bu məqamda gözə Hagenin əvəzedicisi statusuyla barışan Kamran Ağayev dəydi. Özündən xeyli razı görünən Kamran asta addımlarla yan xəttin kənarıyla addımlayırdı. Yeni qaydalara uyğun ehtiyatdakı futbolçular məşqçilər korpusunun yanında yox, tribunalarda sosial məsafəni qorumaqla əyləşirlər. Biranlıq meydanı süzən Ağayev də tribunadakı komanda yoldaşlarına doğru istiqamətləndi. Kamranın futbolsuz darıxdığı göz önündə idi. Fasilədə qazonun üzərinə çıxan millinin sabiq qapıçısı uzun müddət komanda yoldaşlarıyla məşq etdi. Maraqlıdı ki, Kamran qapıda dayanmamışdı, uzun ötürmələr verməklə məşğul idi.
* Hakimin start fiti səslənməmiş birdəqiqəlik sükut elan olundu. Bununla da komandalar 2016-cı ilin aprel döyüşlərində şəhid olanların xatirəsinə ehtiram göstərdi.
* Çalışdırıcılar oyunu fərqli emosiyalarla izləyirdilər. Rəşad Sadıqov xeyli həyəcanlı görünür, bir an belə yerində oturmadan yetirmələrinə müxtəlif göstərişlər verirdi. Düzdü, Aftandil Hacıyev də daim ayaqüstə idi. Amma həmkarından fərqli xeyli soyuqqanlı görünür, nadir hallarda futbolçulara göstəriş verirdi.

Reaksiyalar
Rəşad Sadıqov: “Futbolçularıma təşəkkür edirəm. Xeyli problemə rəğmən, sonadək mübarizə apardıq. İlk hissədə üstünlüyümüz daha qabarıq görünürdü. Fasilədən sonra isə təşəbbüs gah bu, gah da digər komandanın tərəfinə keçirdi. Xal itirdiyimizə görə üzülmürük, qazandığımız 1 xalı da qənaətbəxş sayıram. Sarı vərəqə epizodlarına etiraz etdik. Amma buna əlavə şərh vermək istəmirəm. Cəlal Hüseynovun oyunu bizi sevindirir. Cari mövsümdə yetərincə şans qazanır. Mövqeyi səhv etməyə imkan vermir. Çalışıram ki, inkişafdan geri qalmasın. Azərbaycan futbolunun indiki vəziyyətinə, çempionatımızın səviyyəsinə gəlincə, futbolçu özü yetişmir, onları yetişdirmək lazımdı. 90 dəqiqə yüksək tempdə oynamaq üçün buna pillə-pillə gəlmək lazımdı. Futbolçu 60 dəqiqədən sonra yorulubsa, bu, iki səbəbdən ola bilər: ya “fizikası” zəifdi, ya da onu məşqdə yükləmisən. Meydanda gördüyünüz 90 dəqiqə son mərhələdi. Hesab edirəm ki, mütəxəssislərimizin əlində daha geniş imkan olsa, daha böyük işlər görə bilərlər”.
Aftandil Hacıyev: “Fasilədən sonra futbolçuların yenidən çempionata köklənməsinin çətin olacağını bilirdik. Bəzi aparıcı futbolçularımız da cəza və zədə səbəbindən bu gün komandaya kömək edə bilmirdi. Hendrik Ekşteyn zədəli, Əfran İsmayılovla Ruslan Hacıyev cəzalı idi. Onların üçü də komandamızın xüsusilə hücum planında önəmli futbolçulardı. “Zirə”nin son oyunlarını izləmişdik. Demək olar ki, hər matçda fərqli sistemlərdən istifadə edirlər. Bu üzdən də bu ilk yarı bizim üçün kəşfiyyat xarakterli idi. Qonaqların bizə qarşı hansı sistemlə mübarizə apardığını öyrənməyə çalışdıq. İlk 20-25 dəqiqədə daha fəal idilər. Yalnız ondan sonra öz oyunumuzu tapa bildik, hətta ilk yarıda 3 qol imkanımız oldu. Fasilədən sonra təhlükəli vəziyyətlərimiz daha çox idi. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Bütövlükdə futbolçularımın oyunundan və işə yanaşmasından razı qaldım. Bu gün 1 xal qazandığımızı düşünürəm. Rəqib komandaya gəlincə, bu il Rəşad Sadıqovun sayəsində fərqli “Zirə” görürük. Premyer-liqasında komandaların sayının 12-yə çatdırılması mümkündü. Burda müxtəlif nüanslar var. Onların hamısı nəzərə alınmalıdı. Məsələn, hazırda yaxşı yerli futbolçular baxımından qıtlıq var. Digər tərəfdən, bu gün biz ən az büdcəylə mübarizə aparırıqsa, yəqin ki, başqa kollektivlərin elitaya gəlməsi də mümkündü. Hesab edirəm ki, say artacağı təqdirdə yeni komandaların bölgələri təmsil etməsi daha yaxşı olar”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.