Sizin reklam burada

Üçüncü dövrənin son turu lideri dəyişdi

Title
Milli komandanın oyunlarına görə premyer-liqada yaranan uzunmüddətli fasilə ötən şənbə başa çatdı. 3-cü dövrənin son turunun ilk oyunu Bayıldakı “ASCO Arena”da keçirildi. “Səbail” “Zirə”ni qonaq etdi. Komandaların cəhdlərinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara qol vurulmadı və oyun başladığı kimi də bitdi.
Bazar günü isə premyer-liqada 3 oyun baş tutdu. Həftənin maraqla gözlənilən qarşılaşması Bakıda keçirilən “Neftçi” – “Sumqayıt” görüşü idi. “Böyük tənəffüs”ə lider yollanan, bu arada Keysuke Honda kimi tanınan futbolçunu rənglərinə bağlayan “ağ-qaralar”ın “Sumqayıt” sindromuna son qoyub-qoymayacağı maraq doğururdu. Ancaq “ağ-qaralar” cari mövsümdə artıq ikinci dəfə öz meyanında keçirdiyi matçda “kimyaçılar”a boyun əydi. Ayxan Abbasovun komandası müdafiədə intizamlı oyunla, ələ düşən fürsətlərdən maksimum yararlanmaqla “Neftçi”yə növbəti dəfə ağır zərbə vurdu. Ayxan bəy və yetirmələri, deyəsən, “Neftçi” üzrə ixtisaslaşıblar. Rəqibi düzgün təhlil edən baş məşqçi növbəti dəfə heyət seçimi və taktiki sxemi ilə oyuna möhürünü vurdu. Oyunun qəhrəmanı, heç şübhəsiz, dublla yadda qalan Rəhim Sadıxov oldu. İkinci hissəsində yeni komandasında debüt edən yaponiyalı ulduzun isə hələ ideal fomada olmadığı göründü. Zaman-zaman ustalığını nümayiş etdirən Hondaya yeni kollektivə uyğunlaşmaq üçün vaxt tələb olunur. Ümumilikdə Samir Abasovun komandası matçboyu daha çox hücum etsə də, son nöqtəni qoya bilmədi. Adı Serbiya ilə oyunun iştirak ərizəsinə salanmadığına görə son günlər mətbuatın gündəmini zəbt edən, bombardirlər yarışında ilk pillədə qərarlaşan Namiq Ələsgərov isə “gənclik şəhəri” təmsilçisi ilə görüşdə heç nə ilə yadda qalmadı.
Düşünmək olardı ki, əsas rəqibi xal itirəndən sonra meydana çıxan “Qarabağ” “Keşlə” ilə oyunu birnəfəsə keçirəcək, turnir cədvəlində təkhakimyyətliliyi bərpa etmək üçün Sənan Qurbanovun komandasına heç bir şans verməyəcək. Lakin gözləntilərin əksinə, “köhlən atlar” məğlubiyyətdən son saniyələrdə qurtuldu. Əsas heyətin üç üzvünün – Mahir Emreli, Maksim Medvedev və Qara Qarayevin yoxluğunda Qurban Qurbanovun komandası sönük oyunla yadda qaldı ki, baş məşqçi oyunsonrası mətbuat konfransında itkilərin yerini doldurmağın çətin olduğunu etiraf etdi. Bununla belə, ağdamlılar 1 xalla 4-cü dövrəyə lider yollandı.
Masazırda keçirilən oyun gərgin atmorferdə keçsə də, yalnız bir qola şahidlik etdik. “Sabah” 2021-ci ildə yeni baş məşqçinin rəhbərliyi altında ilk qələbəsini qazandı. Ramin Quliyev taktiki planda “tələbələr”in oyununa yenilik gətirməsə də, komandaya döyüş ruhu aşılamağı bacarıb ki, bunu da futbolçuların sona qədər mübarizə aparmasından hiss etmək mümkündü. Matçda yeganə qolun müəllifi isə son vaxtlar tənqidə məruz qalan Ramil Şeydayev oldu. Onu da qeyd edək ki, “tələbələr”ə 3 xal qazadıran qolun müəllifi sonuncu dəfə ötən il oktyabrın 31-də, elə “Qəbələ” ilə səfər matçında fərqlənmişdi.
Azərbaycan premyer-liqası
3-cü dövrə, 21-ci tur
3 aprel
Səbail – Zirə 0:0
4 aprel
Neftçi – Sumqayıt 0:2
Sabah – Qəbələ 1:0
Keşlə - Qarabağ 1:1
1. Qarabağ 21 12 7 2 47-14 43
2. Neftçi 21 13 3 5 30-21 42
3. Zirə 21 7 10 4 24-21 31
4. Sumqayıt 21 7 8 6 25-24 29
5. Qəbələ 21 5 8 8 18-29 23
6. Səbail 21 4 7 10 19-33 19
7. Sabah 21 5 4 12 20-29 19
8. Keşlə 21 3 9 9 21-33 18
Növbəti turun oyunları: 10 aprel – Sabah - Səbail, Qəbələ - Neftçi; 11 aprel – Zirə – Keşlə, Qarabağ – Sumqayıt.
Bombardirlər: Namiq Ələsgərov (Neftçi) – 14, Mahir Emreli (Qarabağ) – 13, Filip Ozobiç (Qarabağ) – 10.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.