Sizin reklam burada

Rövşən Hüseynli legioner həyatı yaşamaq istəyir

Title
“Son iki ildə Fransa, Rusiya və Çexiya klubları xidmətimdə maraqlı olub”
Aprelin 3-də futzal yığmamızın qapıçı Rövşən Hüseynlinin doğum günü idi. 30 yaşını qeyd edən qolkiper federasiyanın rəsmi saytına müsahibə verib ki, onun fikirlərini müəyyən ixtisarla diqqətinizə çatdırırıq.
* Təbrikə və diqqətdə saxladığınıza görə təşəkkür edirəm. Əlbəttə, yaş üstə yaş gəldikcə insanın həyata baxışı dəyişir, hadisələrə yanaşması fərqli olur. Əvvəllər çılğın idimsə, son vaxtlar hiss edirəm ki, xeyli sakitləşmişəm. İndi daha təmkinli, səbirliyəm. Fiziki forma baxımından heç bir dəyişiklik yoxdu. Bizdə, adətən, idmançının təcrübəli olub-olmadığına dair fikri onun yaşına uyğun səsləndirirlər. Ancaq təcrübənin yaşı olmur. İdmançıların çıxışına uyğun sübutlar da var. Düzdü, yetərincə təcrübə toplamaq üçün çox oyun keçirməlisən, amma bu yeganə səbəb deyil. Bura idmançının öz yanaşması, ciddiyyəti, məsuliyyəti də daxildi. Bəzən yaşı az olmasına baxmayaraq, elə idmançı ilə üz-üzə gəlirsən ki, yaşlı həmkarından daha inamlı, təcrübəli görünür.
* Nə gizlədim, doğum günümü qeyd etmək “yaralı” yerimdi. Neçənci dəfədi istədiyim kimi qeyd edə bilmirəm. Əksər hallarda da komanda ilə birgə qeyd etmişəm. Məncə, komanda ilə bu qədər kifayətdi. Ailəmlə keçirməyin qiyməti tam fərqlidi. Ona görə də bu dəfə onlarla keçirəcəm. Axşam isə komanda yoldaşlarımla bir çay süfrəsi arxasında toplaşa bilərik. Hər ad günümün öz xatirəsi, yaddaqalan anları var. Açığı, hər dəfə ad günümə bir neçə gün qalmış özüm üçün hesab-kitab edirəm ki, görüm qeyd edə biləcəm? (gülür) Üç il əvvəlki ad günüm daha çox yaddaqalandı. Onda geniş ailə məclisi qurmuşduq. Hazırda toplanışdayıq, ona görə də xəbərim yoxdu. Etiraf edim ki, hədiyyə qəbul etməkdən çox, verməyi xoşlayıram. Alınan hədiyyələri xüsusi fərqləndirmirəm. Əsas diqqətdi, ona görə də təşəkkürümü bildirirəm.
* Əvvəllər İspaniya, Qazaxıstan, Latviya kimi ölkələrin klublarından təkliflər almışdım. Sadəcə, oyun təcrübəm az olduğuna görə risk etmədim. Son iki ildə isə Fransa, Rusiya və Çexiya klubları xidmətimdə maraqlı olduqlarını bildiriblər. Amma müəyyən gözlənilməz problemlər keçidə əngəl yaratdı. Ötən il isə Rusiya klublarının biri ilə şifahi razılıq əldə etmişdik, ancaq pandemiya üzündən alınmadı. Ola bilsin, yaxın vaxtlarda belə bir keçid baş tutsun. Sadəcə, indidən ad çəkmək istəmirəm.
* Qızımın dünyaya gəlməsi karantin vaxtı ilə üst-üstə düşdü. Onda evdə daha çox olurdum və demək olar, vaxtımı qızımla keçirirdim. Son 3 ayda toplanışlar və oyunlar olduğuna görə boş vaxtım az olur, yenə də çalışıram ki, ona diqqət göstərim. Bəzən deyirlər, kişinin oğlu olar. Amma bu fikir kökündən yanlışdı. Kişilik övladının qız və ya oğlan olması ilə yox, ona necə atalıq etməklə ölçülür.
* Gün ərzində başverənlərlə tanış olmağın ən rahat yolu sosial şəbəkələri izləməkdi. Burda 5-10 dəqiqə vaxt sərf etməklə kifayət qədər informasiya toplayırsan. Həm də bir idmançı kimi haqqımda məlumat paylaşır, eləcə də bilmək istədikləri məsələlərə aydınlıq gətirirəm. Bu gün həyatımızı bunsuz təsəvvür etmək mümkün deyil. Diqqətimi cəlb edən şərhlər çox olub. Xüsusilə də qələbə qazandığımız oyunlardan sonra yazılanlar ürəyimcədi. Ən maraqlısı isə 2016-cı ildə yazılmışdı. Həmin vaxt dünya çempionatı Kolumbiyada keçirilirdi. Qalib gəldiyimiz oyundan sonra azarkeşlər şəkillə kollaj düzəltmişdilər və belə yazmışdılar: “Eskobar Medelyini Rövşənə tapşırıb”.
* Sevgi mesaji göndərilsə belə, hörmətlə, anlayışla qarşılamışam. Mənim öz düşüncəm, ailəm və həyat yolum var.
* Məşqlərə martın 23-də start versək də, toplanış 2 gündü başlayıb. Gündən-günə yaxşılığa doğru gedirik. Səbəbi isə artıq neçə vaxtdı komanda şəklində zalda məşq etməyimizdi. Artıq baş məşqçi verdiyi tapşırığın qarşılığını ala bilir. Əvvəla, qazanılan uğur münasibəti ilə hamını təbrik edirəm. Final mərhələsinə vəsiqəni təmin etsək də, qrupu lider başa vurmaq üçün mübarizə aparacağıq. Həm də hər qələbə bizə reytinq xalları qazandıracaq. Üstəlik, oyunumuzu inkişaf etdirmək üçün bu cür görüşlərdən maksimum istifadə etməliyik. İşimizə peşəkar yanaşırıq, deməli, qələbə seriyasını da davam etdirməliyik. Arxada qalan 4 oyundan Slovakiya ilə Bakıdakı görüş çox çətin keçdi. Onun da səbəbi çox idi. Əvvəla, uzun müddət idi parketdə məşq etmirdik. Üstəlik, komanda şəklində hazırlıq keçmirdik. Eyni zamanda oyun təcrübəmiz yox idi. Həmin qarşılaşmada rəqib hesabda önə keçsəydi, bizim üçün çox çətin olacaqdı. Nisbətən yüngül keçən matç isə Afinada Yunanıstanla oldu. Hesabı erkən açdıq və sona qədər üstünlüyümüzü saxladıq. Slovakiya ilə Bakıdan kənarda keçirdiyimiz son iki oyunda heç-heçə qeydə alınıb (1:1 və 3:3). Əslində bu bir siqnal olmalıdı. Düzdü, heyətimizdə itkilər olacaq. Ancaq baş məşqçi 3 eyni səviyyəli “dördlük” formalaşdırıb. Qalır rəqibi bu dəfə doğma meydanında məğlub etmək. Səfərə də bu məqsədlə yollanacağıq və uğursuz statistikanı dayandırmağa çalışacağıq.
* Hansı hücumçunun zərbəsini dəf etmək çətindi? İndi heç kimdən çəkinmirəm. Çünki 4 aya yaxındı fərdi məşqlər edirəm, üzərimdə çalışıram və özümü tam hazır hiss edirəm. Bu səhv etməyəcəyim və qol buraxmayacağım anlamına gəlmir. Komanda yoldaşlarımdan İsa Atayevlə Ramiz Çovdarovun zərbələrini fərqləndirərdim.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.