Sizin reklam burada

Alekseyə sevgi xalqdan üstündü?

Title
Yığmamız son 7 gün ərzində üç dəfə meydanı məyus tərk etdi. Canni de Byazinin komandası uyğun ardıcıllıqla Portuqaliya, Qətər və Serbiya millilərinə boyun əydi. Oyunlar barədə uzun-uzadı yazmaq istəmirəm. Nəticədən də göründüyü kimi, hər şey öz axarıyla gedir - çevir tatı, vur tatı. Dəyişən heç nə yoxdu, millimiz ölkə vətəndaşlarını, azarkeşləri üzməkdə davam edir.
Portuqaliya ilə matçdan sonra xalq olaraq bir məsələyə daha çox üzüldük (xalq sözü bütün cəmiyyəti ifadə etsə də, bir ölkənin vətəndaşlarının yarıdan çoxunu da xalq adlandıra bilərik). Bu, komandanın məğlubiyyətinə görə deyildi. Onsuz da alışdığımız şeylərə üzülməkdən çoxdan imtina etmişik.
Gələk əsas məsələyə. Yığmada Aleksey İsayev adlı futbolçu debüt etdi. Əslində onun ilk oyun həyəcanı çoxdan baş tutmalı idi. Amma bir ara yaşanan söz-söhbətlər İsayevi yığmadan uzaq salmışdı. İndi hər şey düzəlib. "Sabah"ın pleymeykeri son vaxtlar göstərdiyi performansa görə uzun aradan sonra De Byazi tərəfindən yığmaya dəvət olundu. Yarımmüdafiəçi ilk dəqiqələrdən meydanda olmasa da, fasilədən sonra Azərbaycan forması ilə debüt həyəcanı yaşadı. Meydanda yaxşı-pis nəsə etməyə çalışdı. Amma oyundan sonrakı hərəkətini yaxşı adlandırmaq olmaz. Ən azı kosmopolit biri deyilsənsə, vətənpərvər, şəhidinə dəyər verən şəxssənsə, bunu yaxşı adlandıra bilməzsən.
İsayev "instaqram"da onu Azərbaycan millisində debüt etdiyinə görə təbrik edən erməni Erik Avetyana “qardaşım”, - deyə müraciət etməklə təşəkkürünü bildirdi. İnsanda istedaddan əlavə ağıl da lazımdı. Erməniyə “qardaşım” deyirsən, öz işindi. Bəs bunu hamı üçün paylaşıb, niyə insanların heysiyyatı ilə oynayırsan? Axı bu vətən təzəlikcə müharibədən çıxıb. Axı bu xalqın 3 min ürəyi, əzizi, doğması bu ölkə üçün canından keçib. Axı bizim əsl qardaşlarımızı sənin "qardaş"ın kimilər öldürüblər, ay Azərbaycan millisində çıxış edib, Azərbaycanla əlaqəsi olmayan, olsa da, qəlbində Azərbaycan sevgisi olmayan İsayev! Bu məsələ ictimaiyyət arasında ciddi qınaq doğurduğundan İsayev də postu tez-tələsik sildi. Amma sosial şəbəkələrdə çaxnaşma davam edirdi. Kimi söyür, kimi öz gözəl arzularını dilə gətirirdi. Bərbad oyun sərgiləməyimiz qıraqda qalmışdı, hamı İsayevdən danışırdı. Camaat gözləyirdi ki, AFFA futbolçunu cəzalandıracaq, ən azı üzr videosu yayacaq, amma sən saydığını say, gör fələk nələrlə məşğuldu. Qətərlə yoldaşlıq xarakterli görüşdə İsayev ilk "11-lik"də yer almışdı. Bu qərar hamının əsəblərini tarıma çəkdi. Lakin nə edəsən?
Gözlədik ki, Bakıya qayıtsınlar və normal açıqlama verilsin ki, İsayev qovulacaq, ya yox? Serbiya ilə oyundan sonra isə biabırçılığın zirvəsi yaşandı. Məsələ ilə bağlı sual ünvanlandı və De Byazinin şərhi belə oldu: "Özü də başa düşdü ki, çox böyük səhv edib. Həmin dəqiqə də paylaşımı sildi. Onu öldürməyə dəyməz, cavandı. Səhvini başa düşüb".
Yəni kim nə deyir-desin, xeyri yoxdu. İsayev yığmaya çağrılacaq. İndi ümid qalır AFFA-ya! Görək qurum erməniyə qardaşım dediyinə görə İsayevi cəzalandıracaqmı? Ola bilər ki, De Byazi italyandı, Avropa təfəkkürü ilə yaşayır. Bəs AFFA-dakılar?
Srağagün İrəvandakı stadionda “Artsax” adlı xəyali respublikanın əski parçası qaldırılmışdı. Sosial şəbəkələrdə insanlar dəliyə dönmüşdü. Məsələ ilə bağlı federasiyanın rəsmi “feysbuk” səhifəsi belə bir post paylaşdı: "2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq".
Çox gözəl, çox pakizə. Bu, sizin vəzifə borcunuzdu. Hiss olunur ki, xalqın mənafeyini düşünürsüz. Bəs minlərlə insanın etirazına səbəb olan Aleksey İsayevin cəzalanması üçün biz kimə müraciət edək, hörmətli AFFA-da çalışanlar? İsayevin etdiyi ilə o əski parçasının asılması arasında hansısa fərqin olduğunu izah edə bilərsiz? Bu məsələdə də qətiyyət göstərin. Son vaxtlar millinin oyununda ruh hiss olunmur. Heç olmasa, bu məsələni yoluna qoyun, qoy ruhdan düşən həmvətənlərimiz azca təsəlli tapsın...
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.